“Alİ-Muhəmmədİn (s) Məhdİsİ” Kİmdİr və nə üÇün onun Gəlİşİnİ Gözləyİrsİnİz?


Asimani şəriətlərin yekdil fikirdə olduğu məsələlərdən biri də dünya səviyyəsində bir islahatçının gəlişidir ki, zəmanənin axırlarında zühur edəcəkdir. Təkcə islam cəmiyyətlərində deyil, yəhudi və məsihi cəmiyyətlərində də dünya səviyyəli belə bir ədalət hakiminin gəlişi gözlənilir. “Əhdi-ətiq” (Tövrat) və “Əhdi-cədid” (İncil) kitablarına müraciət etməklə bu həqiqət aydınlaşır. (“Əhdi ətiq”, Məzamiri Davud, Məzmur-96 və 97, Kitabi Daniyal Nəbi, 12-ci bab.) İslam mühəddisləri Peyğəmbəri Əkrəm (s)-in belə buyurduğunu nəql etmişlər:
لَوْ لَمْ يَبْقَ مِنَ الدَّهْرِ اِلاَّ يَوْمٌ لَبَعَثَ اللّهُ رَجُلاً مِنْ اَهْلِ بَيْتِي يَمْلَاُهَا عَدْلاً كَمَا مُلِئَتْ جَوْرًا
“Əgər dünyanın axırına hətta bir gün qalmış olsa belə, Allah mənim Əhli-beytimdən olan bir nəfəri seçəcək, o, yer üzünü haqsızlıq və zülm ilə dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.” (“Səhihi Əbu Davud”, Misir çapı, “Əl-Mətbəətut-taziyyə”, 2-ci cild, səh.207, “Yənabiul-məvəddət”, səh.432, “Nurul-əbsar”, səh.154.)
Deməli, yuxarıda da qeyd olunduğu kimi, belə bir islahatçının gəlişinə etiqad bəsləmək asimani şəriət sahiblərinin fikir birliyidir. Eləcə də sünnülərin “Sihah” və “Müsnəd” kitablarında vədəsi verilmiş Məhdi ilə əlaqədar çoxlu rəvayətlər nəql edilmiş, hər iki firqədən (sünnü və şiə) olan islam məhəqqiqləri və mühəddisləri o həzrətin barəsində çoxlu kitablar yazmışlar.
Bu rəvayətlərin məcmusu o həzrətin xüsusiyyətlərini və əlamətlərini elə dəqiq şəkildə müəyyən edir ki, o, yalnız İmam Həsən Əskəri (ə)-ın övladına və şiələrin on ikinci İmamına uyğun gəlir. (“Yənabiul-Məvəddət”, 76-cı bab) Bu rəvayətlərə əsasən o həzrət, Peyğəmbəri Əkrəm (s)-lə eyni adladır. On ikinci rəhbər ( və Hüseyn ibni Əliyyibni Əbi Talib (ə)-ın nəvələrindəndir. (“Yənabiul-Məvəddət”, səh.443) (“Səhihi Tirmizi”, Dehli çapı, 1342-ci il, 2-ci cild, səh.46æ “Müsnədi Əhməd”, Misir çapı, 1313-cü il, 1-ci cild, səh.376)
Vədəsi verilmiş Məhdi 255-ci hicri ilində Allahın əmri ilə dünyaya gəlmişdir və hal-hazırda da sair insanlar kimi, tanınmaz halda öz həyatını davam etdirir.
Qeyd olunmalıdır ki, bu qədər uzun ömür nə elm ilə ziddir, nə də vəhy məntiqi ilə. Müasir elm insanların təbii ömürlərini artırmaq qərarına gəlib. Alimlər inanırlar ki, insanın uzun müddət yaşamağa qabiliyyəti vardır. Əgər müəyyən bəlaların və xəstəliklərin qarşısı alınarsa ömrün daha çox artırılmasına imkan yaranacaq. Tarixdə də uzun ömür sürən şəxslərin adı qeyd olunmuşdur. Quran həzrəti Nuh (ə) barəsində buyurur:
فَلَبِثَ فِيهِمْ اَلْفَ سَنَةٍ اِلَّا خَمْسِينَ عَامًا
“Nuh öz qövmü arasanda min ildən əlli il əskik (950 il) yaşadı.” (“Ənkəbut” surəsi, ayə:14)
Həzrəti Yunis (ə) barəsində buyurulur:
لَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ
“Əgər o, təsbih edənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.” (“Saffat” surəsi, ayə:144)
Həmçinin Xızr (ə) və İsa (ə) da Quran nəzərindən və bütün dünya müsəlmanların fikir birliyinə əsasən diridir və öz həyatlarını davam etdirirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter