Allahı sevən Allahın sevdiklərini də sevər! Qudsi hədis


\"Ey Əhməd! Dörd qrupu sevmək mənə vacibdir; bir-birlərini mənim üçün sevənlər, mənim üçün mənim sevmədiklərimlə əlaqəsini kəsənlər, mənim üçün bir-biriləri ilə əlaqə yaradanlar və yalnız mənə təvəkkül edənlər. Mənə sevgidə sərhəd yoxdur, nə vaxt bir nişanə göndərsəm, arxasıyca başqa bir nişanə də onlar üçün göndərərəm. Mənim dostlarım, onlara baxdığım kimi onlar da mənim bəndələrimə baxarlar. Ehtiyaclarını xalqdan istəməzlər, qarınları əsla haram malla dolmaz, dünyadakı sevincləri mənim zikrim, sevgim və onlardan razı olmağımdır. Ey Əhməd! Əgər insanların ən çox pəhriz edəni olmaq istəyirsənsə, dünyaya qarşı maraqsız, axirətə qarşı isə istəkli ol.


Peyğəmbər (s) buyurdu: Ey Rəbbim, dünyada necə zahid ola bilərəm?
Buyurdu: Dünyadan yalnız gündəlik yeməni, içməyini, paltarını götür, sabah üçün isə bir şey toplama və davamlı mənim zikrimdə ol.

Dedi: Rəbbim, səni davamlı necə zikr edə bilərəm?
Buyurdu: İnsanlardan uzaq olaraq, dünyanın şirinlərini, turşlarını burax, evini və mədəni tamamilə dünyadan boşalt. Ey Əhməd! uşaqlar kimi olmaqdan çəkin, onlar sarını qırmızını gördükləri zaman onu sevirlər, halva və ya turş bir şey verilən zaman dərhal aldanırlar.\" (Merac hədisindən)

Uca Allah, Rəsulu Həzrət Məhəmmədə (s) xitab edərək dörd qrup insanı sevməyin özünə vacib olduğunu buyurur. Əlbəttə burada nəzərdə tutulan vaciblik bildiyimiz şəri və fiqhi vaciblik kimi deyil, məqsəd Allahın bu şərtləri özündə cəm edən bəndələrini sevməsidir. Allahın dediyi dörd qrup bu şəxslərdən ibarətdir:


Birinci qrup: Bir-birlərini ixlasla, yalnız Allah rizası üçün sevənlər.
İkinci qrup: Allahın düşməni olan, onun əmrlərinə itaət etməyən və onun sevmədiyi şəxslərlə olan dostluqlarını, sırf Allah onu sevmir deyə dayandıranlar.
Üçüncü qrup: Dostluq, yoldaşlıq və əlaqələrini Allah rizası üçün qoruyanlar. Yəni bir-birləri arasında əgər bir problem, inciklik və küskünlük varsa, bunu davam etdirmədən yenidən dostluqlarına davam edərlər.
Dördüncü qrup: Allaha güvənib, bütün işlərində Ona təvəkkül edən şəxslər.


Hədisdən də göründüyü kimi aləmlərin rəbbi olan Allah bütün bunları, insanların xoşbəxtliyi və Ona yaxınlaşması üçün buyurub. Allahın bəndələrində görmək istədiyi bu dörd şey əlbəttə Onu sevənlər və əmrinə itaət edənlər üçündür, yoxsa Allahdan qafil və Ondan xəbərsiz olanlar üçün deyil. Allahın sevgisinə çatan həqiqi xəzinəyə çatmışdır, bu sevgi onun üçün hər şeydən daha qiymətlidir. İlahi sevgi, səhranın ortasında yolunu azmış, çörəyi, suyu qurtarmış və huşsuz bir halda ölümü gözləyən kimsənin həyata qayıtmasından daha qiymətlidir. Ölüm döşəyində can verən şəxsin bir neçə gün yaşamaq istəyindən daha böyükdür.

İnsan davamlı olaraq başqalarının sevgisini qazanmaq üçün məşğul olur, bu zaman isə müxtəlif yollara baş vurur. Bəziləri xalqın sevgisini qazanmaq üçün çalışırlar. Amma axirət əhli olan şəxslər yalnız insanların sevgisiylə kifayətlənmirlər, onların tək məqsədi daimi və faydası daha çox olan Rəblərinin sevgisini qazanmaqdır, bunun üçün də əllərindən gələni edirlər və hər şeylərindən, hətta dünyalarından belə imtina etməyi bacarırlar. Təəssüf ki, belə insanlar çox azdır, ilahi eşqin qiymətini heç də hamı dərk etmir.

Allah sevgisinin nə qədər qiymətli olduğunu bilmək, insanın Allahı tanımasıyla əlaqəlidir. Onu tanımağı artıraraq mümkün olduğu qədər bu böyük xəzinəni bütün varlığımızla əldə etməyə çalışmalıyıq.
Hədisin əvvəlində uca Allah, bir-birlərini onun razılığı üçün sevənləri sevdiyini buyurur, çünki bu şəkildə bir-birini sevmək əslində Allahı sevməkdir, Onun sevdiklərinə sevgi göstərmək, Allaha sevgi göstərməkdir. Bir şey və ya bir kimsə sevildiyi zaman, sevgiliylə əlaqəli olan şeylər də seviləcək. Allahı sevən Allahın sevdiklərini də sevər, bu sevginin gətirdiyi qaçılmaz hisslərdir. Allahı sevən biri, Allahı daha çox sevənləri sevəcək, buna görə Allah aşiqləri ilkin mərhələdə Peyğəmbəri (s) və İmamları (ə) sonra isə onların yolunu layiqincə davam etdirən şəxsləri sevməkdədirlər.\\Maide.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter