Hədis Elmində Əshabi icma kimlərdirlər?
Əshabi icma İmamiyə elmində müəyyən dərəcəyə malik olan hədis nəql edənlərə deyilir. Bu insanların sayının 18 nəfər olduğunu bəyan edirlər. İmam Baqirin (ə) səhabələrindən tutmuş, İmam Rzanın (ə) səhabələrinə qədər. Bütün Əhli-Beyt (ə) alimləri onları güvənilən insanlar kimi tanıyırlar.
Əlbəttə, onlara etimad etmək dərəcəsi fərqlidir. Lakin əksər alimlər onları inanılmış insanlar hesab edir və nəql etdikləri hədisləri səhih hədis kimi qəbul edirlər. O hədis ki, sənəd baxımından bu 18 nəfərə gəlib çatarsa, deməli səhih hədisdir.
Bu insanlar Məsum İmamlar (ə) tərəfindən tərbiyə edilmiş və onların elm bulağından su içmişdilər. (Erfan)
İslam dinində Quran ayələrindən sonra ən güclü maarif mənbəyi – hədis elmidir. Hədis – Məsum İmamların (ə) dilindən bəyan olunmuş kəlamların və onların etdikləri əməllərin nəql edilməsidir.
Hədis elmi insanları dinə tərəf təşviq edər və gözəl əxlaqa dəvət edər. Peyğəmbər (s) öz zamanında hədis elminə çox diqqət edərdi və hətta ömrünün son anlarında belə qələm və kağız istəyir ki, ümmətinə vəsiyyətini yazsın və onları yolunu azmaqdan qorusun.
Ona görə də deyə bilərik ki, hədis elminin təməli Peyğəmbərin (s) zamanında qoyulmuş və hətta İmam Əli (ə), Həzrət Fatimə (s.ə) özləri də belə, hədis nəql edən olmuşdular.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra hədis elmi zəiflədi və xəlifələr Peyğəmbərin (s) dilindən nəql edilən hədislərə şərait yaratmadılar. Ona görə də əsil hədis mənbəyi Məsumların (ə) yanında qaldı.
Əshabi icma Məsum İmamlar (ə) tərəfindən tərbiyə olunduqları üçün, cəmiyyətdə yayılan yanlış xəbər və hədislərin qarşısını almaqda böyük rola malik oldular. Onlar yalançı hədislərlə mübarizə aparıb, səy göstərdilər ki, səhih hədisləri insanların qulağına çatdıra bilsinlər.
Ona görə də bu 18 nəfər üç mühüm dövrdə hədis elminin yayılmasında və yalançı hədislərin qarşısının alınmasında böyük zəhmətə qatlandılar və bacardıqları qədər batil fikirlərlə mübarizə apardılar./Deyerler.org/