Nəfslə cihadın axirət savabından əlavə, dünya üçün də təsiri vardırmı?
Ayətullah əl-üzma Şübeyr Zəncani zəncanlı alimlərdən birinin ixlası barədə belə bir əhvalat danışır:
Şeyx Bəhauddin Məhdəvi Zəncanın Hidəc şəhərinin çox fəzilətli və yüksək kamallara malik alimlərindən idi. Ömrünün son vaxtlarında Quma gəldi və
Qumda vəfat etdi. O deyirdi:
Mən əmmamə qoymaq üçün Hidəcdən Zəncana getdim. Rza şah Pəhləvinin dövrü idi. Onun zamanında əmmamə qoymaq qadağan idi. Bir sıra şərtlərlə, istisna olaraq bəzi ruhanilərə əmmamə qoymağa icazə verirdilər. Əmmamə qoymağa icazə almaq üçün Naibus-Sədrin evinə getdim. Naibus-Sədr Zəncanın tanınmış alimlərindən idi. O zaman şəhərlərdə qonaq evləri olmadığından müsafirlər ya karvansaraya, ya da böyük şəxsiyyətlərin evinə gedirdilər. Naibus-Sədrin də evi belə idi. Siyasi şəxsiyyətlər və böyük alimlər onun mənzilinə gedirdilər.
Ordu komandiri Naibus-Sədrin evinə gəlmişdi. Əmmamə üçün icazə verən idarələrin (ədliyyə, ya polis) birinin rəisi də ordu komandirini görmək üçün Naibus-Sədrin evinə gəlmişdi.
O məclisdə zövcələrin sayı barədə söhbət ortaya gəldi. Dedilər: - Filankəs çoxarvadlılıq barədə kitab yazıb, başqa bir kəs onun kitabını tənqid edib.
Əmmamə icazəsi əlində olan idarə rəisi dedi: - Mənə elə gəlir ki, hal-hazırkı dövrdə zövcənin çox olması caiz deyil. Çünki Qurani-kərim buyurur: “Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfərlə evlənin.” Şübhəsiz, indiki zamanda zövcə çox olarsa, ədalətə riayət etmək mümkün olmur. Quranın bu şərtini həyata keçirmək mümkün olmadığından bir qadından artıq qadınla ilə evlənmək olmaz.
İdarənin rəisi bu sözləri dedikdə, onun səhv fikrinin hamı tərəfindən qəbul edildiyini hiss etdim. Özlüyümdə fikirləşdim ki, hər nə olar, olar! Əmmamə qoymaqdan daha keçdim, haqqı ona çatdırım.
Dedim: - Sizin dediklərinizə iradım var.
Dedi: - İradınız nədir?
Dedim: - Rəvayətdə gəlib ki, İbn Əbu Əvca Hişam ibn Həkəmlə rastlaşdı (bax: Kafi, c. 5, səh. 362, hədis 1). İbn Əbu Əvca Hişama dedi:
- Sizin Quranınızda təzadlı məqamlar vardır. Məsələn bir ayədə gəlib: “Sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfərlə evlənin.”
Deməli, zövcənin çoxluğu üçün şərt odur ki, zülm etmək qorxusu olmasın. Buradan məlum olur ki, insan bəzən zövcələri arasında ədalətə riayət edə bilir və ona görə də bu iş icazəlidir. Bəzən də ədalətdə davrana bilmir və ona görə də bir zövcədən artığı icazəli deyil.
Digər tərəfdən “Nisa” surəsində deyir: “Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız.”
Bu təzaddır.
Hişam onun şübhəsinə cavab verə bilmədi.
Hişam deyir ki, Mədinəyə yola düşüb, İmam Sadiqin (ə) görüşünə getdim. İmam (ə) buyurdu: - Hişam, nə olmuşdur ki, bu vaxt gəlmisən? İndi nə həcc vaxtıdır, nə də ümrə.
Hadisəni olduğu kimi İmama (ə) danışdım. Həzrət buyurdu:
- Birinci ayədəki ədalətdə məqsəd hüquqi ədalətdir. Yəni əgər zövcənin nəfəqəsini verə və ona yetişə bilərsinizsə, dörd qadınla evlənməyiniz icazəlidir. Amma bu işə gücünüz çatmazsa, bir zövcədən artığı ilə evlənməyə haqqınız yoxdur.
İkinci ayədəki ədalətdə məqsəd isə qəlbi ədalətdir. Yəni siz zövcələriniz arasında qəlbi meylinizdə ədalət yarada bilməzsiniz. Ayənin davamı da bunu təsdiq edir: “Barı, (birinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə qoymayın.”
Deməli, bunlar arasında təzad yoxdur. Çünki mövzu eyni deyil.
Rəis təfsir kitabı istədi. Təfsir kitabına baxıb gördülər ki, bu mətləb kitabda nəql olub. Xülasə, mən bu sözlərlə onun fikrini batil etdim və haqq kimi qəbul olunmasına imkan vermədim.
Bu məsələdən sonra əmmamə üçün icazə almaqdan naümid halda idarəyə həmin rəisin yanana getdim. İçəri girəndə rəis məni çox böyük hörmətlə qarşıladı və mənə əmmamə üçün icazənamə təqdim etdi. Ayətullah əl-üzma Şübeyr Zəncani bu əhvalatı danışdıqdan sonra deyir: “Bu, nəfslə cihadın təsiridir. Nəfslə cihadın axirət savabından əlavə, dünyada da təsiri vardır.”/nur-az