Allahın əzəmətli adı Bələm Bauradan necə alındı?


Nəql edirlər ki, ibni Hənzələ İmam Baqirdən (ə) soruşur: “Ey mənim Mövlam! Mən güman edirəm ki, sizin yanınızda xüsusi məqamım vardır”.

Həzrət (ə) buyurur: “Bəli, elədir”.

İbni Hənzələ deyir: “Əgər belədirsə, Sizdən bir istəyim vardır”.

İmam (ə) buyurur: “İstəyin nədir?”.

Deyir: “İstəyirəm ki, Allahın əzəmətli adını mənə öyrədəsiniz”.

İmam (ə) buyurur: “Onu dərk etmək üçün taqətin vardırmı?”.

Deyir: “Bəli”.

Buyurur: “Otağa daxil ol”.

O zaman ki, İbni Hənzələ otağa daxil olur, İmam (ə) mübarək əlini yerə qoyur və otaq dərhal qaranlığa qərq olur. İbni Hənzələ fəryad çəkməyə və ağlamağa başlayır.

İmam (ə) buyurur: “İndi nə deyirsən? Sənə Allahın əzəmətli adını öyrədimmi?”.

İbni Hənzələ deyir: “Xeyr”.

Bu zaman İmam (ə) mübarək əlini yerdən götürür və otaq əvvəlki halına geri qayıdır.



Başqa hədisdə oxuyuruq ki, bir dəstə insan İmam Hüseynin (ə) yanına gəlir və Allahın əzəmətli adını öyrənmək istədiklərini bildirirlər. Amma, onu tələffüz etməkdən aciz qaldıqları üçün, istəklərindən əl çəkirlər.



Hədislərin birində oxuyuruq ki, Allah Təala Həzrət İsaya (ə) Öz əzəmətli adının iki hərfini öyrətmişdi və o Həzrət (ə) də, Allahın izni ilə həmin hərfləri deyərək, korları və əlacsız xəstələri müalicə edərdi.



“Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu”. (“Əraf” 175).

Əli ibni İbrahim Qumi bu ayənin təfsirindən sonra yazmışdır ki, atam İmam Rzadan (ə) nəql edirdi ki, o Həzrət (ə) buyurmuşdur: “Bələm Baura Allahın əzəmətli adına malik idi. Əzəmətli adın vasitəsilə dua edərdi və Allah da duasını yerinə yetirərdi. Sonda Firona tərəf meyil etdi. Onun saray əhlindən oldu.



Firon Musanı (ə) və tərəfdaşlarını tutmaq üçün ona müraciət etdi. Ona dedi: “Allahdan istə ki, Musanı (ə) və səhabələrini bizim tələmizə salsın”.

Bələm uzunqulağa minir ki, Musanı (ə) axtarmağa getsin. Uzunqulaq yol getməkdən imtina edir və Bələm heyvanı döyməyə başlayır. Allah Təala uzunqulağın dilində olan qıfılı açır və uzunqulaq deyir: “Vay olsun sənə! Məni nə üçün döyürsən?! İstəyirsən ki, mən səninlə gəlim və sən də Allahın peyğəmbərini (ə) və iman əhlini nifrin edəsən?!”.

Bələm bu sözlərdən sonra heyvanı o qədər döyür ki, nəhayət heyvan can verir. O andan sonra Allahın əzəmətli adı onun dilindən götürülür.



Quran onun haqqında buyurur: “Beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin(Musanın (ə) zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.

Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq”.



İmam Əlidən (ə) nəql edirlər ki, buyurmuşdur: “Mən əgər istəsəm, bu ayağımla Şamda olan Müaviyyənin sinəsinə vuraram və onu taxtından endirərəm”. (Həvzəh)
Görəsən insanlar niyə Asəfin gücünü inkar etmirlər, ancaq o zaman ki, iş Məsumlara (ə) gəlir, onu rahatlıqla inkar edə bilirlər?
Hər bir halda Allahın əzəmətli adı ən layiqli insanlara əta olunmuşdur ki, onların ən layiqlisi –Məsumlarımızdır (ə)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter