İNSANIN XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİ NECƏ İZAH OLUNUR?


Şiə və əhli-sünnə firqələri arasında ixtilafa səbəb olan məsələlərdən biri də “cəbr və ixtiyar” məsələsidir. Əhli-sünnə, Əhli-beyt yolundan ayrıldığından, bu problemi həll edə bilməmiş və nəticədə, bəzi əhli-sünnə firqələri (əşərilər və cəbrilər) “cəbr” etiqadını, bəziləri isə (mötəzilə firqəsi) “ixtiyar” etiqadını qəbul etmişlər.

Bu fərqli etiqadın yaranmasının iki əsas səbəbi var:

1. Bəzi ayə və hədislərin düzgün dərk edilməməsi;

2. Bəzi hakimlərin zülm və haqsızlıqlarına haqq donu geyindirmək məqsədi ilə belə əqidələrin insanların beyninə yeritməsi. Buna misal olaraq, Müaviyə camaata zülm edir və onlara zülmə tabe olmağa məcbur olduqlarını bildilirdi.

Şiə məzhəbi isə bu məsələni İmam Əlinin (ə) kəlamından istifadə edərək asanlıqla həll etdi. Həzrət buyurur: “Nə cəbr, nə də itxiyar, bu ikisinin ortası.” Hədisə əsasən, insan nə tam məcburdur, nə tam ixtiyar sahibidir. O, Allahın qüdrətindən asılı olan ixtiyarın sahibidir.

Amma bütün bunlara rəğmən, həzrət Peyğəmbərdən (s) “Bədbəxt insan elə ana bətnində bədbəxt, xoşbəxt insan da elə ana bətnində xoşbəxt olur.” – kimi bəzi hədislər də nəql olunmuşdur. Bu hədislər bəzi insanları şübhəyə salmış və insanın məcbur varlıq olması kimi düşündürməyə vadar etmişdir.

HƏDİSİN İZAHI

Hədisi qəbul etməyin iki mühüm yolu var: hədisin sənədi və mətninin düzgünlüyü.

Qeyd olunan hədis sənəd və mətn baxımından iradsızdır və İslam alimləri hədisə müxtəlif izahlar vermişlər ki, biz burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:

1. Əllamə Təbərsi: Hədisdə məqsəd insanın gələcəyindən xəbər verməkdir. Yəni insan günahın təsirindən bədbəxt olacaq və bu günahlar onu cəhənnəmə sürükləyəcək. Necə ki, yaşlı atası olan şəxsə belə deyirlər: “O yetimdir!” Yəni tezliklə yetim olacaq.

2. Ayətullah Yəqub Cəfəri: Bu hədisin müqabilində başqa hədislər də vardır ki, onların köməyi ilə irəli sürülən irad aradan qalxır. İbn Əbu Umeyr deyir: ki, İmam Kazimdən (ə) Peyğəmbərdən (s) nəql olunan “Bədbəxt insan elə ana bətnində bədbəxt, xoşbəxt insan da elə ana bətnində xoşbəxt olur.” – hədisinin mənasını soruşdum. İmam (ə) buyurdu: “Bədbəxt o kəsdir ki, anasının bətnində ikən Allah-Taala bilir ki, həmin şəxs gələcəkdə bədbəxtlərin gördüyü işləri yerinə yetirəcək və xoşbəxt də o şəxsdir ki, anasının bətnində ikən Allah-Taala bilir ki, o, gələcəkdə xoşbəxtlərin gördüyü işləri görəcək.”

Bu hədisə əsasən, Peyğəmbərin (s) məqsədi budur ki, Allah-Taala insanın ilk yarandığı gündən bilir ki, o, gələcəkdə öz istəyi və ixtiyarı ilə hansı yolu seçəcək: iman yolunu, yoxsa azğınlıq yolunu?

3. Ayətullah Misbah Yəzdi:

Hədisin mənası iki sadə cavabla belə izah edilir:

a) Bu məsələ şəraitlə əlaqələndirilir, amma tam səbəb hesab etmək olmaz. Buna saleh və zinakar ata-anadan dünyaya gələn uşaqları misal göstərmək olar. Əgər uşaq saleh valideyndən dünyaya gələrsə, gələcəkdə xoşbəxt olacaq. Əgər zinakardan dünyay gələrsə, bəxbəxt olacaq. Bu halların heç birində məcburiyyət yoxdur.

b) Allah-Taala öncədən bilir ki, kim öz istəyi ilə yaxşı və ya pis yolu seçəcək.

4. Əllamə Təbatəbai:

Əgər insanın nütfəsi pak olarsa, sağlam rəhimdə bəslənərsə, dünyaya gəldikdən sonra pak maddələrlə qidalanıb sağlam mühitdə boya-başa çatarsa, onda insanlıq yolunu qət etmək üçün daha çox istedad yaranacaq. Əgər buna əksinə olaraq, nütfəsi aludə və napak rəhimdə bəslənərsə, sağlam yeməklərlə qidalanmazsa və çirkin mühitdə boya-başa çatarsa, onda bu istedaddan uzaq qalacaq. Əlbəttə, qeyd olunanları tam səbəb hesab etmək olmaz.

NƏTİCƏ

Alimlərin verdiyi izahlardan iki nəzər ələ gəlir:

1. Hədis insanın əməllərində məcbur olmasını aşılamır. Onun mənası budur ki, Allah-Taala insanın nütfəsinin bağlandığı gün bilir ki, o, öz istəyi ilə gələcəkdə xoşbəxt olacaq, ya bədbəxt. Bu ümumi baxışdır və Allah-Taalanın elminin bütün məsələlərə şamilliyini nəzərə alaraq, onu hər bir məsələyə tətbiq etmək mümkündür. Buna görə də, bu cavabı təkcə uyğun məsələyə aid etmək olmaz.

2. Bəzi alimlər verilən hədisi belə izah edirlər:

İnsanın xoşbəxt və bədbətlik amillərindən biri onun valideynləridir. Əgər valideynlər nütfə bağlanan gündən uşaq dünyaya gələnə qədər bəzi günahlara qurşanarlarsa, bu, övladın gələcəkdə bədbəxt və ya xoşbəxt olmasına təsir göstərəcək. Bu izah məsumların kəlamlarında da öz əksini tapmışdır. Buna rəğmən, qeyd etmək lazımdır ki, uyğun təsiri heç zaman tam səbəb hesab etmək olmaz.

Ramil Əzimov (Maide.az)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter