On ikinci İmam (ə.f) qeybdədir, ya doğulacaq?


Əhli-beyt (ə) ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin varisi və ümmətə rəhbərlik edəcək şəxslərin sayı on ikidir. Bu on iki şəxs Həzrət Peyğəmbərin (s) nəslindən gələn və onun övladı hesab edilən on iki İmamdır. İslam Peyğəmbəri (s) ümmətinə on iki İmamı tanıtmış, hətta onların adlarını belə açıqlamışdır:

1. İmam Əli (ə)
2. İmam Həsən (ə)
3. İmam Hüseyn (ə)
4. İmam Zeynül-abidin (ə)
5. İmam Muhəmməd Baqir (ə)
6. İmam Cəfər Sadiq (ə)
7. İmam Musa Kazim (ə)
8. İmam Rza (ə)
9. İmam Muhəmməd Təqi (ə)
10. İmam Əli Nəqi (ə)
11. İmam Həsən Əskəri (ə)
12. İmam Mehdi (ə.f)

Bütün İslam ümməti sonuncu İmamın (ə.f) zühurunu gözləməkdədir. Hələ on iki İmam dünyaya gəlməmişdən əvvəl peyğəmbər səhabələri Həzrət Muhəmməddən (s) sonra on iki şəxsin ümmətə rəhbərlik edəcəyi əqidəsinə malik idilər. Məşhur sünni alimi İsmayıl Buxari \'\'Səhih Buxari\'\' kitabının 9-cu cild, 101-ci səhifəsində yazır: “Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir“\'. Tirmizi “Səhih”inin 2-ci cildində və Əhməd ibn Hənbəl “Müsnəd”ində (c. 1, səh.9; c. 2, səh.101; c. 5, səh.92) Cabirdən nəql edərək belə qeyd edirlər: “Peyğəmbər buyurdu ki, İslam dini hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır”. Əhli-beyt ardıcılları Qüreyş qəbiləsindən olan və ümmətə rəhbərlik edəcək on iki şəxsin məhz Peyğəmbər nəslindən olacağını və sonuncu, on ikinci İmamın qeybdə olmasını qəbul edirlər. Bu barədə onların əlində tutarlı dəlil və sübutlar vardır. Həzrət Peyğəmbər (s) bütün zamanlara aid edilən bir hədis buyurmuşdur: “Hər kəs ölə və öz zamanının İmamını tanımaya, cahiliyyət dövrünün insanları kimi ölmüşdür”. Bu hədisi bir çox məşhur əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Əhli-sünnə alimləri bu hədisin bir neçə ünvanını qeyd etmişdir:

1) ”Səhih Müslim”, c.12, səh.440. 2) “Səhih Buxari”, c.5, səh.13. 3) “Kənzül-Ümmal”, c.1, səh.103. 4) “Müsnəd Əhməd”, c.4, səh.96 və s. mənbələrdə qeyd edilmiş bu hədis sonuncu İmamın varlığına sübutlardan biri kimi qəbul olunur. Hədisdən aydın olur ki, hər bir zamanın İmamı var. Görəsən, bu zamanın İmamı kimdir? Cavab budur ki, indiki zamanın İmamı və on ikinci İmam Həzrət Mehdidir (ə.f.). Onu görmək mümkün deyil, o, qeybdədir. Sünni və şiə alimlərinin qəbul etdiyi tarixi sənədlərdə qeyd edilmişdir ki, İmam (ə.f) dünyaya gəldikdən sonra Allahın iznilə qeybə çəkilib və hal-hazırda qeybdədir. Sünni alimi Təbəri on ikinci İmamın qeyb zamanında yaşamış və həmin dövrdə \'\'Tarixur-rəsul vəl-müluk\'\' kitabında həmin tarixi hadisəni qeyd etmişdir. Kitab\'\'Tarixi-Təbəri\'\' adı ilə məşhurdur. Bundan əlavə \'\'Tənbihul-əşraf\'\' və \'\'Murucus-zəhəb\'\' kitablarında da adıçəkilən hadisə barədə məlumat əldə edə bilərsiz. Əhli-sünnə məzhəbində İmam Mehdinin (ə.f) qeybə çəkilməsi barədə 500-dən artıq hədis mövcuddur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter