Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır?
İndiyə qədər kimə vədələr vermisiniz və ya kimsə sizə vədə veribdirmi? Biz insanlar arasında verilən bu vədələrə nə qədər inanmaq olar? Onların neçə faizi həyata keçəndir?
Allahın nurani kitabı olan Quranda bizlərə çoxlu vədələr verilmişdir. Bu vədələri Sübhan Allah vermişdir. Əlbəttə Allahın verdiyi vədələr hara, bizim verdiklərimiz hara?!
Quranda vədə sözü 151 dəfə işlənmişdir. Bu vədələrin 91-ni Allah vermişdir. (Tebyan)
Bunu nəzərə almaq lazımdır ki, ancaq Allahın vədəsinə inanmaq olar, çünki ancaq bu vədələr haqdır. “Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər”. (“Yunus” 55).
Əgər Allah vədə verərsə, deməli haqdır və qətidir. “Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz, Allah yenilməz qüdrət və intiqam sahibidir”. (“İbrahim” 47).
“(Bütün bunlara and olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir”.(“Mursəlat” 7).
Heç indiyə qədər Allahın verdiyi vədələrə diqqət etmisinizmi? Heç bilirsinizmi ki, Allah nə vədələr vermişdir?
Allahın verdiyi bəzi vədələrə nəzər salaq.
Bağışlanma və əcr vədəsi.
Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
Məad və Qiyamət vədəsi.
Allahın Quranda insana ən çox verdiyi vədələr Qiyamət və məadla bağlıdır. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir”. (“Yunus” 4).
Behişt vədəsi.
Quranda gözə dəyən vədələrdən biri də behişt vədəsidir. Allah möminləri behiştlə müjdələyir. “İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!”. (“Nisa” 122).
Cəhənnəm əzabı vədəsi.
Allah insana behişt vədəsi verdiyi kimi, cəhənnəm vədəsi də vermişdir. «Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir». (“Hicr” 43).
İlahi yardım vədəsi.
İlahi yardım bizim dinə xidmət etməyimizdən asılıdır. “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd” 7).
“Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir”. (“Həcc” 40).
Allah evlilikdə yardım edər.
“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32). Bu, Allahın vədəsidir və biz də gərək bu vədəyə başqa vədələr kimi əməl edək./Deyerler.