Ağıldan zəif olanların Qiyamətdəki halı necə olacaqdır?


O kəslər ki, dünyada ağıldan məhrum olublar, onların axirətdəki halı necə olacaqdır?



İlk növbədə gərək bu həqiqətə diqqət edək ki, dinimiz o kəsləri vəzifə və təklif əhli hesab edir ki, ağla və şüura malik olsunlar. Əgər bu amil olmazsa, həmin şəxsin boynuna təklif düşməz. Ona görə cəza və savab da almaz.



Rəhmətlik İmam (r) bu insanlar haqqında buyurur: “Onlar idrak səviyyələrinə görə primitiv bioloji varlıq kimidirlər. Onlar üçün səadət və ya bədbəxtlik hökmü verilməz. Onların ancaq heyvani hissələri fəaliyyət göstərər. Baxmayaraq ki, heyvanlardan ali varlıq olsalar belə. Onlar bu ayəyə əsasən cəhənnəm əhli olmazlar: “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir”. (“İsra” 15).

Həqiqətdə demək olar ki, bərzəxdə ağıl sahiblərinin səadətinə deyil, heyvani səadət həddinə çatarlar”.



Allah hər kəsə bir istedad və qabiliyyət vermişdir. Əgər bütün insanlar eyni istedadlara malik olsaydılar, onda dünya rəngsiz olardı. Gözəlliklər və çirkinliklər üzə çıxmazdı.



İnsanların istedadlarından bəhrələnməkləri üç amildən asılıdır:

1. Genetik amil.

2. Mühit amili.

3. İnsanın göstərdiyi səy.



Hər bir halda əgər insanın istedadı az olarsa, dünya və axirətdə də gözləntiləri az olar.



Əgər insan hansısa nöqsana malik olarsa, üç haldan xaric olmaz:

- Ya öz əməlinin təsirindən olar.

- Ya başqalarının ona təsirindən olar.

- Ya da Allahın hikmətinə görə olar.



Əgər öz əməlinin təsirinə görə olarsa, deməli əməlinin əvəzini görər.

Əgər başqalarına görə olarsa, Allah onları cəzalandırar.

Əgər Allahın hikmətinə görə olarsa, Allah Təala həmin şəxsdən vacib vəzifələri götürər və ona nə cəza verər, nə də savab.



Hədislərdə oxuyuruq ki, Allah cahilin 70 günahını bağışladığı halda, alimin bir günahını bağışlamaz. Çünki alimin ağlı və elmi vardır.
Başqa hədisdə oxuyuruq: “Allah Təala ağla buyurur: “Həqiqətən, Mənim əmr və nəhyim səninlədir. Cəzam və savabım da sənin hesabınladır””.


Dəlilərin Qiyamətdəki halı dünyasını tez dəyişən körpələrin halı hökmündədir. Əgər mömin insanların övladıdırsa – behiştə daxil olacaq və valideynlərinə qovuşacaqdır. Əgər kafir və münafiqlərin övladıdırsa – əzab və cəza görməzlər. Çünki Allah heç kəsin günahını başqasının üstünə atmaz və ona görə onu cəzalandırmaz. Hər kəs yalnız öz əməlinin cəzasını çəkər. (Tebyan)

Mühüm olan budur ki, Rəhim Allah Qiyamət günü hər kəsə layiq olduğunu verəcəkdir. O da Allahın adil hökmündən razı olacaqdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter