Hansı xüsusiyyət insana cəmiyyətdə güc və hörmət qazandırar?!


Ədəb həqiqətən də insanı kamala çatdıran amillərdəndir. Belə ki, İmam Əli (ə) buyurur: “Bu, ədəbdir ki, insanı kamala çatdırar”.



Müsəlman gərək başqa insanlarla ədəb və ehtirama riayət edərək, danışsın. Özünə qoyduğu hörməti, başqalarına da qoysun. İmam Əli (ə) buyurur: “Mömin insanın həyatının əsas hissəsi – ağıldır. Doğruluq və düzlük onu yoluna hidayət edər. Ədəbi səbəb olar ki, cəmiyyətdə güc əldə etsin. Əgər İlahi nemətlərin şakiri olarsa, həyatı məntiqli və doğru olar”.



Müsəlman şəxsi təhqir etmək haramdır. Hətta ədəbsiz insanla belə, ədəblə rəftar etmək lazımdır ki, onun üçün örnək olsun.Bəzi insanlar düşünür ki, ədəbsiz insanla gərək onun səviyyəsində rəftar edəsən. Amma mübarək dinimiz buyurur ki, insana güc verən – onun ədəbidir. Qaba və sərt rəftar, insanı güclü edə bilməz – zahirən kiməsə başqa cür görünsə belə.



Ədəb – insanlıq səmasının ən parlayan ulduzudur. Ona görə də Məsumlarımız (ə) özləri ədəbli olmuş və bizləri də ədəbə riayət etməyə dəvət etmişdilər. İmam Əli (ə) buyurur: “Ədəb – ən yaxşı xasiyyətdir”.



Həzrət Əli (ə) başqa yerdə buyurur: “Hər kim Böyük Allahın ədəbi ilə ədəblənərsə, bu, onu cavidan nicata çatdırar”.



Allah Təala Öz Peyğəmbərini (s) ədəbli etmiş və onu bu ədəb sayəsində kamala çatdırmışdır. Sonra buyurmuşdur ki, “həqiqətən sən, böyük ədəbə maliksən”.



Həzrət Peyğəmbər (s) özü bu həqiqəti təsdiq edərək buyurur: “Allah məni ədəbli etmişdir və yaxşı ədəbli etmişdir”.



Hər kimin batinindəki hakimi ağlı və vicdanı olar, dərk edər ki, həyatın ən mühüm qanunlarından biri – ədəbə riayət etməkdir. Çünki ədəb insanı məkarim əxlaqa tərəf meyil etdirər. Belə insan həm Allahın və həm də başqalarının sevimlisi olar. Öz nəfsini tərbiyə və islah edər.



O, öz ədəbi ilə cəmiyyətdə ad-san qazanar. Allah yanında göstərdiyi ədəbə görə, Allah ona tofiqatlar verər ki, bunun sayəsində kamala doğru hərəkət edər. (Tebyan)
Bu səbəbdəndir ki, deyirlər: ədəb insanı kamala çatdırar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter