ZİYARƏT ZAMANI HƏRƏMİN QAPI DİVARINI ÖPÜB VƏ TƏBƏRRÜK ETMƏK OLARMI?


Cavab: İlahi övliyaların əsərlərinə təbərrük etmək müsəlmanların arasında yaranmış təzə bir məsələ deyildir və bu əməlin Peyğəmbəri Əkrəm (s)-in və səhabələrin həyatı dövrünə gedib çatan dərin kökləri vardır. Təkcə Peyğəmbər (s) və onun köməkçiləri deyil, hətta əvvəlki peyğəmbərlər də bu məsələyə diqqət yetirmişlər. İndi Allah övliyalarının əsərlərinə təbərrük etməyin şəri cəhətdən qanuni bir iş olmasını kitab və sünnə nəzərindən qeyd edirik:
1-Quranda buyurulur: Yusif (ə) özünü qardaşlarına təqdim edərək onları bağışladığı zaman buyurdu:
اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَاَلْقُوهُ عَلَي وَجْهِ اَبِي يَاْتِ بَصِيرًا وَاْتُونِي بِاَهْلِكُمْ اَجْمَعِينَ
“Mənim bu köynəyimi özünüzlə aparın və atamın (Yəqubun) üzünə atın ki, gözləri sağalsın.” (“Yusif” surəsi, ayə:93)
Sonra buyurulur:
فَلَمَّا اَنْ جَاءَ الْبَشِيرُ اَلْقَاهُ عَلَي وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا
“Müjdə verən köynəyi onun (Yəqubun) üzünə atanda gözləri açıldı.” ()
Quranın bu bəyanı bir ilahi peyğəmbərin (Yəqubun) digər bir peyğəmbərin (həzrəti Yusifin) köynəyinə təbərrük etməsinə aşkar bir dəlildir, hətta göstərir ki, qeyd olunan köynək həzrəti Yəqubun gözlərinin sağalmasına belə, səbəb olmuşdu. Məgər iddia etmək olarmı ki, bu iki əziz peyğəmbərin əməlləri tovhid və yeganəpərəstlik çərçivələrindən xaricdir?!
2-Peyğəmbəri Əkrəm (s) Allah evini təvaf edərkən Həcərul-əsvədə istilam edir (bədənini ona sürtür), yaxud öpürdü. Buxari özünün “Səhih” kitabında yazır: Bir nəfər Əbdüllah ibni Ömərdən Həcərul-əsvədə istilam etmək barəsində soruşduqda o dedi:
رَاَيْتُ رَسُولَ للّهِ ¸ يَسْتَلِمُهُ وَ يُقَبِّلُهُ
“Peyğəmbər (s)-in Həcərul-əsvədə istilam edib onu öpdüyü gördüm.” (“Səhihi Buxari”, 2-cüz, Həcc kitabı, təqbilul həcər babı, səh.151-152, Misir çapı)
Halbuki əgər bir daşa əl sürtmək və öpmək Allaha şərik qoşmaq olsaydı tovhid carçısı olan Peyğəmbər (s) heç vaxt belə bir iş görməzdi.
3-”Sihah” və “Müsnəd”lərdə, tarix və sünən kitablarında Peyğəmbər (s) səhabələrinin o həzrətin əsərlərinə, o cümlədən paltarına, dəstəmazının suyuna, su qabına və s. kimi şeylərinə təbərrük etməsi barəsinə çoxlu rəvayətlər mövcuddur. Onlara müraciət etməklə bu işin qanuni və şəri məsələ olmasında azacıq belə şəkk-şübhəyə yer qalmır. Bu barədə mövcud olan rəvayətlərin sadalanması bu kitaba sığmaz, lakin nümunə olaraq onlardan bir neçəsini qeyd edirik:
a) Buxari “Səhih” kitabında Peyğəmbəri Əkrəm (s) və o həzrətin dostlarının xüsusiyyətlərini şərh edən uzun bir rəvayət əsnasında belə deyir:
اِذَا تَوَضَّاَ كَادُوا يَقْتَتِلُونَ عَلَي وُضُوئِهِ
“Peyğəmbər (s) dəstəmaz alanda az qalırdı ki, müsəlmanlar (o həzrətin dəstəmaz suyunu təbərrük etmək üçün) bir-birilə vuruşalar.” (“Səhihi Buxari”, 3-cü cild, ma yəcuzu minəşşuruti fil-islam babı, əşşurutu fil-cihad vəl-musalihə babı, səh.195)
b) İbni Həcər deyir:
اِنَّ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم كَانَ يُْؤتَي بِالصِّبْيَانِ فَيُبْرِكُ عَلَيْهِمْ
“Uşaqları Peyğəmbər (s)-in yanına gətirirdilər və o həzrət təbərrük olaraq onlara dua edirdi.” (“Əl-isabə”, 1-ci cild, kitabın xütbəsi, səh.7, Misir çapı)
v) Məhəmməd Tahir Məkki deyir:
كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم اِذَا صَلَّي الْغَدَاةَ جَاءَ خُدَّمُ الْمَدِينَةِ بِآنِيَتِهِمْ فِيهَا الْمَاءُ فَمَا يُؤْتِي بِاِنَاءٍ اِلاّ غَمَسَ يَدَهُ فِيهَا فَرُبَّمَا جَاؤُوهُ فِي الْغَدَاةِ الْبَارِدَةِ فَيَغْمِسُ يَدَهُ فِيهَا
“Ümmü Sabitin belə dediyi rəvayət olunmuşdur: Peyğəmbər (s) mənim yanıma gəldi, dirəkdən asılmış məşkin (tuluğun) ağzından su içdi, mən də qalxıb məşkin ağzını kəsdim.” Sonra əlavə edərək deyir:) Bu hədisi Tirmizi rəvayət edərək demişdir: Hədis səhih və həsəndir. Bu hədisin şərhçisi “Riyazus-salihin” kitabında deyir: Ümmü Sabit məşkin ağzını kəsmişdi ki, Peyğəmbər (s)-in mübarək ağzı dəyən yerini saxlasın və ona təbərrük etsin. Həmçinin səhabələr çalışırdılar ki, Peyğəmbəri Əkrəm (s)-in su içdiyi yerlərdən su içsinlər.” (“Təbərrüküs-səhabə” (Məhəmməd Tahir Məkki), birinci fəsil, səh.29)
كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم اِذَا صَلَّي الْغَدَاةَ جَاءَ خُدَّمُ الْمَدِينَةِ بِآنِيَتِهِمْ فِيهَا الْمَاءُ فَمَا يُؤْتِي بِاِنَاءٍ اِلاّ غَمَسَ يَدَهُ فِيهَا فَرُبَّمَا جَاؤُوهُ فِي الْغَدَاةِ الْبَارِدَةِ فَيَغْمِسُ يَدَهُ فِيهَا
“Mədinənin xidmətçiləri sübh namazı zamanı su qabları ilə Peyğəmbər (s)-in yanına gedirdilər, Peyğəmbər (s) mübarək əlini o qabların hər birinin suyuna batırırdı. Çox hallarda soyuq sübh çağları o həzrətin hüzuruna çatırdılar, yenə də Peyğəmbər (s) təbərrük üçün əlini o qablara salırdı.” (“Səhihi Müslim”, 7-ci cüz, Kitabul-fəzail, Qurbun-Nəbi babı, səh.79.)
Bununla da Allah övliyalarına və onların əsərlərinə təbərrük etməyin caizliyini göstərən dəlillərin möhkəmliyi və şiələri bu əmələ görə şirk və Allahdan qeyrisinə pərəstişlə müttəhim edənlərin tovhidin və şirkin mənasını düzgün şəkildə təhlil edə bilməmələri aydın olur. Çünki şirk və Allahdan başqasına pərəstişin mənası budur ki, Allaha pərəstişlə yanaşı digər bir varlığı da Allah hesab edərək ona pərəstiş edək, yaxud Allahın işlərini ona aid edərək onu varlığın əslində və yaxud təsir qoymada müstəqil və Allahdan ehtiyacsız qələmə verək. Halbuki şiələr Allah övliyalarının əsərlərini, onların özləri kimi, Allahın məxluqu və yaratdığı bilir, belə ki, həm vücuda gəlməyin özündə, həm də təsir qoymaqda yeganə Allaha ehtiyaclıdırlar.
Şiələr yalnız öz rəhbərlərinin və dində irəlidə olanların ehtiramını saxlamaq, onlara riyasız məhəbbət bəslədiklərini göstərmək üçün onların əsərlərinə təbərrük edirlər. Şiələr Peyğəmbəri Əkrəm (s) və onun Əhli-beytini ziyarət edərkən zərihi öpür, sonra onun qapısına əl sürtürlər. Səbəbi də yalnız budur ki, Peyğəmbər (s)-ə, onun pak itrətinə eşq-məhəbbət bəslədiklərini göstərsinlər. Bu da bir insani duyğulardan qaynaqlanan bir məsələdir ki, aşiq olan insanlarda təcəlli edir. Gözəl bəyanlı şair deyir:
اَمُرَّ عَلَي الدِّيَارِ دِيَارَ سَلْمَي اُقَبِّلُ ذَا الْجِدَارَ وَ ذَا الْجِدَارا
وَ مَا حُبُّ الدِّيَارِ شَغَفْنَ قَلْبِي وَ لكِنْ حُبُّ مَنْ سَكَنَ الدِّيَارَا
“Səlma”nın diyarından keçirəm, Bu divarı, o divarı öpürəm
O diyarı sevmək mənim qəlbimi şad etmir, Lakin onda sakin olan şəxsin məhəbbəti məni vəcdə gətirmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter