Qurani-Kərimə əsasən insan həyatının beş bölümü hansılardır?!
Qurani-Kərimin “Hədid” surəsinin 20-ci ayəsində buyurulur:
اعْلَمُوا أَنَّمَا الْحَیاةُ الدُّنْیا لَعِبٌ وَلَهْوٌ وَزِینَةٌ وَتَفَاخُرٌ بَینَكُمْ وَتَكَاثُرٌ فِی الْأَمْوَالِ وَالْأَوْلَادِ كَمَثَلِ غَیثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ یهِیجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ یكُونُ حُطَامًا وَفِی الْآخِرَةِ عَذَابٌ شَدِیدٌ وَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرِضْوَانٌ وَمَا الْحَیاةُ الدُّنْیا إِلَّا مَتَاعُ الْغُرُورِ
“Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bər-bəzək, bir-birinizə öyünmək, mal-dövlət və oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (yetişdirdiyi) məhsul əkinçiləri heyrətə salar. Sonra o solar və sən onun saralıb-solduğunu, daha sonra quruyub sındığını görərsən. Axirətdə (kafirləri) ağır əzab, (möminləri isə) Allahın bağışlaması və razılığı gözləyir. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.”
Qədim zamanlardakı uşaqların oyunları müasir dövrün uşaqlarının oyunları ilə fərqlənir və bunlar dünya olimpiadası kimi böyük turnirlərdə nümayiş etdirilən müsabiqələrə qədər gedib çıxır.
İnsanların ömrünün bir hissəsini özünə məşğul edən əyləncələr şərait və mühitlə müqayisədə müxtəlifdir. Onların şərab və kef məclisləri günü-gündən daha da rövnəqlənir. Bir gün onlar səhra xeymələrini, atları və dəvələrini bəzəyirdilərsə, çağdaş dünyamızda vəziyyət tamamilə fərqlənir və müasir insanlar göydələnlər, villalar, modern həyat ləvazimatı və nəqliyyat vasitələri ilə bəzənirlər. Yaxud bir zaman nəsil-nəcabəti, döyüş meydanlarında şücaət və qəhrəmanlıqları ilə öyünürdülərsə, bugünkü günümüzdə isə hünər və incəsənətlə, bəzən də əxlaqsızlıq, həya və iffət pərdələrini yırtan konsert məclislərində iştirak etməklə fəxr edirlər.
Ayədə qısa bir baxışla insanların həyatının silsilə mərhələləri nəzərdən keçirilir. Sıra üzrə çəkilən ömrün beş mərhələsinin müəyyən tələbləri vardır ki, ola bilər, insan onları normal keçirə bilməsin və bəzən, yaşına uyğun olmayan oyun və əyləncələrə maraq göstərsin.
Böyük alim mərhum Bəhauddin Amuli bu ayənin təfsirində belə yazır: Adətən, hər bir mərhələ səkkiz il fəaliyyət tələb edir və bu müddət ərzində həmin mərhələyə meyil azalır və növbəti mərhələ başlayır. Uşaqlıq dövrü oyun-oyuncaq mərhələsidir və uşaq o zaman onlardan başqa bir şey haqda düşünmür. Onun bu təbii istəyi zamanla əlaqədar dəyişilə bilir. Əlbəttə, bu proses heç də pislənilmir və uşağın inkişafı, əzələ və sümüklərinin möhkəmlənməsi üçün zəruridir.
Uşaqlıq dövrü bitdikdən sonra yeniyetməlik dövrü başlanır. Bu dövrdə, artıq, növbə Qurani-Kərimin “ləhv” adlandırdığı əyləncə mərhələsinə çatır.
Üçüncü mərhələdə zahiri gözəllik, zinət və bər-bəzək özünü nümayiş etdirir.
Dördüncü mərhələ isə öyünmə və fəxr mərhələsidir və bu dövrdə insan hamıdan üstün görünməyə çalışır.
Artıq beşinci mərhələdə sərvət, mal-dövlət və övlad artımına maraq artır.
Beləliklə, ayədə ötəri dünya həyatının bir haldan başqa hala keçən və fənaya doğru gedən beş mərhələsi əkin sahəsinə təşbeh edilir. Yararlı əkin sahəsi həmişə məhsul becərmək üçün hazır vəziyyətdədir. Əkinçi vaxtında toxumu səpib onun inkişafı üçün lazımi şərait hazırlayarsa, çox keçməz ki, zəhmətinin bəhrəsini görər. Amma yay fəsli keçdikdən sonra payız küləyi ilə həmin yaşıllıqlar saralıb-solmağa, sonra da tökülməyə başlayar, küləklər əsdikcə, onlar o tərəf-bu tərəfə gedərək çör-çöpə dönər, ovulub yox olarlar.
Dünya həyatı da o qədər gözəlliyi və bər-bəzəyi ilə yanaşı, yaşıl zəmini xatırladır, bir gün insanların vurğunu olduğu həmin gözəlliklər istər-istəməz gözəlliyini itirəcəkdir.