İmam Baqirin (ə) hədisinə əsasən insanların ən yaxşısı hansı əməl sahibidir?!


Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.(Mülk-2)

“İslaminSesi” – Qeyd etdiyimiz ayə öz kiçik həcmində ölüm, həyat, Allahın qudrət və rəhməti kimi bir neçə mənanı ehtiva edir. Həmçinin o cümlədən insanın hansı hədəflə yarandığını və onun vəzifəsini bəyan edir.

Quran insanın daima həyat imtahanı ilə üz-üzə olduğunu, hətta həyatının hər anını imtahandan ibarət olduğunu qeyd edir. Bu imtahan onun xoş günündə də, ağır günündə də onunla bərabərdir. İstər çətin vəziyyətdə olan zaman olsun, istərsədə əhvalının yaxşı olan bir vaxtında, insanın üzləşdiyi hər bir hadisə qarşısında göstərdiyi davranışı onun bu imtahana olan cavabıdır.

Bu kimi hadisələrdə Allahın bəyəndiyi tərzdə davranan insanlar ən xeyirli bəndələr hesab olunur. İmam Baqir (ə)-dan nəql olunan hədisdə buyrulur:
“Allahın rəsulundan (s) soruşdular ki, ən xeyirli bəndə kimdir? O həzrət (s) cavab verdi: Bir yaxşılıq etdikləri zaman sevinənlər, pis bir iş gördükləri zaman (peşman olub) bağışlanma diləyənlər, onlara bir şey əta olunduğda şükr edənlər, çətinliklər qarşısında səbrli olanlar, qəzəbləndikləri zaman əfv edənlər.”

Həqiqətən qəlbində yaxşılıqlara meyl olan, pis bir işə səbəb olduqda qəlbən peşman olan, gözü tox olan, ilahi nemətlərə şükr etməyi bacaran, səbli olmağı bacaran, insanlara qarşı mehriban olmağı bacaran, kinli olmayan birisi nümunəvi və xeyirli bir bəndədir. Qurani Kərim bu mətləbi qısa şəkildə belə bəyan edir:
“Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar” (Bəyyinə-7)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter