HƏQİQİ ŞƏFAƏTÇİLƏRDƏN ŞƏFAƏT İSTƏMƏK ŞİRKDİRMİ?
Sualın izahında deyilməlidir ki, şəfaət Allaha məxsus olan bir haqqdır. Quranda bu barədə buyurulur:
قُلْ لِلّهِ الشَّفَاعَةُ جَمِيعًا
“De: Şəfaət haqqı bütünlüklə Allaha məxsusdur.” (“Zumər” surəsi, ayə:44)
Deməli, Allahdan başqasından şəfaət istəmək Allahın mütləq haqqını Onun bəndəsindən istəməkdir və belə istək də həqiqətdə Allahdan başqasına pərəstiş – şirk olub ibadətdə tovhidlə uyğun gəlmir.
Cavab: Sualda şirk dedikdə Allahın zatında, xaliqiyyətində və ya tədbirində şərik qoşmaq deyil, təbiidir ki, ibadət və pərəstişdə Ona şərik qoşmaq iddia olunur. Aydındır ki, bu məsələnin bəyanı ibadətin və pərəstişin dəqiq təfsirinə bağlıdır. Bildiyimiz kimi, ibadətin mənasının təfsiri bizim ixtiyarımıza verilməmişdir ki, məxluq qarşısında hər növ xüzu və bəndədən bir şey istəmək ibadət hesab olunsun.
Quran buyurur ki, mələklər Adəmə səcdə etdilər:
فَاِذَاسَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَالْمَلَائِكَةُ كُلُّهُمْ اَجْمَعُون
“Onun xilqətini kamil etdikdə, ona Öz ruhumuzdan üfürdükdə (mələklərə əmr etdik:) ona səcdə edin, hamısı səcdə etdilər.” (“Sad” surəsi, ayə:72-73)
Eyni halda bu səcdənin Allahın fərmanı ilə olmasına baxmayaraq mahiyyət baxımından Adəmə ibadət etmək deyildi. Çünki Allah heç vaxt belə bir işə (Adəmə iadət etməyə) fərman verməz.
Həmçinin həzrət Yəqubun övladları və hətta onun özü belə Yusifə səcdə etdi:
وَرَفَعَ اَبَوَيْهِ عَلَي الْعَرْشِ وَخَرُّواْ لَهُ سُجَّدًا
“O, atasını və anasını taxtda oturtdu və onlar ona (Yusüfə) səcdə etdilər.” (“Yusif” surəsi, ayə:100)
Əgər belə bir xüzu (təzim, ehtiram) Yusifə pərəstiş və ibadət olsaydı nə ismət məqamına malik olan Yəqubun özü bu işi görər və nə də övladlarının bu işi görməsinə razı olardı. Halbuki səcdədən yüksək bir xüzu yoxdur.
Deməli, xüzunun və ya başqasından kömək istəməyin məfhumunu ibadətin mənasından ayırmalıyıq. İbadət və pərəstişin həqiqəti budur ki, insan hər hansı bir varlığı özünə məbud seçsin, onun qarşısında ibadət etsin, yaxud hər hansı bir varlığı Allahın məxluqu hesab etsin, bununla belə Allahın dünyanı idarə etmək, günahları bağışlamaq kimi işlərinin o məxluqa həvalə edildiyini güman etsin. Amma əgər bizim hər hansı bir şəxsin qarşısında təzim etməyimiz onun ilahiləşdirilməsi, yaxud Allaha aid olan işlərin ona həvalə edilməsi əsasında olmazsa belə bir ehtiram və təzim mələklərin Adəm qarşısında, Yəqubun övladlarının Yusifin müqabilində təzim və ehtiram etmələrindən başqa bir şey olmayacaqdır.
Sualın fərz olunduğu halda da demək lazımdır ki, hər vaxt şəfaət haqqının həqiqi şəfaətçilərə həvalə edildiyini, onların heç bir qeyd-şərt olmadan şəfaət etmələrini və bəndələrin günahlarını bağışlatmalarını təsəvvür etsək belə bir etiqad şirk olacaqdır. Çünki bu halda Allahın işini Ondan başqasından istəmiş oluruq. Amma əgər Allahın pak bəndələrindən bəzilərinin şəfaət məqamına malik olmadan müəyyən hüdudlarda günahkarların barəsində şəfaət etmə haqqına malik olmalarını və onun da ən mühüm şərtinin Allahın razılığı və izni olduğunu fikirləşsək bu halda belə bir şəfaətin saleh bir bəndədən istənilməsi onun məbud hesab edilməsini, eləcə də Allahın işlərinin ona həvalə edilməsini gərəkli etmiræ əksinə bu, bir iş şəninə yaraşan şəxsdən həmin işi istəməkdir.
Tarixdən məlumdur ki, Peyğəmbəri Əkrəm (s)-in həyatında günahkarlar günahlarının bağışlanması üçün o həzrətin hüzuruna gəlir və o həzrət də onlara şirk nisbəti vermirdi. İbni Macənin “Sünən” kitabında Peyğəmbəri Əkrəm (s)-dən belə rəvayət olunur:
اَتَدْرُونَ مَا خَيَّرَنِي رَبِّي اللّيْلَةَ؟ قُلْنَا اللّهُ وَ رَسُولُهُ اَعْلَمُ قَالَK فَاِنَّهُ خَيَّرَنِي بَيْنَ اَنْ يَدْخُلَ نِصْفُ اُمَّتِي الْجَنَّةَ وَ بَيْنَ الشَّفَاعَةِ فَاخْتَرْتُ الشَّفَاعَةَ قُلْنَا يَا رَسُولَ اللّهِ اُدْعُ اللّهَ اَنْ يَجْعَلَنَا مِنْ اَهْلِهَا قَالَ هِيَ لِكُلِّ مُسْلِمٍ
“Bilirsinizmi ki, Allah bu gecə məni hansı şeyləri seçməkdə ixtiyar sahibi etdi?” Dedilər: “Allah və Onun Peyğəmbəri daha yaxşı bilər.” Buyurdu: “O, məni iki işin hansı birini seçməkdə ixtiyar sahibi etdi: Mənim ümmətimin yarısını behiştə daxil etmək və şəfaət etmək. Mən şəfaəti seçdim.” Biz dedik: “Ey Peyğəmbər, öz Pərvərdigarından istə, bizi şəfaətə layiqli etsin.” Buyurdu: “Şəfaət hər bir müsəlman üçün olacaq.” (“Sünəni ibni Macə”, 2-ci cild, “Zikruş-şəfaət” babı, səh.586)
Bu hədisdə Peyğəmbəri Əkrəm (s)-in dostları aşkar şəkildə onlara şəfaət etməsini istəyir və “udullahə...” deyirlər.
Quran buyurur:
وَلَوْ اَنَّهُمْ اِذ ظَّلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
“Və əgər onlar özlərinə zülm etdikləri zaman sənə tərəf gəlib Allahdan bağışlanmaq istəsələr və Allahın Rəsulu da onlar üçün bağışlanmaq istəsə Allahın tövbələri qəbul edən və mehriban (olduğunu) görərlər.” (“Nisa” surəsi, ayə:64.)
Başqa bir ayədə Yəqubun (ə) övladlarının dilindən buyurulur:
قَالُواْ يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ
“(Yəqubun övladları) dedilər: Ey ata, Allahdan bizim günahlarımız üçün məğfirət (bağışlanmaq) istə, həqiqətən biz xətakarlardan olduq.” (“Yusif” surəsi, ayə:97)
Həzrəti Yəqub (ə) da onlar üçün istiğfar etmək vədəsi verdi və heç vaxt onları şirklə müttəhim etmədi:
قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّيَ اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
“(Yəqub) dedi: Tezliklə Rəbbimdən sizin üçün məğfirət istəyəcəyəm, həqiqətən O, bağışlayan və mehribandır.” (“Yusif” surəsi, ayə:98)