Peyğəmbərin (s) meracı neçənci ildə baş vermişdir?


Elə bir müsəlman yoxdur ki, Həzrət Peyğəmbərin (s) meraca qalxmasına görə şəkk etsin. Çünki bu həqiqəti Qurani-Kərim açıq şəkildə təsdiq etmiş və buyurmuşdur: “Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah(hər bir eyibdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)”. (“İsra” 1).



Bu ayə meracın həqiqətən də haqq olduğunu təsdiq edir və buyurur ki, Həzrətin (s) bu səfəri qeybi bir səfər olmuşdur.



Quranın başqa ayəsində buyurulur: “Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsil qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü”. (“Nəcm” 13).



Bəs tarix bu hadisəni necə şərh edir?



Baxmayaraq ki, bu səfər maddi səfər olmamışdır, ancaq tarix də bu hadisəni təsdiq edir. Tarixçilərin bəzisinin nəzərinə görə, bu hadisə besətin 10-cu ilində baş vermişdir. Bəzilərinin nəzərinə görə isə besətin 12-ci ilində. Bəziləri onu besətin əvvəlində və bəziləri ortasında baş verdiyini bildirirlər. Ancaq biz belə təsəvvür edirik ki, merac zamanı namaz insanlara vacib edildiyi üçün, bu hadisə Həzrət Əbu Talibin (ə) vəfatından sonra, yəni besətin 10-cu ilində baş vermişdir.



Allah Təala bu gecədə Peyğəmbərə (s) əmr verir ki, müsəlmanlar gün ərzində beş dəfə vacib namazı qılmalıdırlar. Tarixdə oxuyuruq ki, Həzrət Əbu Talibin (ə) vəfatına qədər namaz vacib edilməmişdi. Çünki Əbu Talib (ə) sağ olan zaman Qureyşi dinə dəvət edəndə buyurardı ki, mən sizdən bir şey istəyirəm. O da budur ki, “Lə iləhə iləllah” kəlməsini dilinizə gətirəsiniz. Bu sözlər şəhadət verir ki, həmin zamanda namaz vacib deyildi.



Həmçinin əgər İslamın ilk əvvəllərində iman gətirən təzə müsəlmanlara nəzər salsaq, görərik ki, Peyğəmbər (s) onlardan ancaq kəlmeyi-şəhadətləri deməyi istəmişdir. Namaz haqqında heç bir söz deyilməmişdir. (Həvzəh)



Əgər hədislərimiz buyurursa ki, Peyğəmbər (s) İmam Əli (ə) ilə birlikdə hamıdan öncə 3 il namaz qılmışdır, bu namazlar məhdud və müstəhəb namazlara şamil edilir, nəinki vacib beş namaza./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter