Qurani-Kərim, Tövratı və İncili təsdiq edirmi?


Ulul-əzm peyğəmbərləri (ə) və onlara nazil olan kitabları tanıyaq:

1. Həzrət Nuhun (ə) səhifə kitabı.
2. Həzrət İbrahimin (ə) səhifə kitabı.
3. Həzrət Davudun (ə) Zəburu.
4. Həzrət Musanın (ə) Tövratı.
5. Həzrət İsanın (ə) İncili.
6. Həzrət Muhəmmədin (s) Quranı.



Quran sonuncu səma kitabı olaraq, özündən əvvəl gələn səma kitablarını təsdiq etmiş və onların Allah tərəfindən nazil olduğunu bəyan etmişdir. Əlbəttə ki, təhrif və dəyişdirilməmiş hissələrini.

Quranın bu deyilənləri isbat edən ayələrinə nəzər salaq:

1. “Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki, o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»”. (“Bəqərə” 91).



2. “Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır). Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar)”. (“Ənam” 92).



3. “Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik”. (“Maidə” 46).



4. “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»”. (“Bəqərə” 285).



5. “Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə, vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!”. (“Bəqərə” 79).



Bu ayələrdən göründüyü kimi, Quran sonuncu və ən kamil səma kitabı olaraq, digər səma kitablarını – onların təhrif olunmamış vəziyyətinə aid hissəsini – təsdiq edir və onlarda Allahın kəlamlarının olduğunu bəyan edir. (Beytutə)



Eyni zamanda, onları təhrif edənləri məzəmmət edir və əzabla hədələyir.



/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter