ALLAHDAN BAŞQASINDAN KÖMƏK İSTƏMƏK ŞİRKDİRMİ?


Əql və vəhy məntiqi baxımından nəinki insanlar, hətta bütün dünya varlıqları belə öz yaradılışlarında Allaha möhtac olduqları kimi özlərinin təsir qoymaqlarında belə Ona ehtiyaclıdır:
يَا اَيُّهَا النَّاسُ اَنتُمُ الْفُقَرَاءُ اِلَي اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
“Ey insanlar, siz Allaha ehtiyaclısınız və yalnız Allah ehtiyacsız, bəyənilmiş və tərifə layiqdir.” (“Fatir” surəsi, ayə:15)
Başqa bir ayədə bütün qələbələrin aləmlərin Rəbbinə məxsus olduğunu bildirir və buyurur:
وَمَا النَّصْرُ اِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيم
“Nüsrət və kömək yalnız əziz və həkim Allah tərəfindəndir.” (“Ali İmran” surəsi, ayə:126)
İslamın bu danılmaz prinsipi əsasında biz müsəlmanlar bütün namazlarda aşağıdakı şərif ayəni dəfələrlə təkrar edirik:
اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعِينُ
“(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.” (“Həmd” surəsi, ayə:5)
İndi yuxarıdakı sualın cavabının aydınlaşması üçün deyirik: Allahdan başqasından kömək istəmək iki cür təsəvvür olunur:
1-İnsandan, yaxud hər hansı bir varlıqdan elə kömək istəyək ki, onu varlığında, yaxud öz əməllərində müstəqil, kömək çatdırmaqda Allahdan ehtiyacsız hesab edək. Şübhəsiz, Allahdan başqasından bu cür kömək istəmək sırf şəkildə şirkdir ki, Qurani-Kərimin aşağıdakı ayəsində onun əsassız olduğu bəyan edilir:
قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ اِنْ اَرَادَ بِكُمْ سُوءًا اَوْ اَرَادَ بِكُمْ رَحْمَةً وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
“De: Əgər Allah sizin barənizdə əzab iradə etsə sizi ondan amanda saxlayan kimdir?! Yaxud əgər rəhmət iradə etsə (onun qarşısını kim ala bilər?!) Və onlar özləri üçün heç bir dost və köməkçi tapmazlar.” (“Əhzab” surəsi, ayə:17)
2-Digəri isə bundan ibarətdir ki, başqa insandan kömək istəyərkən onun Allahın yaratdığı bilək, Ona ehtiyaclı hesab edək və onun özündən heç bir müstəqilliyi olmadığını, onun təsir qoymasının da yalnız böyük Allahın tərəfindən, Onun icazəsi ilə olduğunu, bəndələrinin bəzi çətinliklərini həll etmək üçün bu təsiri ona verdiyini bilək.
Bu təfəkkürə əsasən kömək istənilən şey vasitə hökmündədir, belə ki, böyük Allah onun bəzi ehtiyaclarının təmin olunmasında bir vəsilə qərar vermişdir. Bu cür kömək istəmək həqiqətdə Allahdan kömək istəməkdir, çünki yalnız Allah bu vasitələrə və səbəblərə varlıq bağışlamış, başqalarının ehtiyaclarını təmin etməkdə təsir və qüvvəni O vermişdir. Ümumiyyətlə bütün insanların həyatı bu səbəb-nəticə qanunu əsasında qurulmuşdur. Belə ki, insan başqalarından kömək almadan yaşamaq istəsə, həyatında çox çətinliklərlə üzləşər. Burada da onlara, Allahın köməyinin gerçəkləşməsində sadəcə bir amil və vasitə olmaları, öz varlıqlarının əslinin Allahdan olması, eləcə də onların təsir qoymasının Allah tərəfindən olması nəzəri ilə baxsaq, bu cür köməyin tovhid və yeganəpərəstliklə heç bir ziddiyyəti yoxdur.
Əgər Allahı tanıyan tovhidçi bir əkinçi torpaq, su, hava, günəş və s. kimi amillərdən istifadə edib kömək alırsa və taxılı cücərdib məhsul əldə edə bilirsə həqiqətdə Allahdan kömək istəyir, çünki o bilir ki, bu kimi səbəb və vasitələrə qüvvə və istedad verən məhz Allahdır. Aydındır ki, bu cür kömək istəmək tovhid və yeganəpərəstlik ruhu ilə tamamilə uyğundur, hətta Quran bu kimi kömək istəməyi bizə fərman verərək buyurur:
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَ الصَّلَوةِ
“Səbr və namazla kömək istəyin.” (“Maidə” surəsi, ayə:45)
Aydındır ki, səbr və müqavimət bəşərin işidir və bizə də onlardan kömək almaq əmr olunub. Eyni halda belə bir kömək istəmək “iyyakə nəbudu və iyyakə nəstəin” ayəsindəki həsr ilə (yəni yalnız Allahdan kömək istəməklə) zidd deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter