Əhli-Beyt (ə) davamçıları mütləq behiştdə olacaq hədisi nə məna daşıyır?
İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, heç bir Əhli-Beyt (ə) davamçısı cəhənnəmə daxil olmayacaqdır. Bu hədis səhihdirmi?
İmam Sadiqdən (ə) nəql olunan belə bir hədis vardır ki, hədisi yazan İmama (ə) belə bir sual verir: “Eşitmişəm ki, buyurursunuz ki, bütün Əhli-Beyt (ə) davamçıları, baxmayaraq ki, (günahkardırlar) behiştdə yerləri vardır”.
Buyurdu: “Bəli, düz demişəm. Allaha and olsun ki, onların hamısının behiştdə yeri vardır”. Dedim: “Qurbanın olum, günahları çox və böyük olsa belə?”.
Buyurdu: “Qiyamət günü sizlərin hamısı, istəyi yerinə yetirilən Peyğəmbərin (s) və onun canişinlərinin (ə) şəfaəti ilə behiştdə olacaqsınız. Ancaq Allaha and olsun ki, mən sizə görə bərzəxdə qorxuram”.
Soruşdum ki, bərzəx nədir? Buyurdu: “Öləndən Qiyamətə qədər olan həmin qəbirdir”. Bu hədisdən sonra belə bir sual meydana gəlir ki, bəs həqiqi Əhli-Beyt (ə) davamçısı kimdir?
Əgər Məsumlardan (ə) gələn hədisləri dəqiq incələsək, görərik ki, hər kim ki, sadəcə olaraq İmamət və vilayəti qəbul edir, ona hələ həqiqi Əhli-Beyt (ə) davamçısı demək olmaz. Çünki həqiqi Əhli-Beyt (ə) davamçısı olmaq sadə bir iş deyildir. Hədislərimiz buyurur ki, ancaq o kəslər bizim həqiqi davamçılarımızdır ki, bizim buyurduqlarımıza əməl edər və bizim qadağan etdiklərimizdən çəkinər. Bizim dostlarımızla dost, düşmənlərimizlə düşmən olar.
Məsumları (ə) sevmək və onlara rəğbət bəsləmək hələ insanı Əhli-Beyt (ə) davamçısı etməz. Çünki bu adı qazanmaq zəhmət istəyir. Onların yolunu davam etdirən insan və onların həyat tərzini təkrar edən, onların əmrlərindən çıxmayan insan – Əhli-Beyt (ə) davamçısı ola bilər. Ona görə də şəfaət mövzusu da məhz həqiqi Əhli-Beyt (ə) davamçılarına şamil olur. Yəni, hər kim həqiqi Əhli-beyt (ə) davamçısı olar və onun şərtlərini yerinə yetirər – o insanlar üçün behiştdə yer vardır. (İslami saytlara istinadən)
Məsumlar (ə) onun nicat tapması üçün şəfaətçi olarlar. Budur hədisin demək istədiyi məqsəd. \\Deyerler.