Sual olunur: Həzrət Əli (ə) niyə üç oğlunun adını üç xəlifənin adlarından qoyub?
Qısa cavab:
Əbubəkr adlandırması:
I. Əgər həzrət Əli (ə) öz oğluna Əbubəkrin adını qoyurdusa, gərək onun künyəsini deyil, əsl adını qoyaydı (Abdullah, Ətiq, Əbdul-Kəbə tarixlərdə olan ixtilafa əsasən).
II. Əbubəkr həzrət Əli (ə)-ın oğlunun künyəsi idi. Oğulun künyəsi də atanın ixtiyarında deyil. Onu şəxsin özü özünə verir, ya da həyatında baş vermiş hadisələr nəticəsində insana verilir.
III. Bir nəzəriyyəyə görə həzrətin bu oğlunun adı Abdullah olub və Kərbəla hadisəsində 25 yaşında şəhadətə yetişib.
Əbül Fərəc İsfahani yazır: “Əli (ə)-ın oğlu Abdullah 25-yaşında Kərbəlada şəhid olub və heç bir övladı da olmayıb” (“Məqatilut-talibin”, 1-ci cild, səh. 22).
Bunu nəzərə aldıqda məlum olur ki, Abdullah həzrətin xilafətinin əvvəllərində dünyaya gəlib. Məhz o dövrlərdə həzrət özündən əvvəlki xəlifələrdən kəskin intiqad edirdi.
Ömər adlandırması:
I. Ömərin adətlərindən biri də insanların adını dəyişmək idi. Tarixçilərin dediklərinə istinadən Ömər özü bu adı ona qoymuşdur. Sonralar da elə bu adla da tanındı.
Bəlazəri “Ənsabul-əşraf” kitabında yazır: “Ömər İbn Xəttab Əlinin (ə) oğluna öz adını qoyaraq Ömər adlandırdı” (“Ənsabul-əşraf”, 1-ci cild, səh. 297).
Zəhəbi “Siyəru əlamun-nübəla” kitabında deyir: “Bu uşaq Ömərin vaxtında dünyaya gəldi və Ömər öz adını ona verərək onu Ömər adlandırdı” (“Siyəru əlamun-nübəla”, 4-cü cild, səh. 134).
Ömər başqalarının da adını dəyişib. Biz onlardan üç nəfərinə işarə edirik:
1. İbrahim ibn Harisin adın Əbdulrrəhman edib:
“Atası onun adını İbrahim qoymuşdu. Ömər onu dəyişərək Əbdulrrəhman etdi” (“Əl-isabətu fi təmyizis-səhabə”, 5-ci cild, səh. 29).
2. Əl-Əcdə Əbi Məsruqu Əbdürrəhman edib:
“Ömər Əcdə İbn Malikin adını dəyişərək Əbdürrəhman etdi” (“Əl-isabətu fi təmyizis-səhabə”, 1-ci cild, səh. 186).
3. Sələbə ibn Sədi Müəlla edib:
“Müəllanın adi Sələbə idi. Ömər onu dəyişərək Müəlla etdi” (“Əl-ənsab”, 1-ci cild, səh. 250).
II. İbn Həcər Əsqəlani “Əl-İsabə fi təmyizis-səhabə” kitabında “adi Ömər olanlar” ünvanı altında 40 nəfər adı Ömər olan səhabənin adını çəkir.
Ömər ibn Səid ibn Malik; Ömər ibn Əbu Sələmə ibn Əbdüləsəd; Ömər ibn Vəhəb Əs-səqəli və s.
Məgər bunların adları ikinci xəlifəyə olan məhəbbət nəticəsində idi?!
Osman adlandırması:
1. Osman adlandırması üçüncü xəlifənin adı və ona olan məhəbbət nəticəsində deyil. Bəlkə Osman ibn Məzun adlı həzrət Əli (ə)-ın səhabəsinin adıdır. Rəvayətlərdə nəql olur ki, həzrət Əli (ə) buyurdu: “Oğlumun adını qardaşım Osman ibn Məzunun adından qoydum” (“Məqatilut-talibin”, 1-ci cild, səh. 23).
2. İbn Həcər Əsqəlanı “Əl-isabə” kitabında 37 nəfər Osman adlı səhabənin adını çəkir. Məgər bunlar üçüncü xəlifəyə görə adlarını Osman qoymuşdular?!
Osman ibn Əbu Cəhm Əl-əsləmi; Osman ibn Kəbiə Əs-səqəfi; Osman ibn Məzun və s.
Ətraflı cavab:
A. Allah-taalanın adları istisna olmaqla heç kimin adı ixtisas deyil. Bəzən bir adı bir çox insanlar qoyur. Bu barədə heç bir millətlər arasında qadağalar, məhdudiyyətlər yoxdur. O zamanlarda rəvac tapmış Əbubəkr, Ömər, Osman kimi adlar da bu qaydadan istisna olmayıb. Peyğəmbər (s)-in zəmanəsində, həmçinin Peyğəmbər (s)-dən sonra İmamların zəmanəsində bir çox insanlar bu adların sahibi olub və bu adlarla da tanınıblar. İmam Baqir (ə) və İmam Sadiq (ə)-ın səhabələrindən olan Əbubəkr Həzrəmin, Əbubəkr ibn Əbu Səmmak, Əbubəkr Əyyaş və Əbubəkr ibn Məhəmməd. İmam Məhəmməd Baqir (ə)-ın səhabəsindən olan Ömər ibn Əbdullah Səqəf, Ömər ibn Qeys və Ömər ibn Müəmmər.
İmam Sadiq (ə)-ın səhabəsindən olan Ömər ibn Əban, Ömər ibn Əban Kəlbi, Ömər ibn Əbu Həfz, Ömər ibn Əbu Şübə, Ömər ibn Üzəynə, Ömər ibn Bərra, Ömər ibn Həfz, Ömər ibn Hənzələ və Ömər ibn Sələmə....
İmam Baqirin (ə) səhabələrindən olan Osman Əma Bəsri, Osman ibn Cəbələ və Osman ibn Ziyad...
İmam Sadiqin səhabələrindən olan Osman İsbəhani, Osman ibn Yəzid və Osman ibn Nəva...
B. Heç şəkk-şübhə yoxdur ki, şiələr Yəzid ibn Müaviyəyə və onun törətdiyi nalayiq əmələ nifrət edirlər. Amma eyni halda görürük ki, şiələr və İmamların səhabələri arasında Yəzid adları da var. Məsələn: İmam Səccad (ə)-ın səhabəsi Yəzid ibn Hatəm. İmam Baqir (ə)-ın səhabəsi Yəzid ibn Əbdul-Məlik, Yəzid Saiğ və Yəzid Kənasi... İmam Sadiq (ə)-ın səhabəsi Yəzid ibn Xəlifə, Yəzid ibn Xəlil, Yəzid ibn Ömər ibn Təlhə, Yəzid ibn Fərqə və Yəzid Mövla Həkəm. Hətta İmam Sadiq (ə)-ın bir səhabəsinin adı “ Şimr ibn Yəzid” idi (“Cameur-rəvat və izahətul-iştibahat ənit-toroqi vəl isnad”, 1-ci cild, səh. 402).
Bütün bu adlar Müaviyə oğlu Yəzidin şiə yanında məhbubiyyətinə dəlalət edərmi?!
V. Övladlar üçün nəzərdə tutulmuş bütün adlar şəxsiyyətlə olan məhəbbətdən irəli gəlməyib. Belə olduğu təqdirdə gərək bütün müsəlmanlar öz övladlarına Peyğəmbərin (s) adını qoysunlar!
İbn Bəttal və İbn Həzər “Səhihi Buxari”-yə yazdıqları şərhində deyirlər:
“Ömər Kufə camaatına məktub yazaraq göstəriş verdi ki, heç kim Peyğəmbərin (s) adını qoymasın” (“Şərhi səhihi Buxari”, 9-cu cild, səh. 344).
Əl-Eyni “Ömdətul-qari” kitabında yazir: “Ömər Küfə camaatına məktub yazaraq bildirdi ki, heç kim Peyğəmbərin (s) adını qoymasın. Mədinə camaatına isə Məhəmməd adlı övladlarının adlarını dəyişmək əmrini verdi” (“Ömdətul-qari”, 15-ci cild, səh. 39).
Q. Səhabələrdən birinin adı “Ömər ibn Əbu Sələmə Qureyşi” idi. Ümmi Sələmənin oğlu Peyğəmbərin (s) oğulluğu idi. Kim deyə bilər Əli (ə) öz oğlunun adını Peyğəmbərin (s) oğulluğunun adını qoymayıb?!
E. Şeyx Müfidin nəqlinə əsasən İmam Həsən (ə)-ın bir oğlunun adı “Əmr” olub. Məgər demək olarmı həzrət oğlunun adını “Əmr ibn Əbdəvudun” və ya “Əmr ibn Haşimin” (Əbu Cəhl) adından götürüb və onlara görə öz oğlunun adını “Əmr” qoyub?! (“Əl-irşad”, 2-ci cild, səh. 20).
Səhihi Müslim də Ömərin dilindən nəql edir ki, Həzrət Əli (ə) Əbubəkri, Öməri yalançı, günahkar və xain hesab edirdi. Ömər, həzrət Əli (ə)-a və Əbbasa xitabən deyir: “Peyğəmbərin (s) vəfatından sonra Əbubəkr dedi: “Mən Peyğəmbərin (s) canişiniyəm.” Siz iki nəfər (Abbas və Əli (ə)) gəldiniz. Sən Abbas qardaşın oğlu Peyğəmbərin və Əli (ə) Peyğəmbərin qızı Fatimənin atasından qalan mirası istədiniz. Əbubəkr dedi: “Peyğəmbər (s) buyurub: Biz irs qoymuruq, qoyduqlarımız sədəqədir.” Siz onu yalancı, günahkar, hiyləgər və xain adlandırdınız. Halbuki, Allah bilir o, düzdanışan, dindar və haqqa tabe olandır. Əbubəkr öldükdən sonra mən Peyğəmbərin (s) və Əbubəkrin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, hiyləgər və xəyanətkar adlandırdınız” (“Səhihi Müslüm”, 3-cü cild, səh. 1378, 1757-ci hədis).
Səhih Buxari Əbubəkrə xitabən Əli (ə)-ın dilində belə nəlq edir: “Sən güclə bizə müsəllət oldun, biz Peyğəmbərə olan yaxınlığmıza görə xilafət məqamına daha layiqliyik” (“Səhihi Buxari”, 4-cü cild, səh. 1549, 3998-ci hədis).
Digər rəvayətdə isə nəql edir ki, həzrət Əli (ə) Ömərin üzünü belə görmək istəmirdi.
Əhli-təsənnünün Buxari və Müslüm kimi böyüklərinin nəql etdiyi həzrət Əli (ə)-ın xəlifələrlə bu cür sərt və kəskin rəftarını nəzərə aldıqda yenə mümkündürmü iddia oluna ki, həzrət öz övldlarına adlarını xəlifələrə və onlarla etdiyi dostluğa görə onların adların qoyub?! Əhli-sünnət iddia edir ki, həzrət Əli (ə) bütün bu adları xəlifələrə olan məhəbbəti nəticəsində qoyub. Əgər doğrudan da belədirsə onda niyə xəlifələr öz övladlarının adın Peyğəmbər (s) balası ola Həsən və Hüseyn adlarından qoymayıblar?! Birtərəfli dostluq olarmı?!
Həzrət Əli (ə)-ın bəzi övladlarının adının xəlifələrin adıyla eyni olmasında həzrətlə xəlifələr arasında olan isti və dostluq münasibətlərindən istifadə edərək xanım Fatimənin (ə) səhadətini inkar etmək həqiqətdən çox uzaqdır.