Üstünlük nədədir? Qədimlikdə, məhəbbətdə, yoxsa...?


İnsanların bəziləri vacibatları yerinə yetirmədən, behiştə düşmək arzusunda olurlar. Halbuki, Qurani-Kərim buyurur ki, behiştin açarı iman və saleh əmələ sahib olanlara verilir. Yəni, ancaq imana malik olub, arzular etmək, amma vacibatlardan boyun qaçırtmaq – insanı behiştə aparmaz.



Qurani-Kərim buyurur: “(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə)sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.

Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 123-124).



Bu ayələrin nazil olması barəsində nəql edirlər ki, kitab əhli ilə müsəlmanlar bir-biri ilə iftixar edirdilər. Kitab əhli deyir: “Bizim peyğəmbərimiz (ə) sizin Peyğəmbərinizdən (s) əvvəl olmuşdur. Bizim kitabımız sizin kitabınızdan daha qədimdir”.

Müsəlmanlar isə deyirdi: “Bizim Peyğəmbərimiz (s) – xatəmdir. Kitabı da sonuncu və kamil kitabdır. Ona görə də biz sizdən üstünük”.



Qurani-Kərim bu iki nəzəriyyəni rədd edərək, yuxarıdakı ayəni nazil edir və buyurur ki, insanların dəyəri, savab və cəzası – onların arzuları ilə bağlı deyildir. Əsil dəyər – iman və əməldən asılıdır. Bu mövzu dəyişməz bir qanundur ki, bütün millət onun qarşısında eynidirlər. Bütün insanlar – Allahın bəndəsidirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Söz qəbul olmaz, məgər əməllə”.



Bu gün ancaq Əhli-Beytə (ə) olan məhəbbətlərinə ümid bəsləyənlərin sayı az deyildir. Onların şəfaəti niyyəti və arzusu ilə yaşayırlar. Ancaq bu yolda ən kiçik əməl belə, yerinə yetirmirlər. Əlbəttə, Əhli-Beyti (ə) sevmək – çox dəyərli bir əməldir. Ancaq əgər bu arzu əməllə birlikdə olmazsa, səmərə verməz./deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter