Qızını ərə verərkən onun fikrini öyrənərək razılığını almaq lazımdırmı?!
Bəzən insan özünü ən üstün, ən yaxşı və ən ağıllı hesab edir. Heç kimə haqq və qiymət vermək istəmir. Hamını alçaq və rəzil, özünü isə üstün tutur. Özünü mütləq ixtiyar sahibi bilib hamının yerinə fikirləşir, qərar verir və danışır. Bacardığı qədər başqalarını öz iradə, qərar və istəklərinə tabe və əməl etdirməyə çalışır və s...
Bu sadaladığımız rəzil, qeyri-insani sifətlərin hamısı təkəbbürlü, lovğa və özünü bəyənən insanlarda toplanmışdır ki, beləsi insanlar arasında ən mənfur simadır.[1] Belə insan cəhənnəmin ən pis yerində, özünə ən pis məqam almışdır.[2]
Allahın Rəsulundan (s) soruşdular ki, təkəbbürlü kimdir? Həzrət (s) buyurdu: «O kəsdir ki, haqqa qarşı səfehlik, nadanlıq edə və başqalarını aciz və kiçik saya.»[3]
Sizə bir atanı misal gətirmək istəyirəm. Təəssüflər olsun ki, o, pis, qaranlıq, nifrətəlayiq, murdar iy verən sifətə düçar olmuş və acı, zəhərli dili ilə öz doğmalarına belə rəhm etməmişdir.
* «...Yazdıqlarım üçün sizdən üzr istəyirəm... Mən «dindar», varlı və sərvətli bir ailədə yaşayıram. Atamın hər gününün məsciddə keçməsinə baxmayaraq, dindən düzgün bir anlayışı və dərki yoxdur. Həmişə öz var-dövlətilə fəxr edən quldur, zülmkar və zorakı bir adamdır. Hamını kütbeyin, nadan hesab edir və istəyir ki, həmişə özü deyən olsun. Özünü hamıdan ağıllı, təcrübəli və hər şeyə sahib bilir... Mən, bacı-qardaşlarım və anam onun əlindən nələr çəkdiyimizi ancaq bir olan Allah bilir. Amma mənim demək istədiyim budur ki,...»
? Mütləq hakimiyyət Allah-Taalaya məxsusdur və insanların bunu etməsi, hegemonluq, zülmkarlıq və təkəbbürlülük əlamətidir. Hər kəs yalnız öz dediklərini doğru bilib və başqalarının sözlərinə etina etməsə, həlak olacaq və doğru yoldan azıb uçuruma düşəcəkdir.[4]
Ata belə fikirləşməməlidir ki, ata olduğu üçün övladları onun icazəsi olmadan nəfəs belə çəkməməli və hər şeydə – səhv, ya doğru – onun fikir və rəyinə təslim olmalıdırlar.
Doğrudur ki, qız ərə getmək istəyərkən atanın razılığını almalıdır, amma bu, o demək deyildir ki, ata qızının razılıq və məsləhətini nəzərə almadan öz dediyini zorla qızına qəbul etdirsin.
Ata bilməlidir ki, qızına məsləhət və doğru yol göstərmək haqqı vardır, amma onu məcbur etməyə heç bir səlahiyyəti yoxdur. Əgər ata qızını zorla və məcbur kiməsə ərə verərsə, qızın razılığı olmadığı halda, bu nikah İslam dinində batil sayılır və həmin qız dini baxımdan ərinin qanuni arvadı sayılmır.
* «...Mənim elçiliyimə gələnlərin çox olmasına baxmayaraq, atam israr və zorla məndən tələb edir ki, qohumlardan biri ilə ailə qurum. Amma mən onunla yaşaya bilmərəm, çünki onun pis əxlaqlı olduğunu bilirəm... Çünki mən belə fikirləşirəm ki, mənim də ictimai, xeyir işlərdə müsbət rolum olmalıdır. Buna görə də, elə bir şəxslə evlənmək istəyirəm ki, mənimlə həmfikir, həmrəy olsun və onunla birlikdə öz arzularıma qovuşa bilim.
Atam bütün elçilərə yox cavabı verir və deyir ki, yalnız onunla evlənməlisən. O, bəhanə gətirir ki, onların ailəsi və xüsusiyyətləri bizimlə uyğun deyildir. Deyir ki, sən anlamırsan, istəyirsən yeməyə çörəyi olmayan birisilə ailə həyatı qurasan...».
?... Kəramət və şəxsiyyət – atanızın əqidəsinə əks olaraq – iman, təqva və əxlaqla ölçülür. Tayfa, qohum və mal-dövləti şəxsiyyət və üstünlük bilənlər, düşüncə tərzinə görə cahiliyyət dövrünün ərəbləri kimidirlər. Allahın Rəsulu (s) cahiliyyət dövrünün çürük əqidələrini kökündən, praktik olaraq məhv etmək üçün Cuybəri – sadə, kasıb insan idi – böyük tayfalardan olan kübar bir qızın elçiliyinə göndərdi və həmçinin öz əmisi qızını Miqdadla evləndirdi.[5] Bununla hamıya bildirmək istəyirdi ki, şərafət və fəzilət İslam, iman və təqvadadır.[6]
O həzrət camaatın sual dolu baxışlarını gördükdə buyurdu:
أَنْكَحْتُ زَيْدَ بْنَ حَارِثَةَ زَيْنَبَ بِنْتَ جَحْشٍ وَ أَنْكَحْتُ الْمِقْدَادَ ضُبَاعَةَ بِنْتَ الزُّبَيْرِ بْنِ عَبْدِ الْمُطَّلِبِ لِيَعْلَمُوا أَنَّ أَشْرَفَ الشَّرَفِ الْإِسْلَام؛
”Harisənin oğlu Zeyd ilə Cəhşin qızı Zeynəbi və Miqdad ilə Zübeyrin qızı Zübaəni evləndirdim ki, İslamdan böyük bir şərəf olmadığını bilsinlər!»[7]
Ey kaş, sizin atanız da Peyğəmbərimizin (s) yolunu davam etdirib imanlı, gözələxlaqlı bir gənci öz kürəkənliyinə qəbul edəydi! Öz ağıllı və dərrakəli qızının hisslərinə hörmətlə yanaşıb ona təklikdən, iztirabdan nicat verib və Allahın Rəsulunun (s) bu sözünə əməl etmiş olaydı ki, buyurur: «Din, əxlaq və əmanətdarlığını bəyəndiyiniz bir gənc sizin qızınızın elçiliyinə gəldiyi zaman onu qəbul edin və qızınızı ona verin. Onun kasıblığı sizi bu xeyir işdən saxlamasın ki, Allah-Taala Öz lütf və mərhəmətini evlənənlərə vəd etmişdir.»[8]
Atalara sözüm budur ki, övladlarını evləndirmək istəyərkən ev, qızıl, maşın, cehiz və bu kimi əşyaları önə çəkib gənclərin xoşbəxtliyini və şirin arzularını ürəklərində qoymasınlar. Peyğəmbərimizin (s) gözəl sünnəsinə əməl edib gənclərin xoşbəxtliyinə şərait yaratsınlar.
Bütün ağsaqqal və ağbirçəklərdən istəyirəm ki, qohum-əqrabaya belə məsələlərdə kömək etsinlər və onlara doğru yol göstərsinlər ki, İslam dini başqalarının köməyinə çatmağı və müsəlmanların işindəki çətinlikləri aradan qaldırmağı, dini və insani bir vəzifə hesab edir («Əxlaq dər xanevade», Seyid Əliəkbər Hüseyni, səh.50.)
Tərcümə etdi: Mirməhəmməd Bəşir (Maide.az)
[1] «Biharul-ənvar», Əllamə Məclisi, c.73 (bölmə 30 – babul-kibr).
[2] «Zümər» surəsi, ayə 59-60-72; «Ğafir» surəsi, ayə 60-76.
[3] «Əl-kafi», Şeyx Kuleyni, 2/310, babul-kibr, hədis 9.
[4] Yenə orada; «Səvabul-ə`mal», Seyx Səduq, səh.221.
[5]- «Əl-kafi», Şeyx Kuleyni, 5/344, hədis 1-2.
[6] «Hücurat» sirəsi, ayə 13.
[7] «Əl-kafi», Şeyx Kuleyni, 5/339-353, kitabun-nikah, bölmə: Ənnəl-mominə kufvul mominəti-babun axər, hədis 1; Şeyx Tusi, Təhzibul-əhkam, 7/3395, bölmə 33, hədis 6; Təbərsi, Məkarimul-əxlaq, səh.207; Məhəmməd bin Nöman Təmimi, Dəaimul-İslam,2/199, hədis 728-731.
[8] «Əl-kafi», Şeyx Kuleyni, 5/3347, kitabun-nikah, babun-axər, hədis 1-3; «Biharul-ənvar», Əllamə Məclisi, 103/372.