Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?
Əgər Ramazan ayının gündəlik dualarına nəzər salsaq, həqiqi möminin necə həyat tərzi keçirməli olduğunu dərk etmiş olarıq. Belə ki, bu dualar bizə deyir ki, insan həyatı səy və çalışma ilə zəngin olmalıdır. Allaha təvəkkül etməli, Onun əmrlərinə təslim olmalıdır.
Yaxşı bilirik ki, dua – möminin silahıdır. Xaliq ilə məxluq arasında olan rabitələri formalaşdırar. Duanı, ən aşağı mənəvi dərəcədə olan insandan tutmuş, ali mənəvi dərəcəyə çatan hər bir insan edər. Dua – bəndənin Allahla etdiyi münacat və dərdləşməkdir. Öz ehtiyaclarını bölüşüb, sirlərini əmanət etdiyin kəsə etimad etməkdir.
“Səhifeyi-səccadiyyə” kitabı bizə Allahla necə dua edəcəyimizin yollarını öyrədir və bizə nümunələr verir. Belə ki, Həzrət Səccad (ə) duaların birində buyurur: “Allahım! Allahım, tövfiq ver öz valideynlərim üçün bu işləri görüm”. Yəni, bizə öyrədir ki, hətta valideyn münasibətilə bağlı mövzularda belə, Allahdan tofiqat istəmək lazımdır.
Ramazan ayı – elə bir aydır ki, bu ayda dualar qəbul olar. Ona görə də bu ayda ancaq özümüz üçün deyil, başqaları üçün də dua etməyi unutmamalıyıq. Cəmiyyətimizin islah olmasını, insanlar üçün xeyirli nemətlər istəməliyik.
O zaman ki, Həmmam İmam Əlidən (ə) istəyir ki, təvqa əhlini onun üçün təsvir etsin, Həzrət Əli (ə) demir ki, təqva əhli ancaq abidlərdirlər, o, buyurur: “Həm təqvaya malik ol və həm də ehsan et!”. Yəni, təqva əhli o kəsdir ki, özü kimilərinə yardım və ehsan etməlidir. Əks halda onu müttəqinlərdən hesab etmək olmaz.
Ramazan ayının duaları bizə deyir ki, ancaq özünü tərbiyə etmək kifayət deyildir, ətrafında olanlara qarşı da laqeyd olma.
Əmr-be-məruf və nəhy-əz-munkəri yerinə yetir. Cəmiyyəti islah etmək üçün səy göstər. Bu zaman həqiqi Allah bəndəsi olmaq olar.
Cəmiyyətdə pisliklərin artması səbəb olmamalıdır ki, biz yaxşı əməllərimizdən əl çəkək. Hətta əgər yer üzərində olan bütün insanlar pis olsalar belə, mən yaxşı insan olmağa davam etməliyəm. Çünki bu, mənim vəzifəmdir və dünyaya gəlişimin hədəfidir. Qalan pis insanlar isə mənim üçün sadəcə imtahan vasitələridir./Deyerler.