Hz Peyğəmbərin (s) baxışına əsasən Rahiblik necə dəyərləndirilir?!


İslam rahibliyi, başqa sözlə, asket həyat tərzini məhkum edir. Artıq bir şüara çevrilən məşhur “La ruhbaniyyətə fil-İslam!” (İslamda rahiblik yoxdur!) – hədisi bir çox kitablarda nəql olunub. “Ruhb” sözündən götürülən bu ifadə vəhşət və qorxu mənasını daşıyır. Bir termin kimi isə, Allahdan qorxub ibadət üçün camaatdan ayrılaraq tək-tənha yaşayan kəsə deyilir. Əldə olan məlumatlara əsasən, rahiblik həyat tərzi qədim zamanlardan Hindistan yarımadasında peyda olur və sonralar isə xristianlar arasında da yayılmağa başlayır. Bəziləri bunu (xristianlar və yaxud yəhudilər arasında yayılmasını) dövrün diktator və zülmkar rejimi ilə əlaqələndirirlər. Deyirlər ki, hakim durumun ağır işgəncə, qətl və təqibləri yeni ayinin tərəfdarlarını səhralıqlara çəkilməyə vadar edir və beləliklə, çoxları fərdi həyatı seçərək onlara vəd olunan yeni peyğəmbərin zühurunun intizarı ilə yaşamağa məcbur olurlar. (Əlavə məlumat üçün Vil Dürantın “Tarix” kitabına müraciət edə bilərsiniz.)

Məlum olduğu kimi, millətlər arasında məğlubiyyət, uğursuzluq və s. problemlər cürbəcür qarşılanır. Məsələn, bəziləri cəmiyyətdən ayrılıb fərdi həyata üz tutsalar da, bəziləri isə axıradək mübarizə yolunu seçirlər. Rahiblik həqiqətdə məğlubiyyətdən sonra çıxış yolu tapa bilməyənlərin reaksiyasıdır.

İslamın bu məsələ ilə bağlı nəzərinə gəldikdə isə, nəql edirlər ki, Osman ibn Məzun adlı bir şəxs (övladını əldən verdikdən sonra) özünə təsəlli vermək məqsədilə cəmiyyətdən ayrılıb ibadətə qapılır. Peyğəmbəri-Əkrəmi (s) bundan xəbərdar edirlər. Həzrət onu bu işdən çəkindirərək buyurur:

اِنَّ اللهَ تَبارَكَ وَتَعالى لَمْ يَكْتُبْ عَلَيْنا الرُّهبانِيَّةَ اِنَّما رُّهبانِيَّة اُمَّتِي الْجِهادُ فِي سَبِيلِ اللهِ

“Allah-Taala bizə rahibliyi rəva bilmir. Həqiqətən, ümmətimin rahibliyi Allah yolunda cihaddır.” (“Biharul-ənvar”, c.8, səh.170, hədis 112.)

İslam insanın rahiblik kimi maddi ləzzətlərdən üz döndərməsi hissini cihad kimi İslamın əsasını qoruyan, fərdi və ictimai problemləri həll edə bilən sərt qüvvə ilə dəyişdirilməsini təklif edir. Yaxud başqa bir hədisdə bir nəfər İmam Kazimdən (ə) belə soruşur:

عَنِ الرَّجُلِ الْمُسْلِمِ هَلْ يَصْلُحُ اَنْ يَسِيحَ فِي الْاَرْضِ اَوْ يَتَرَهَّبَ فِي بَيْتٍ لا يَخْرجُ مِنْهُ؟ قالَ: لا

“Müsəlman şəxsin biyabanlara və yaxud evin bir guşəsinə çəkilməsi məsləhətdirmi?” Həzrət buyurur: “Xeyr!” (“Biharul-ənvar”, c.70, səh.119, hədis 10.)

Hər halda, rahiblik – ictimai həyatdan qaçmaq və yaxud cəmiyyətdən uzaqlaşıb evin bir guşəsinə çəkilmək İslamda məhkum və qadağandır. Məsələn, Qurani-Kərimdə xristianlar arasında yayılan rahiblik pis bir bidət sayılır və bu barədə buyurulur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاء رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا

“Onlar özləri rahibliyi icad etdilər. Halbuki Biz yalnız Allahın razılığını qazanmağı tapşırmışdıq. Lakin onlar buna layiqincə riayət etmədilər.” (“Hədid” surəsi, ayə 27.)

Bunlar İslamın rahibliyə qarşı mövqeyini tamamilə aydınlaşdırır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter