Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?
Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm. Özün buyurmuşdun ki, insanların içində gəz. Mən də gəzdim, ancaq heç kəs mənə əhəmiyyət vermədi”.
Allah bu üç şikayətçiyə diqqət edəcək və insanlar məhkum olacaqlar”.
Bizim işimiz müəllimlikdir. Biz, bir müəllimdən başqası deyilik. Heç bir zaman bizə verilən ləqəblərdən: ayətullah, hüccətil-İslam və s. – xoşhal deyilik. Elə bir hədisimiz yoxdur ki, məgər orada Peyğəmbəri-Əkrəm (s) və Məsum İmamlar (ə) bizə müəllim ləqəbindən başqasını versin.
Əllamə Cəfəri buyurardı: “Mən uzun illər Qumda və Nəcəfdə dərs oxumuşam. Ancaq dərs oxumağıma görə heç bir zaman rahat olmamışam.
Çünki ümidim yoxdur ki, Qiyamət günü mənə desinlər ki, ey Muhəmmədtəqi, gəl və dərs dediyin üçün nicat dəstəyin vardır.
80 cild kitab yazmışam. Bunlara heç ümidim yoxdur. İndi 75 yaşındayam. 60 ildir ki, namaz qılır və oruc tuturam. Bir dəfə həccə getmişəm. Ancaq bunlara belə, ümidim yoxdur. Lakin tək ümid etdiyim və yəqin etdiyim şey budur ki, Qiyamət günü əlimdən Seyyidüş-şühəda (ə) tutacaqdır”./Deyerler.