“İtrətİ” düzGündür, yoxsa “sünnətİ”?


Cavab: Peyğəmbəri Əkrəm (s)-dən nəql olunan səhih və sabit hədis məhz “Əhlə-beyti” kəlməsi olan hədisdir. “Əhlə-beyti” kəlməsinin yerinə “sünnəti” deyə qeyd olunan rəvayət sənəd baxımından batil və rədd olunur, amma Əhli-beyti hədisinin sənədi tam kamilliyə malikdir.
“Və Əhlə-beyti” hədisinin sənədi
Bu mətni iki böyük şəxsiyyətli mühəddis nəql etmişdir. Müslim özünün “Səhih” kitabında Zeyd ibn Ərqəmdən nəql edir ki, Peyğəmbəri Əkrəm (s) bir gün Məkkə-Mədinə arasında yerləşən “Xum” adlı bir suyun kənarında xütbə söylədi, Allaha həmd-səna etdikdən sonra camaata nəsihət edərək buyurdu:
اَلاَ اَيُّهَا النَّاسُ،فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ،وَ اَنَا تاَرِكٌ فِيكُمْ ثَقَلَيْنِK اَوَّلُهُماَ كِتاَبُ اللّهِ، فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ - فَحَثَّ عَليَ كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَK وَ اَهْلُ بَيْتِي، اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي
“Ey insanlar! Mən də sizin kimi bir bəşərəm. Pərvərdigarımın elçisinin (Əzrailin) gəlişi yaxındır, mən də onun dəvətini qəbul edəcəyəm. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Biri Allahın kitabıdır ki, onda hidayət və nur var. Allahın kitabından bərk-bərk yapışın və ona sarılın. (Peyğəmbəri Əkrəm (s) Allahın kitabına əməl etməyi təkid etdikdən sonra buyurdu:) Və (ikincisi) mənim Əhli-beytimdir. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram.” (“Səhihi-Müslim”, 4-cü cild, səh.1803, 2408 nömrə (Əbdül-Baqi çapı.))
Bu mətni Darəmi də özünün “Sünən” kitabında qeyd etmişdir, hər iki hədisin sənədi gün kimi aydındır və onda azacıq irada yol yoxdur.
2-Tirmizi bu mətni “və itrəti Əhlə-beyti” kəlməsi ilə nəql etmişdir. Onun mətni belədir:
اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي،اَحَدُهُمَا اَعْظَمُ مِنَ الآَخَرِK كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي، لَنْ يَفْتَرِقَا حَتّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهَا.
“Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz!” (“Sünəni Tirmizi”, 5-ci cild, səh.663, 37788-ci nömrə)
“Sihah” və “Sünən” müəlliflərindən olan Müslim və Tirmizi hər ikisi “Əhlə-beyti” kəlməsinə təkid etmişlər, bu da bizim nəzəriyyəmizin sübuta yetməsində kifayətdir. Hər ikisinin də sənədi son dərəcə mötəbər və xüsusi etibar dərəcəsinə malikdir.

“VƏ SÜNNƏTİ” MƏTNİNİN SƏNƏDİ
“Əhlə-beyti” kəlməsinin yerinə “sünnəti” kəlməsi qeyd olunan rəvayət saxta hədislərdən olmaqdan əlavə, sənədi də zəifdir. Onu, əməvilərə tabe olan “ravilər” özlərindən icad etmişlər.
1-Hakim Nişapuri “Müstədrək” kitabında həmin mətni aşağıdakı sənədlərlə qeyd etmişdir: Abbas ibni Əbu Üveys, Əbu Üveysdən, o da Sur ibni Zeyd Deyləmidən, o da Əkrəmədən, o da ibni Abbasdan nəql edir ki, Rəsulullah (s) belə buyurur:
يَا اَيُّهَا النَّاس اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا اِنِ اعْتَصَمْتُمْ بِهِ فَلَنْ تَضِلُّوا اَبَدًا كِتَابَ اللّهِ وَ سُنَّةَ نَبِيِّهِ!!
“Ey insanlar, mən sizin aranızda iki şeyi qoyub gedirəm, onlara sarılıncaya qədər öz yolunuzu azmazsınız: Allahın və Peyğəmbərin sünnəti.” (“Müstədrək” (Hakim), 1-ci cild, səh.93)
Bu rəvayəti nəql edənlər arasında onun sənədinə irad gətirən şey ata və onun oğludur: Əbu Üveys və onun oğlu İsmail ibni Əbu Üveys. Onların heç birinin etibar dərəcəsinə malik olmamasından əlavə, üstəlik yalançılıqla və saxta hədis yaratmaqla da müttəhim olunurlar.

RİCAL ALİMLƏRİNİN BU İKİ ŞƏXS BARƏSİNDƏKİ SÖZLƏRİ
Hafiz Məzzi özünün “Təhzibul-kamal” kitabında İsmail və onun atası barəsində rical elminin məşhur mühəqqiq və şəxslərindən belə nəql edir: Yəhya ibni Muin (rical elmində böyük şəxsiyyətli alimlərdəndir) deyir: “Əbu Üveys və onun oğlu zəifdir.” Həmçinin Yəhya ibni Muindən nəql olunmuşdur ki, belə deyir: “Bu iki nəfər hədisi oğurlayırdılar.” O, Əbu Üveysin oğlu barəsində deyir: “Ona etimad etmək olmaz.” Nəsai onun oğlu barəsində demişdir: “O, zəifdir və etibar olunası deyildir.” Əbul Qasim Lalikai demişdir: “Nisai onun əleyhinə çox sözlər demişdir... (nəhayət sözü bura çatır:) onun hədisləri tərk edilməlidir.”
İbni Ədi (o, rical alimlərindəndir) deyir: “İbni Əbu Üveys öz dayısı Malikdən qəribə hədislər rəvayət etmişdir ki, heç kəs onu qəbul etmir.” (“Təhzibul-kamal” (Hafiz Məzzi), 3-cü cild, səh.127)
İbni Həcər “Fəthul-Bari” kitabının müqəddiməsində qeyd edir: “Heç vaxt ibni Əbu Üveysin hədislərinə istinad etmək olmaz, çünki Nəsai onun barəsində qədh etmişdir (güclü eyb tutmuşdur).”
Hafiz Seyyid Əhməd ibni Siddiq “Fəthul-milkil-ula” kitabında Səlmət ibni Şeybdən nəql edir ki, o, İsmail ibni Əbi Üveysin belə dediyini eşitmişdi: “Mədinə əhli hər hansı bir məsələ barəsində iki dəstə olanda mən hədis quraşdırırdım.” (“Fəthul-milkil-ula” (Hafiz Seyyid Əhməd), səh.15)
Deməli oğul (İsmail ibni Əbi Üveys) saxta hədis düzəltməklə müttəhim olunmuş və ibni Muin onun yalançı olduğunu demişdir. Bundan əlavə, onun hədisi nə Tirmizinin, nə də Müslimin səhih kitablarında, eləcə də digər səhih kitabların heç birində qeyd olunmamışdır. Əbu Üveysin barəsində isə Əbu Hatəm Razinin “Cərh və tədil” kitabında yazdığını qeyd etmək kifayətdir. O yazır: “Onun hədisi yazılır, lakin istinad edilmir. Onun hədisi güclü və möhkəm deyildir.” Həmçinin Əbu Hatəm, ibni Muindən nəql edir ki, Əbu Üveys etimad olunası şəxs deyildir. (“Əl-cərhu vət-tədil” (Əbu Hatəm Razi), 5-ci cild, səh.92)
Sənədində bu iki nəfərin olduğu rəvayət heç vaxt səhih ola bilməz. Bundan əlavə onlardan nəql olunan hədis səhih və sabit rəvayətlə müxalifdir.
Qeyd olunmalıdır ki, hədisi nəql edən şəxs, yəni Hakim Nişapuri onun zəif olduğunu etiraf etdiyindən bunun sənədini təshih etməmişdir, lakin onun məfhumunun səhih olmasına dair elə bir şahid gətirmişdir ki, o da sənəd baxımından çox zəif olub etibar dərəcəsindən düşür. Buna görə də hədisi gücləndirmək əvəzinə, onun zəifliyini daha da artırır. İndi isə onun süst və zəif olmasının şahidlərini qeyd edirik:


“VƏ SÜNNƏTİ” RƏVAYƏTİNİN İKİNCİ SƏNƏDİ
Hakim Nişapuri aşağıda qeyd olunacaq sənədlərlə Əbu Hüreyrədən şəkildə belə nəql edir: (“Müstədrək”, 1-ci cild, səh.93)
اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ شَيْئَيْنِ لَنْ تَضِلُّوا بَعْدَهُمَا كِتَابَ وَ سُنَّتِي وَ لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ
Hakim onu bu sənədlərlə nəql edir: Əz-Zəbiyy, ən Saleh ibni Musəl-Təlhi, ən Əbdul-Əziz ibni Rəfi, ən Əbi Saleh, ən Əbi Hüreyrə
Bu hədis də əvvəlki hədis kimi saxtadır və onu nəql edənlərin arasında Saleh ibni Musa Təlhinin adı qeyd olunur. Biz böyük rical alimlərinin onun barəsindəki sözlərini qeyd edirik:
Yəhya ibni Muin deyir: “Saleh ibni Musa etimad olunası şəxs deyil.” Əbu Hatəm Razi deyir: “Onun hədisləri zəif və münkərdir (inkar olunandır).” Nəsai deyir: “Onun hədisi yazılmır.” Başqa yer də deyir: “Onun hədisləri mətrukdur (tərk olunmuşdur).” (“Təhzibul-kamal” (Hafiz Məzzi), 13-cü cild, səh.96)
İbni Həcər “Təhzibut-təhzib” kitabında yazır: “İbni Hibban deyir: Saleh ibni Musa etibarlı şəxslərə elə şeyləri istinad verir ki, onların sözlərinə oxşamır. (Axırda deyir:) Onun hədisi höccət deyildir.” Əbu Nəim deyir: “Onun hədisi mətrukdur və daim münkər (inkar olunmuş) hədisləri nəql edir.” (“Təhzibut-təhzib” (İbni Həcər), 4-cü cild, səh.355)
İbni Həcər “Təqrib” kitabında (2891-ci nömrədə) deyir: “Onun hədisi mətrukdur.” Zəhəbi “Kaşif”də (2412-ci nömrədə) deyir: “Onun hədisi süstdür.” Zəhəbi “Mizanul-etidal” kitabında (2-ci cild, səh.302) bizim araşdırdığımız hədisi ondan nəql edir və deyir: “Bu, onun münkər (inkar olunmuş) hədislərindəndir.”

“VƏ SÜNNƏTİ” HƏDİSİNİN ÜÇÜNCÜ SƏNƏDİ

İbni Əbdul-Birr “Təmhid” kitabında (24-cü cild, səh.331) bu mətni aşağıda qeyd olunan sənədlə nəql etmişdir: Əbdur-Rəhman ibni Yəhya Əhməd ibni Səiddən, o da Məhəmməd ibni İbrahim Dəbilidən, o da Əli ibni Zeyd Fərarizidən, o da Hüneyidən, o da Kəsir ibni Abdullah ibni Əmr ibni Ovfdan, o da atasından, o da babasından nəql edir.
İmam Şafei, Kəsir ibni Abdullah barəsində deyir: “O yalanın sütunlarından biridir”. (“Təqrib” 8-ci cild, səh.377æ “Təhzibul-kəmal”, 24-cü cild, səh.138)
Əbu Davud deyir: “O yalançılardan və kəzzablardan biridir.” İbni Həbban deyir: “Əbdullah ibni Kəsir atasından və babasından elə hədis kitabı nəql edir ki, onun əsası saxtadır, o kitabdan hədis nəql etmək və Əbdullahdan rəvayət etmək haramdıræ yalnız təəccüb və tənqid etmək məqamı istisna olunur.” (“Əl-məcruhin” (İbni Həbban), 2-ci cild, səh.221)
Nisai və Darqutni demişlər: “Onun hədisi mətrukdur.” İmam Əhməd deyir: “Onun sözü inkar olunur və etimad olunası deyildir.” İbni Müin də həmin nəzərə malikdir.
İbni Həcərin “Ət-təqrib” kitabında yazdığı çox qəribədiræ belə ki, onun tərcümeyi-halını şərh edərkən yalnız “zəifdir” kəlməsi ilə kifayətlənmiş, onu yalançılıqla müttəhim edənləri də ifratçı adlandırmışdır, halbuki məşhur rical alimləri onu yalançılıq və saxta hədis deməkdə müttəhim etmişlər, hətta Zəhəbi demişdir ki, “onun adi danışığı belə süst və puçdur.”

SƏNƏDSİZ NƏQLLƏR
Malik “Əl-müvəttə” kitabında onu sənədsiz və mürsəl şəkildə nəql etmişdir. Hamının bildiyi kimi belə bir hədisin dəyəri yoxdur. (“Əl-müvəttəə” (Malik), səh.889, 3-cü hədis)
Bu araşdırmalar gözəl şəkildə aydınlaşdırır ki, “və sünnəti” kəlməsi ilə olan hədis saxtadır, yalançı və əməvi sülaləsinə bağlı olan ravilər onu, “və itrəti” kəlməsi ilə olan səhih hədisin müqabilində özlərindən düzəltmişlər. Buna görə də məscidlərin xətiblərinə, İmam camaatlara və təbliğatçılara vacibdir ki, Peyğəmbər (s)-dən nəql olunmayan hədisləri tərk edib onun yerinə səhih hədisləri camaata bəyan etsinləræ o hədisi ki, Müslim öz “Səhih” kitabında “Əhlə-beyti” surətində, Tirmizi isə “itrəti və Əhlə-beyti” şəklində nəql etmişlər. Elm axtaranlara vacibdir ki, hədis elmini öyrənsinlər, səhih hədisi zəif hədisdən seçə bilsinlər.
Sonda bunu qeyd etməyi lazım görürük ki, “Əhlə-beyti” kəlməsində Peyğəmbər (s)-in məqsədi onun nəslidir, o cümlədən Fatimeyi Zəhra (ə.s), İmam Həsən və Hüseyn (ə). Çünki Müslim öz “Səhih”ində (4-cü cild, səh.1883, 2424-cü hədis) və Tirmizi öz “Sünən” kitabında (5-ci cild, səh.663) Ayişənin belə dediyini nəql edirlər:
نَزَلَتْ هَذِهِ الآيَةُ عَلَي النَّبِيِّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِه˝ وَ سَلَّم اِنَّمَا يُرِيدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا فِي بَيْتِ اُمِّ سَلمَةَ فَدَعَا النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ˚وَآلِهِ˝وَ سَلَّمَ فَاطِمَةَ وَ حَسَنًا وَ حُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَ عَلِيٌّ خَلْفَ ظَهْرِهِ فَجَلَّلَهُ بِكِسَاءٍ ثُمَّ قَالَK اَللّهُمَّ هؤُلَاءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ اُمُّ سَلمَةَKوَ اَنَا مَعَهُمْ يَا نَبِيَّ اللّهِ؟ قَالَ اَنْتِ عَلَي مَكَانِكَ وَ اَنْتِ اِلَي الْخَيْرِ
“Təthir” ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbəri Əkrəm (s) Fatimə, Həsən və Hüseyni öz əbasının altına aldı, Əli də onun arxasında dayandı. Onları öz əbası ilə örtdü, dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir, hər növ çirkinliyi onlardan uzaq et, onları pak-pakizə qərar ver!” Ümmü Sələmə dedi: Ey Peyğəmbər! Mən də onlardanammı? (Ayədə qeyd olunan Əhli-beytdən hesab olunurammı?) Buyurdu: Sən öz yerində ol (əbanın altına girmə) sən yaxşı və xeyir yoldasan.” (Həsən ibni Əli Səqaf, “Səhihu sifəti səlatin-Nəbi” kitabı, səh.287-294.)

“SƏQƏLEYN” HƏDİSİNİN MƏFHUMU
Peyğəmbər (s)-in öz itrət və Əhli-beytini Quranla yanaşı qərar verməsi və hər ikisini ümmət arasında Allahın höccəti kimi vəsf etməsindən iki nəticə almaq olar:
1-Peyğəmbəri Əkrəm (s)-in itrətinin sözləri Quranın özü kimi höccətdir və dini işlərdə – istər əqidəvi, istərsə də hüquqi – onların sözünə istinad etmək lazımdır, onların tərəfindən bir dəlil mövcud olduqda başqa şeyə istinad etmək lazım deyil.
Müsəlmanların Peyğəmbəri Əkrəm (s)-in vəfatından sonra xilafət və islam ümmətinin siyasi işlərinin idarə olunması kimi məsələlərdə iki qrupa ayrılmasına, hər birinin özünə məxsus məntiq və dəlillərinin olmasına baxmayaraq Əhli-beytin elmi müraciət yeri olmasında heç bir ixtilaf etməməlidirlər, çünki “Səqəleyn” hədisinin düz-günlüyündə hamı yekdil fikirdədir. Bu hədis əhkam və əqidə ilə əlaqədar məsələlərdə müraciət yerini Quran və Peyğəmbər (s)-in itrəti hesab edir. Əgər islam ümməti bu hədisə əməl edərsə ixtilaf dairəsi azalar, vəhdətə böyük şərait yaranar.
2-Quran Allah kəlamı olmasına görə hər növ xəta və səhvdən uzaqdır. Onda necə xətaya necə ehtimal vermək olar, halbuki Allah onu vəsf edərək belə buyurur:
لاَ يَاْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَ لاَ مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ
“Batil ona nə arxadan, nə də öndən yol tapa bilməz. (O,) hikmət sahibi və tərifə layiq olan Allah tərəfindən nazil olan bir kitabdır.” (“Fussilət” surəsi, ayə:42)
Əgər Quran xətadan amandadırsa, təbii olaraq onun tayı-bərabəri olan Əhli-beyt də xətadan uzaqdır. Çünki xətakar bir şəxsin, yaxud şəxslərin Quranın bərabəri ola bilməsi yalnış fikirdir.
Bu hədisdən Əhli-beytin hər növ xəta və günahdan uzaq (məsum) olmasını anlamaq olar. Diqqət yetirmək lazımdır ki, bir şəxsin ismətli olması onun peyğəmbər olmasını gərəkli etmir. Bir şəxsin günahdan məsum olması və eyni halda peyğəmbər olmaması mümkündür. Həzrəti Məryəm “Ali-İmran” surəsinin 42-ci ayəsinin
يَا مَرْيَمُ اِنَّ اللّهَ اصْطَفَاكِ وَ طَهَّرَكِ وَاصْطَفَاكِ عَلي نِسَاءِ الْعَالَمِينَ
(Mələklər Məryəmə dedilər:) Ey Məryəm, həqiqətən Allah səni seçmiş, paklamış və bütün dünya qadınlarından üstün etmişdir.” hök-münə görə hər bir günahdan uzaqdır, lakin peyğəmbər deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter