İbadətin fəlsəfəsi hansı dörd əsasa söykənir?!
İbadətin mənası – müti olmağı dil və qəlblə bəyan etməkdir. Allah Quranda buyurur ki, Mən insanları və cinləri Mənə ibadət etsinlər deyə xəlq etmişəm.
Bəs ibadətin fəlsəfəsi nədir?
Allah Təalanın bizim ibadətlərimizə ehtiyacı yoxdur. Hər nə fayda və xeyir varsa – insanın özünə çatar. Necə ki, müəllim dərs keçər və bunun xeyri şagirdlərin olar, onlar elm öyrənərlər.
Hər bir halda ibadətin fəlsəfəsi bunlardır:
1. Allahın əzəmətini dərk etmək. İbadət edən insan özünü Allahın əzəməti qarşısında görür və özündən asılı olmayaraq, nə qədər zəlil və aciz olduğunu dərk edər və Allahın qüdrəti qarşısında səcdəyə düşür.
2. Bağlılıq hissi. O zaman ki, insan bir varlığa bağlanar – ona sadiq olar və ona qarşı müti olar. Bizim bütün varlığımız Allahın iradəsindən asılıdır. Ona görə də hər birimizin Ona ehtiyacı vardır. Bu ehtiyac insanı ibadət etməyə vadar edir.
3. Nemətlərə diqqət etmək. İnsan ona çatan nemətlərə görə təşəkkür edər və şükür dilini işə salar. Allahın nemətlərini görə bilməyin özü – bir məharətdir. Əgər insanda bu məharət olarsa, Allaha daha çox ibadət və pərəstiş edər.
4. Fitrət. İbadət – insanın fitri meyillərindəndir. Bu hiss bəzən doğru yolda qərar tutur, bəzən də yolunu azır. Əgər peyğəmbərlər (ə) olmasaydı, şübhəsiz ki, insanların fitri meyilləri yollarını azardılar.
Ona görə də Allah Öz elçilərinə göndərərək, insanları hidayət etmiş və hüccəti onlar üçün tamamlamışdır. Hər kim doğru yolla getmək istəyirsə, gərək Allaha peyğəmbərlərin (ə) buyurduğu kimi ibadət etsin./Deyerler.