Hansı namazı Peyğəmbər (s) namaz hesab etmirdi?
Əbu Hüreyrə rəvayət edir ki, bir gün Peyğəmbər məsciddə idi. Bir nəfər də məscidə daxil olub namaz qılmağa başladı. Peyğəmbər kənardan ona baxırdı.
Həmin adam namazı çox tələsik və başdansovdu qılırdı. Qılıb qurtarandan sonra çıxıb getmək istəyəndə Peyğəmbərə salam verdi (yəni Onunla sağollaşdı) , Peyğəmbər onun salamının cavabını alıb buyurdu: \"Get, namazını bir də başdan qıl. Çünki sən namaz qılmadın\". O adam yenə həmin şəkildə namazını təzədən qıldı. Peyğəmbərə salam verib getmək istəyəndə o, həzrət yenə buyurdu: \"Namazını başdan qıl, çünki sən namaz qılmadın\". Üçüncü dəfə də bu hadisə təkrar oldu.
\"Səni vəhylə göndərən Allaha and olsun ki, mən başqa cür namaz qılmaq qaydası bilmirəm, Sən mənə öyrət\". Peyğəmbər buyurdu: \"Namaza başlayanda əvvəlcə təkbir söylə, sonra Qurandan bacardığın qədərini oxu.Sonra rükuya get və bədənin aram olana kimi rükuda qal. Sonra rükudan qalx, bədənin aram oluncaya kimi sakit dur. Daha sonra səcdəyə get və bədənin aram olana kimi səcdədə qal, səcdədən qalxıb bədənin aram olana kimi gözlə. Hər namazda belə et \".