Qurani-Kərimdə ‘qəzəbə düçar olmuşlar’ və ’azğınlar’ kimlərdir?
(“məğzubin” və “zallin”)
Qurani-Kərimdə Firon, Qarun, Əbu-Ləhəb kimilər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır. (“Nisa”/116, “Fəth”/6, “Bəqərə”/61, “Ali-İmran”/110-112, “Ənfal”/16, “Bəqərə”/108, “Nəhl”/106, “Mumtəinə”/1.)
Qurani-Kərimdə Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər. (“Bəqərə”/47.) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər. (“Bəqərə”/61.) Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər. (“Nisa”/46.) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular. (“Nisa”/161.) Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər. (“Maidə”/24.)
Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.
Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər, nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər. (“Maidə”/77.)
İnsan “Həmd” surəsində surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.
Quranda “azğınlar” (“zallin”):
Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın qeyd olunmuşdur. Bu söz, bəzən çaşqınlıq (“Maidə/77), bəzən puçaçıxma (“Zuha”/7), adətən isə “azğınlıq” mənasında işlədilmişdir.
Quranda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri (“Bəqərə”/108), müşrikləri (“Nisa”/116), kafirləri (“Nisa”/136), üsyankarları (“Əhzab”/36), kafirləri dost tutan müsəlmanları (“Mümtəhinə”/1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və Onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.
Quranda bəziləri “azdıran” kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri misal göstərmək olar.
Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vhakimiyyətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Həmd” surəsi, 7-ci ayənin təfsirində.) Maide.Az