Quran və hədis: Nemətləri israf edən şəxs hansı böyük günaha düşür?!


İsraf – o günahlardandır ki, kəbirə hesab olunur. Allah Quranda buyurur: “(Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir”. (“Ənam” 141).


Qurani-Kərimin başqa yerində buyurulur: “(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31).

“(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).


“Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir”. (“Taha” 127).


İmam Sadiq (ə) buyurur: “Allah iqtisadı (mötədil olmağı) sevər, israfı düşmən bilər. Hətta xurmanın tumunu atmağı belə. Çünki o da işə yarayır”.
Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Allahdan qorx və həddi aşma, həmişə orta həddə ol. Allah buyurur: “İsraf etmə və Allah heç kəsə mötədil olduğu üçün əzab verməz””.



İmam Sadiq (ə) buyurur: “O kəs ki, malını israf üzündən tələf edər və yoxsul olar, duası yerinə yetməz. O zaman ki, deyər: “Allah, mənə mal ver”, Allah Təala buyurar ki, məgər sənə mötədil olmağa əmr etmədimmi?!”.



Əmirəl-möminin (ə) buyurur: “Nə zaman Allah, Öz bəndəsinə xeyir iradə edər, ona mötədil olmağı, həyatını gözəl idarə etməyi ilham edər. Onu israf və pis tədbirdən uzaq tutar”. (İslami saytlara istinadən)

Beləliklə deyə bilərik ki, israf – günahdır. Hər kim israf edər, Allahın düşmənlərindən olar. Allah belə insanı sevməz. Əksinə o kəs ki, mötədil olar, Allah ona rəhmət gözü ilə baxar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter