Məsumların (ə) məadı fərqlidirmi?!
Bütün insanlar Qiyamət günü diriləcəkdir. Bəs adi insanlarla Məsumların (ə) məadı bir-birindən fərqlənirmi? (Tebyan)
Qurani-Kərimdə buyurulur: “O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar”. (“Zəlzələ” 6).
“Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq”. (“Kəhf” 47).
Bu ayələrdən belə görünür ki, hər bir insanın məadı birdir və heç kəs ondan istisna deyildir. O günü səadət əhli cəhənnəm əhlindən ayrılacaqdır. Bu zaman dünyada etdikləri əməllərinin nəticəsini görəcəklər. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).
Məsumların (ə) məadı ilə bağlı demək olar ki, o böyük gündə peyğəmbərlər, vəsilər, salehlər və şəhidlər adi insanlardan fərqli olaraq hesab vermədən və ehtiramla behiştə daxil olacaqlar. Onlar qiyamət günü ən üstün şəfaətçilər olacaqdır.
İmam Sadiq (ə) bu ayənin: “Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Ali-İmran” 185) təfsirində buyurmuşdur: “Qiyamət bərpa olan zaman Peyğəmbəri (s) çağırarlar və ona gül yarpağına bənzəyən behişt paltarı geyindirərlər. O, Allah ərşinin sağ tərəfində dayanar. Ondan sonra Həzrət İbrahimi (ə) çağırarlar və ona ağ rəngli behişt paltarı geyindirərlər. O, Allah ərşinin sol tərəfində qərar tutar. Ondan sonra Əli İbni Əbutalibi (ə) çağırarlar və ona gül yarpağına bənzər gözəl paltar geyindirərlər. Ona Peyğəmbərin (s) sağ tərəfində yer verərlər. Bu zaman Həzrət İsmayili (ə) çağırarlar və ona ağ rəngli paltar geyindirərlər və onu Həzrət İbrahimin (ə) sol tərəfində qərar verərlər. İsmayildən (ə) sonra İmam Həsəni (ə) çağırarlar və ona gül yarpağına bənzər gözəl paltar geyindirərlər və o, İmam Əlinin (ə) sağ tərəfində dayanar. Ondan sonra İmam Hüseyni (ə) çağırarlar və gül yarpağına bənzər gözəl paltar geyindirərlər və ona İmam Həsənin (ə) sağ tərəfində yer verərlər. Bu tərtiblə hər bir İmamı (ə) çağırar və ona gül yarpağına bənzər paltarı geyindirər və ondan əvvəlki İmamın (ə) sağ tərəfində yer verərlər”. /Deyerler.