Qeybət orucu batil edirmi yoxsa savabını azaldır?! Peyğəmbərdən hədisi
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət orucu batil edər. Ancaq bu məsələ əhkamda dini hökm kimi verilməmişdir. Görəsən doğurdandamı qeybət orucu batil edir?
Necə ki, insanın gördüyü saleh əməllərin dərəcələri və mərtəbələri vardır, insanın yerinə yetirdiyi günah da fəsad baxımından eyni dərəcədə deyildirlər. Bu cür hədislər həmin günahın necə böyük olduğunu və necə şiddətli fəsad sayıldığını göstərir.
Çünki insan bir başqasının qeybətini edən zaman onun abrını aradan aparır. İslam dini insanların abır və həyasına dəyər verən bir din olduğu üçün, bu əməli şiddətlə pisləyir və məzəmmət edir, ondan çəkindirir.
Məsumlardan (ə) gələn hədislərdən belə nəticəyə gəlmək olur ki, oruc tutmağın da dərəcələri vardır. Zahiri dərəcəsi – fiqhdə bəyan olunanlardır. Onun şəraiti və batil edən əməlləri fiqhdə zikr edilmişdir. Ancaq orucun ən mühüm hissəsi – onun batinidir. O da budur ki, oruc tutan insanın bütün bədən üzvləri oruc tutmalıdır. Yəni, gözünü, dilini, qulağını və başqa bədən üzvlərini haramdan saxlamalıdır.
Belə bir oruc Allah Təala tərəfindən qəbul ola bilənlərdəndir. Əlbəttə, mükəlləf bir insan fiqhin buyurduğu kimi, vacibatını yerinə yetirməyə çalışar. Ona görə də deyə bilərik ki, oruc başqa vacibləri tərk etmək və ya günah yerinə yetirməklə öz həqiqi mənasını kəsb edə bilməyəcəkdir. Ancaq bu məsələlərin hər birinin özünəməxsus hökmləri olduğu üçün, qeybət orucu birbaşa batil etməz, orucun həqiqi dəyərini azaldar. /Deyerler.