Əgər həzrət Mehdİnİn (ə) zühuru üçün yer üzündə fəsadın yayılması şərtdİrsə, fəsadla mübarİzə aparmağın nə faydası?


Cavab: Bilməliyik ki, imamın zühur şərti yalnız ictimai fəsadların artması deyil. Əgər bəşəriyyət düşüncə və mənəviyyat baxımından inkişaf edib, imamın dəyərini anlayacaq bir həddə çatarsa, həmin vaxt imam qeyd-şərtsiz zühur edər. İmamın zühuru üçün əsas şərtlərdən biri bəşəriyyətin belə bir rəhbərə layiq olmasıdır.
Əqidə və din kitablarında geniş şəkildə araşdırılmışdır ki, imamın qeybdə qalmasının əsas səbəbi bəşəriyyətin iman, əxlaq və əməl baxımından bu zühura hazır olmamasıdır. Əgər bu maneə aradan qaldırılsa, qeybət dövrü başa çatar.
Böyük filosof mərhum Xacə Nəsrəddin Tusi “Təcridul-əqaid” kitabında bu barədə üç qısa və dəyərli cümlə buyurmuşdur. Bu cümlələri qısa izahla təqdim edirik:
a) “Vucuduhu lutfun”: İmamın istər aşkar, istərsə də gizli varlığı bəşəriyyət üçün böyük mənəvi nemət və Allaha yaxınlaşma vasitəsidir. Çünki Allahla xalq arasındakı əlaqə imam vasitəsi ilə bərqərar olur. Bir çox mənəvi və maddi nemətlər imama xatir insanlara əta olunur. Hətta imamı görməyib-tanımayan layiqli insanlar imam vasitəsi ilə mənəvi hidayət edilir.
b) “Və təsərrufihi lutfun axər”: Əgər imam qeyb pərdəsi arxasından çıxıb, aşkar yol göstərərək, hakimiyyəti ələ alsa, bu da növbəti bir nemət olacaq. Bu halda nəinki kiçik bir qrup, bütün bəşəriyyət imamın vücudundan bəhrələnəcək. Çünki imamın vücudu ədalət və ilahi göstərişlər məzhəridir.
v) “Və ədəmihi minna”: Əgər imam qeyb pərdəsi arxasında qalıb, xalqın işlərinə müdaxilə etməsə, bəşəriyyət üçün çox faydalı bir iş həyata keçməmiş qalacaq. Amma bu maneəni yalnız və yalnız xalq özü yarada bilir. Bu nemətin əta edilməməsinin səbəbkarı xalq özüdür. Əgər xalq fəzilət, əxlaq, ədalət üzərində qurulmuş dünyəvi bir hakimiyyət istəyirsə və buna hazır olarsa, sözsüz ki, bu iş baş tutacaq. Bu iş, heç şübhəsiz, Allah tərəfindən yubadılmır və zühura maneçilik törədən xalq özüdür. Bəli, yer üzündə fəsadın yayılması imamın zühuruna xas şərt deyil. Zühur üçün ən yaxın yol xalqın ləyaqətli olmasıdır.
Başqa sözlə imamın rəhbərliyinin iki şərti var:
1. Rəhbərin vücudu; 2. Rəhbərin qəbulu üçün xalqın hazırlığı.
Əgər xalqdan asılı olan ikinci şərt ödənərsə, birinci şərti Allah-təala dərhal ödəyəsidir.
2. Əsl məqsəd fəsadın yayılması, cəmiyyətin pozulması deyil. Belə bir təzahür imamın zühuru üçün yalnız şərait yaradır. Çünki yer üzünü zülm-sitəm bürüdükdə, üzücü problemlər insanı hədələdikdə, insan bu vəziyyətdən təkbaşına çıxa bilmir. Belə bir məqamda o ilahi rəhbərin zəruriliyi haqqındа düşünür və buna hazırlaşır. İnsan anlayır ki, onun xəstəliyinin yeganə dərmanı ilahi dərgahdadır və cəmiyyəti bürümüş azğınlıqlara yalnız ilahi inqilab son qoya bilər.
Heç bir islahedici inqilab düşüncə hazırlığı olmadan gerçəkləşmir. “Tələbat və təminat” iqtisadiyyatın əsas məsələsi olduğu kimi ictimai dirçəlişin də əsasını təşkil edir. Xalqın tələbatı olmadığı şəraitdə istənilən bir maddi və mənəvi təminat səmərəsizdir.
Belə bir sual yaranır ki, islahedici bir inqilab üçün fikri və ruhi hazırlıq kifayət edirmi? Yoxsa pərakəndə düşüncələri həqiqi inqilaba çevirən başqa bir şeyə də ehtiyac var?
Belə bir inqilabın təkcə düşüncə hazırlığına yox, həm də yetərli qüvvəyə ehtiyaclı olduğunu təkcə təcrübə yox, islahedici inqilab haqqında nəql olunmuş çoxsaylı hədislər də təsdiq edir. Yalnız belə bir qüvvə inqilabın qarşısında dayanmış maneələri aradan qaldıra bilər. İslami rəvayətlərdə yardımçıların, onların sayı haqqında ətraflı məlumat verilmişdir.
Biz ikinci şərti ödəmək, fədakar mücahidlər yetişdirmək üçün çalışmalıyıq. Dünyanı bürüyəcək inqilab üçün elə insanlar hazırlanmalıdır ki, həzrətin ümumbəşəri məramları bütün yer üzündə gerçəkləşə bilsin. Belə bir müqəddəs hədəf o zaman həqiqətə çevrilir ki, ədalətsevər insanlar əlini əlinin üstünə qoyub oturmasın və imanlı insanlar tərbiyə etmək üçün zəhmət çəksin.
3. Bütün bunlardan əlavə, biz həzrət Mehdi (ə) inqilabına münasibətdə öz mövqeyimizi müəyyənləşdirməliyik. Əgər biz yer üzündə fəsadın yayılmasına kömək etsək, şübhəsiz ki, həzrət Mehdi (ə) inqilabının hədəfinə çevrilərik. Yox əgər cəmiyyətin islahına çalışsaq, həzrət Mehdinin (ə) inqilabına yardım edənlərdən olarıq. Demək, yer üzündә fəsadın artmasına kömək etməklə həzrət Mehdinin (ə) zühurunu tezləşdirmiş olsaq belə, özümüzü təhlükəyə atmış oluruq. Məgər həzrət Mehdi (ə) fəsada rəvac verənlərin əllərini kəsmək üçün zühur etməyəcəkmi? Yer üzündə fəsadın yayılmasına kömək etdiyimiz halda Mehdi (ə) inqilabından necə faydalana bilərik?
Belə ki, zühurun tezləşməsi üçün fəsad qarşısında sakit dayanmaq və ya fəsadın yayılmasına kömək etmək düzgün deyil. Çox güman ki, belə bir yanlış münasibətin müəllifi məsuliyyətdən boyun qaçırmaq istəyənlər və ya fəsada aludə olanlardır.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter