Allah-Taalanın (c.c) xüsusi bəndələrinin 5 xüsusiyyəti hansılardır?!


“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.

Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.

Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.

Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. (“Furqan” 63-68).



Bu ayələrdə Allahın xüsusi bəndələrinin beş mühüm sifəti bəyan olunmuşdur.



1. Yer üzərində təkəbbürlə yeriməzlər. Allahın xüsusi bəndələri o kəslərdir ki, təkəbbürü özlərindən uzaqlaşdırmış və təvazökarlıq libasına bürünmüşdülər. Həzrət Peyğəmbər (s) buyurur: “(Allah) bəndəliyində ən üstün insanlar o kəslərdir ki, dahi olduqları halda, təvazökarlıq edərlər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Təvazökarlıq insanın ucalığını və aliliyini artırar. Ona görə də təvazökar olun ki, Allah sizə ucalıq bəxş etsin”.



2. Başqaları ilə yaxşı rəftar edərlər. Bu bəndələrin xüsusi olmasına səbəb olan amillərdən biri də odur ki, nadan insanlarla rastlaşan zaman, onlarla yaxşı rəftar edərlər.



3. Allahla rabitə qurmaq üçün xüsusi zamanları vardır. Bu insanlar gecə və gündüz ərzində müəyyən zamanı Allahla rabitə qurmaq üçün ayırarlar. Səcdəyə gedər, ibadətlə məşğul olarlar. Allahla raz-niyaz edərlər.



4. İnfaq əhlidirlər, ancaq israf etməzlər. Bu insanlar hər bir durumda sədəqə verər, infaq edərlər. Hətta özlərinin maddi çətinliklərinin olmasına baxmayaraq, daima infaq əhli olarlar. Ancaq nə israf edərlər və nə də simiclik edərlər.



5. Mütidirlər. Bu insanların bariz sifətlərindən biri də Allaha münasibətdə müti olmaqlarıdır. Allahın əmrlərinə sorğu-sualsız əməl edərlər və Allahdan qeyrisindən əllərini üzərlər. Ona görə də bu insanların günahları az olar. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter