Zalım xəlifənin imanlı vəzirinin xətası necə düzəldi? İmam Kazimin (ə) elmi


Əli ibni Yəqtin, Harunun məşhur vəzirlərindən olmuşdur ki, yeddinci İmam Həzrət Musa Kazımın (ə) xalis davamçılarından idi. Ancaq o, öz əqidəsini gizli saxlayır və təqiyyə halında yaşayırdı.



Bir gün casusların gözündən uzaq halda İmamın (ə) xidmətinə gəlir. Ancaq İmam (ə) onu qəbul etmir. Sabahısı günü təsadüfən bazarda görüşürlər və Əli İmamdan (ə) dünənki hadisənin səbəbini soruşur.



İmam (ə) buyurur: “Ona görə ki, bizim davamçılardan birinin ürəyini sındırmısan, ona yol verməmisən, hacətini yerinə yetirməmisən, çətinliyini həll etməmisən.

Onun razılığını almadan səni xidmətimə qəbul etməyəcəyəm”.



Əli deyir: “Hal-hazırda o, uzaq yerdədir”.

İmam (ə) buyurur: “Gecə Bəqi qəbiristanlığında at səni gözləyəcəkdir, ona min və onunla görüşə get. Razılığını al”.



Əli, İmamın (ə) tövsiyə etdiyi kimi həmin ata minir və Bəsrədə olan İbrahimin evinin qapısına çatır. Ondan razılıq istəyir və qayıdır. Ondan sonra İmam (ə) onu xidmətinə qəbul edir. (Beytutə)



Bəzən bir çoxlarımızda belə sual yaranır ki, niyə İmam Zaman ağa (ə.f) bizi öz mübarək xidmətinə qəbul etmir. Əgər bu hədisə diqqətlə nəzər salsaq, görərik ki, İmamın (ə) bizi qəbul etməməyə haqqı vardır. Çünki ömrümüz boyu o qədər Əhli-Beyt (ə) davamçısının qəlbini sındırmış və haqlarını pozmuşuq ki, bəzən heç sayını belə xatırlamırıq.



Ona görə də hələ ki, fürsətimiz var, tövbə qapısına gedək və etdiyimiz bütün günahlarımıza görə istiğfar edək. Bəlkə bu zaman İmamın (ə.f) xüsusi inayəti bizə də şamil olar./Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter