MÜTƏ İZDİVACINDAN MƏQSƏD NƏDİR VƏ NƏ ÜÇÜN ONU HALAL BİLİRLƏR?


Cavab: Nikah–ərlə arvad arasında olan bir bağlılıqdır. Bu bağlılıq bəzən daimi olur və əqddə onun həddi-hüdudu bəyan olunmur. Bəzən də həmin mahiyyət məhdud surətdə, müvəqqəti olaraq müəyyən müddətlə həyata keçirilir. Hər ikisi də şəri izdivac ünvanı ilə yerinə yetirilir. Yeganə fərq onların daimi və ya müvəqqəti olmasındadır, amma sair xüsusiyyətlərdə eynilə bir-biri kimidir. Aşağıda qeyd olunan şərtlər daimi izdivacda olduğu kimi mütə nikahında da şərtdir:
1-Qadın və kişi üçün izdivacda nəsəb, səbəb və s. kimi şəri maneələr olmamalıdır, əks halda onların əqdi batildir.
2-Tərəflərin razılaşdığı mehriyyə əqddə qeyd olunmalıdır.
3-İzdivacın müddəti müəyyən olunmalıdır.
4-Şəri əqd icra olunmalıdır.
5-Onlardan dünyaya gələn övlad onların qanuni övladıdır. (Daimi nikahdan dünyaya gələn övladlar rəsmi qeydiyyata alındığı kimi, müvəqqəti nikahdan da dünyaya gələn övladlar da rəsmi qeydə alınmalıdır və bu barədə daimi və müvəqqəti əqd arasında heç bir fərq yoxdur.)
6-Övladların nəfəqəsi (xərcliyi) atanın öhdəsinədir və övlad ata-anadan irs aparır.
7-İzdivacın müddəti sona çatan zaman qadın yaisəlik həddində olmazsa şəri iddə saxlamalıdır. Əgər iddə əsnasında hamilə olduğu məlum olarsa uşağı dünyaya gətirən vaxta qədər hər növ izdivacdan çəkinməlidir.
Daimi izdivacın sair hökmləri də mütə izdivacında riayət olunmalıdır. Yeganə fərq bundan ibarətdir ki, mütə izdivacı müəyyən zərurətlərin aradan qaldırılması üçün qanuni hala salındığından qadının xərcləri və nəfəqəsi ərin öhdəsinə deyildir və əqd zamanı qadın miras aparacağını şərt edərsə öz ərindən irs aparacaqdır. Aydındır ki, bu iki təfavüt nikahın mahiyyətinə heç bir təsir göstərmir.
Hamımız inanırıq ki, islam dini əbədi şəriət və dinlərin sonuncusudur ki, bəşəriyyətin qiyamətə qədər olan bütün ehtiyaclarına cavab verməlidir. İndi belə bir məsələ yaranır ki, misal üçün, öz təhsilini davam etdirmək üçün qərib bir ölkədə, yaxud qərib şəhərdə uzun illər qalmalı olan və imkanları məhdud olduğuna görə daimi izdivac edə bilməyən bir şəxs özünün qarşısında üç yoldan birini müşahidə edir və onlardan birini seçməlidir:
a) Elə subaylıq halətində qalsın
b) Əxlaqsızlıq bataqlığına süqut etsin
v) Qeyd olunan çərçivələr və şəraitlər daxilində izdivac etməsi şərən caiz olan bir qadınla müvəqqəti olaraq izdivac etsin.
Birinci halda əksər hallarda müvəffəqiyyətsizliyə uğrayır. Baxmayaraq ki, müəyyən az saylı adamlar cinsi əməlin hər növ qeydindən uzaq gəzərək səbr və müqavimət göstərə bilər, lakin bu üslub hamı üçün icra olunası deyildir. İkinci yolu seçənlərin axır-aqibəti də biçarəlikdən, puçluqdan ibarətdir və bu, islam nəzərindən haram və qadağan olan bir iş sayılır. Zərurət bəhanəsilə bu işə icazə verilməsi təfəkkürü də bir növ ideoloji azğınlıq və əyri düşüncə sayılır. Deməli, yalnız üçüncü yol qalır ki, islam da onu təklif etmişdir. Peyğəmbəri Əkrəm (s)-in dövründə də ona əməl olunurdu, lakin sonralar bu barədə ixtilaf yarandı.
Qeyd olunmalıdır ki, müvəqqəti izdivacdan – mütədən qaçaraq onu qanunsuz bir iş hesab edənlər bilməlidirlər ki, bütün islam fəqihləri və mühəqqiqləri məna baxımından onun oxşarını daimi əqddə qəbul etmişlər. Belə ki, ər-arvad daimi əqd bağlayır, lakin hər ikisinin niyyəti bu olur ki, bir ildən, yaxud daha az, ya da daha çox müddətdən sonra təlaq vasitəsilə bir-birindən ayrılsınlar. Aydındır ki, belə bir bağlılıq zahirdə daimi, həqiqətdə isə müvəqqətidir. Belə daimi nikahla mütə arasında olan fərq bundan ibarətdir ki, mütə zahirdə də, batində də məhdud və müvəqqətidir, lakin bu növdən olan daimi izdivac zahirdə daimi, batində isə məhduddur. Bütün islam fəqihləri tərəfindən qəbul olunan bu növ izdivacı qəbul edənlər necə olur ki, mütə nikahına icazə verməkdən qorxub qaçırlar?
Mütə izdivacının mahiyyəti ilə tanış olduqdan sonra onun halal olması və məşru (şəriət qanunu) halına salınmasının dəlillərini araşdırır və söhbətimizi iki mərhələdə davam etdiririk: 1-İslamın əvvəllərində mütə nikahının qanuni bir iş olması 2-Peyğəmbəri Əkrəm (s)-in dövründə bu şəriət hökmünün qüvvədən salınmaması.
Mütənin qanuni və şəri bir iş olmasının dəlili aşağıdakı ayədir:
فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ اُجُورَهُنَّ فَرِيضَةً
“Hərgah qadınlardan bəhrələnsəniz (siğə etmək istəsəniz) onların muzdunu (müəyyən olunmuş mehriyyəni) verin”. (“Nisa” surəsi, ayə:24)
Bu ayədəki kəlmələr aşkar şəkildə bəyan edir ki, o müvəqqəti izdivacla əlaqədar nazil olmuşdur, çünki:
1-Bu ayədə “istəmtətum” kəlməsi işlənmişdir ki, zahirdə müvəqqəti nikah barəsindədir. Əgər daimi nikah nəzərdə tutulsaydı hökmən əlavə əlamət və şahid qeyd edilməli idi.
2-”Ucurəhunnə” kəlməsi “qadınların muzdu” mənasın-dadır ki, bu da məqsədin mütə olmasına dair aşkar bir şahiddir. Çünki daimi nikahda “mehriyyə” və “sədaq” kimi kəlmələrdən istifadə edilir.
3-Şiə və sünnü müfəssirlərinin nəzərinə əsasən qeyd olunan ayə müvəqqəti nikah barəsində nazil olmuşdur.
Cəlaləddin Süyuti “Əd-durrul-mənsur” adlı təfsir kitabında ibni Cəridən və Sədidən nəql edir ki, yuxarıdakı ayə mütə barəsində nazil olub. (“Durrul-Mənsur”, 2-ci cild, səh.140)
Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədidən, Mücahiddən və ibni Abbasdan nəql edir ki, bu ayə müvəqqəti nikah ilə əlaqədar nazil olmuşdur. (“Camiul-bəyan fi təfsiril-Quran”, 5-ci cüz, səh.9)
4-”Sihah” və “Müsnəd” müəllifləri, eləcə də rəvayət kitablarının müəllifləri də bu həqiqəti qəbul etmişlər. Misal olaraq, Müslim ibni Həccac özünün “Səhih” kitabında (“Səhihi Müslim”də) Cabir ibni Əbdüllahdan və Sülmət ibni Əkvədən belə rəvayət edir:
خَرَجَ عَلَيْنَا مُنَادِي رَسُولِ اللّهِ¸ فَقَالَ اَنَّ رَسُولَ اللّهِ قَدْ اَذِنَ لَكُمْ اَنْ تَسْتَمْتِعُوا يَعْنِي مُتْعَةَ النِّسَاءِ
“Peyğəmbər (s)-in carçısı bizə tərəf gəlib dedi: Rəsuli Əkrəm sizin istimta etməyinizə (qadınlardan ləzzət almağınıza, onları siğə etməyinizə) icazə verdi. Yəni qadınları mütə etməyi nəzərdə tuturdu.” (“Səhihi Müslim”, 4-cü cüz, səh.130, Misir çapı.)
Bu barədə “Səhih” və “Müsnəd”lərdə mövcud olan rəvayətlər həddindən artıq çoxdur və bu kiçik kitaba sığa bilməz. Deməli islamın əvvəllərində, eləcə də Peyğəmbər (s)-in həyatda olduğu müddətdə mütənin şəriət qanunu olması bütün islam alim və müfəssirlərinin qəbul etdiyi bir məsələdir.
(Nümunə olaraq bu mənbələrdən bəzilərini qeyd edirik: 1-”Səhihi Buxari”, təməttö babı, 2-”Müsnədi Əhməd”, 4-cü cild, səh.436 və 3-cü cild, səh.356 3-”Əl-Müvəttəə” (Malik), 2-ci cild, səh.30, 4-”Sünəni Beyhəqi”, 7-ci cild, səh.306, 5-”Təfsiri Təbəri”, 5-ci cild, səh.9, 6-”Nəhayə” (ibni Əsir) 2-ci cild, səh.249, 7-”Təfsiri Razi”, 3-cü cild, səh.201, 8-”Tarixi ibni Xulləkan”, 1-ci cild, səh.359, 9-”Əhkamul-Quran” (Cəssas), 2-ci cild, səh.178, 10-”Muhaziratu Rağib”, 2-ci cild, səh.94, 11-”Əl-Camiul-Kəbir” (Süyuti), 8-ci cild, səh.293, 12-”Fəthul-Bari” (ibni Həcər), 9-cu cild, səh.141)

İndi belə bir sual yaranır: görəsən mütə ayəsinin hökmü nəsx olunmuş və qüvvədən salınmışdırmı? Çox az adam tapmaq olar ki, mütənin Peyğəmbər (s)-in dövründə şəriət qanunu olmasında şəkk etmiş olsun. Əsas münaqişəli məsələ bu hökmün öz qüvvəsində qalması və qüvvədən salınmaması ilə əlaqədardır. İslam rəvayətləri və tarixi göstərir ki, bu ilahi hökmə əməl olunması Ömərin xilafəti dövrünə qədər müsəlmanlar arasında adi bir iş idi, amma xəlifə müəyyən məqsədlərlə onu qadağan etdi.
Müslim öz “Səhih” kitabında nəql edir ki, ibni Abbas və ibni Zübeyr qadınları mütə etmək və təməttö həcci barəsində ixtilafa düşdülər, Cabir ibni Əbdüllah dedi:
فَعَلْنَاهُمَا مَعَ رَسُولِ اللّهِ ¸ ثُمَّ نَهَانَا عَنْهُمَا عُمَرُ فَلَمْ نَعُدْ لَهُمَا
“Biz Peyğəmbər (s)-lə birlikdə olanda hər ikisini yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi. Bundan sonra bu işi görmədik.” (“Sünəni Beyhəqi”, 7-ci cild, səh.206, “Səhihi Müslim”, 1-ci cild, səh.395)
Cəlaləddin Süyuti öz təfsirində Əbdür-Rəzzaqdan, Əbu Davuddan, ibni Cəridən, onlar da Həkəmdən rəvayət edirlər ki, ondan mütə ayəsinin nəsx olunub-olunmaması barəsində soruşulduqda dedi: Xeyr, nəsx olunmayıb. Əli (ə) da buyurdu:
لَوْ لَا اَنَّ عُمَرَ نَهَي عَنِ الْمُتْعَةِ مَا زَنَي اِلاّشَقِيٌّ
“Əgər Ömər mütəni qadağan edib onun qarşısını almasaydı bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.” (“Durrul-Mənsur”, 2-ci cild, səh.140)
Əli ibni Məhəmməd Quşçi yazır: Ömər ibni Xəttab minbərdə olarkən dedi:
اَيُّهَا النَّاسُ ثَلَاثٌ كُنَّ عَلَي عَهْدِ رَسُولِ اللّهِ اَنَا اًَنْهَي عَنْهُنَّ وَ اُحَرِّمُهُنَّ وَ اُعَاقِبُ عَلَيْهِنَّ وَ هِيَ مُتْعَةُ النِّسَاءِ وَ مُتْعَةُ الْحَجِّ وَ حَيَّ عَلَي خَيْرِ الْعَمَلِ
“Ey insanlar! Üç şey Peyğəmbərin dövründə var idi ki, mən onları qadağan edir və onu görənləri cəzalandıracağam. Onlar qadın mütəsi, təməttö həcci və namazda “həyyə əla xeyril-əməl” deməkdir.” (“Şərhu təcrid” (Quşçi), İmamət bəhsi, səh.484)
Qeyd olunmalıdır ki, bu barədə mövcud olan rəvayətlər həddindən artıq çoxdur.
(Daha artıq məlumat əldə etmək üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz.
1-”Müsnədi Əhməd”, 3-cü cild, səh.356 və 363, 2-”Əl-Bəyan vəttəbyin” (Cahiz), 2-ci cild, səh.223, 3-”Əhkamul-Quran” (Cəssas) 1-ci cild, səh.342, 4-”Təfsiri-Qurtəbi”, səh.370, 5-”Əl-Məbsut” (Sərəxsi Hənəfi) kitabul-həcc, babul-Quran, 6-”Zadul-Məad” (ibni Qəyyim), 1-ci cild, səh.444, 7-”Kənzul-ummal”, 8-ci cild, səh.293, 8-”Müsnədi Əbu Davud”, səh.247, 9-”Tarixi-Təbəri”, 5-ci cild, səh.32, 10-”Əl-Müstəbin” (Təbəri), 11-”Təfsiri-Razi”, 3-cü cild, səh.200-202, 12-”Təfsiri Əbu Həyyan”, 3-cü cild, səh.218)

Bunu da nəzərə alaq ki, mütə nikahın və izdivacın qismlərindəndir. Nikah daimi və müvəqqəti olaraq iki yerə bölünür. Müvəqqəti nikah əqdi bağlanan qadın insanın həyat yoldaşı (zövcəsi) sayılır kişi də o qadının əri (zövcü) hesab olunur. Təbiidir ki, belə izdivac da, izdivacla əlaqədar ayələrə daxildir. Quran buyurur:
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ اِلَّا عَلَي اَزْوَاجِهِمْ اوْ مَا مَلَكَتْ اَيْمَانُهُمْ
“O kəslər ki, özlərini zövclərindən, yaxud onların mülkiyyətində olan kənizlərindən başqasından pak saxlayarlar.” (“Muminun” surəsi, ayə:5-6)
Müvəqqəti əqd ilə və qeyd olunan şərtlər çərçivəsində əqd olunan bir qadın “illa əla əzvacihim” (yəni öz ərlərindən başqasından) kəlməsinin nümunələridir və onun çərçivəsindən xaric də deyildir. Yəni bir qadın mütə nikahı ilə əqd olunaraq bir kişinin əqdinə keçirilsə, onun həyat yoldaşı və zövcəsi sayılacaq, “əzvacihim” kəlməsi də ona aid olunacaqdır.
“Muminin” surəsinin qeyd olunan ayəsi qadınlardan iki qrupu üçün cinsi əlaqəni icazə verir: Biri həyat yoldaşı, digəri isə kənizlər. Müvəqqəti nikah ilə izdivac olunan qadın birinci qismə (həyat yoldaşlarına) daxildir. “Muminun” surəsində qeyd olunan ayənin “Nisa” surəsindəki mütə ayəsini nəsx edib qüvvədən saldığını iddia edənlərin sözü doğrudan da qəribədir! Hamımızın bildiyimiz kimi, nəsx edən ayə nəsx olunan ayədən sonra nazil olmalıdır, lakin bu ayələrdə hadisə tamamilə əksinədir: “nəsx edən” ünvanı ilə təsəvvür olunan “Muminun” surəsinin 5-6-cı ayələri məkkidir, (yəni Məkkeyi-Mükərrəmədə, Peyğəmbər (s)-in Mədinəyə hicrət etməsindən qabaq nazil olmuşdur), amma mütə ayəsinin yerləşdiyi “Nisa” surəsi isə mədənidir (yəni Mədinə şəhərində Peyğəmbər (s)-in hicrətindən sonra nazil olmuşdur.) İndi soruşuruq ki, məkki surəsində yerləşən bir ayə mədəni surəsinin ayəsini necə qüvvədən sala bilər?!
Mütə ayəsinin Peyğəmbər (s)-in zamanında qüvvədən düşməməsini göstərən aşkar dəlillərdən biri də onun həmin dövrdə nəsx olunmasını inkar edən çoxlu rəvayətlərdir. Belə ki, Cəlaləddin Süyuti “Əd-durrul-mənsur” adlı təfsir kitabında onları nəql edib, onun ətraflı şərhi də yuxarıda qeyd olundu. (“Durrul-Mənsur”, 2-ci cild, səh.140-141.)
Mövzunun sonunda bu məsələni qeyd etməliyik ki, “Səqəleyn” hədisinin tələbinə görə islam ümmətinin hidayətinə səbəb olan, Qurandan heç vaxt ayrılmayan Əhli-beyt İmamları da mütənin qanuni və şəri bir iş olmasını, heç vaxt qüvvədən düşməməsini aşkar şəkildə bəyan etmişlər. (“Vəsailuş-şiə”, 14-cü cild, nikah kitabı 1-ci bab, səh.436)
İslam dininin bəşər cəmiyyətinin çətinliklərini hər bir zamanda həll etməyə qadir olması müddəası da belə bir nikahın qanuni olmasına – qeyd olunan şərtlərə riayət etməklə – təkid edir. Çünki müasir dövrdə cavanların fəsad və əxlaqsızlıqdan nicat verilməsi yollarından biri də xüsusi şəraitlər daxilində müvəqqəti izdivacat icazə verilməsidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter