Zalımların zülmləri İlahi iradəyə söykənə bilərmi?
Dünyada baş verən bütün dəyişikliklər Uca Allahın iradəsi sayəsində baş verər. Qurani-Kərim bu haqda buyurur: “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).
Bəli, bu Allahdır ki, kimə istəsə qüdrət verər, kimdən istəsə onu alar. Məsləhət bildiyinə izzət verər və məsləhət bildiyini zəlil edər.
Allahın iradəsi səbəbsiz deyildir. Yaradanın hikməti əsasında, insanlığın mənfəəti üçündür. Onun yerinə yetirdiyi hər bir iş – ən gözəl işdir.
Ancaq burada bəzilərində belə bir sual meydana gələ bilər ki, hər kim hakimiyyətə çatar və ya ondan süqut edər – bu, İlahi iradənin nəticəsindədirmi? Halbuki, onun nəticəsi zalım insanların sayəsində baş verər.
Əgər tarixə nəzər salsaq, görərik ki, Yezid ibni Müaviyyə (lən) nə qədər kəbirə günaha batmış, nə qədər qətllər törətmişdir və öz cinayətlərini həyasızcasına həmin ayəyə istinad kimi vermək istəmişdi.
Bu, əslində necədir?
Bu sualın cavabında gərək deyək ki, bu ayənin ümumi bir mənası vardır və o da budur ki, bütün yaxşı və pis hökumətlər Allahın iradəsi əsasında olur – amma hamının başa düşdüyü mənada yox. Bir şərti dərk etmək lazımdır ki, Uca Allah dünyanın inkişaf etməsi üçün silsilə amillər xəlq etmişdir. Bu amillərdən istifadə etməyin özü – həmin İlahi iradədir.
Yəni, Allah Təala müəyyən səbəb-nəticə qanunauyğunluğunu yaratmışdır və hamı, o cümlədən zalımlar, bu qanunauyğunluqlardan istifadə edərək, müəyyən nəticələr hasil edə bilərlər.
Allah Təala bu dünyanı imtahan dünyası olaraq qərar vermişdir və insanlar bu İlahi qanunları necə tətbiq edirlər – bu mövzuda insanların seçim azadlığı və muxtariyyəti var. Və insan bu seçiminə görə, niyyətinə görə, əməlinə görə Allah qarşısında cavab verəcəkdir.
Ona görə də Allahın iradəsi deyildikdə, yəni müəyyən amillərin təsiri nəzərdə tutulur. Əgər zalım insanlar: Yezid (lən), Çingizxan, Firon, Hitler kimilər – bu amillərdən öz niyyətləri üçün istifadə edərlərsə və müəyyən nəticə əldə edərlərsə, bu, onların əməllərinin nəticəsi olar, İlahi iradənin deyil. (Tebyan)
Məhz ona görədir ki, Məsumlarımız (ə) buyurur ki, hər bir millət malik olduğu hökumətə layiqdir.
Ancaq əgər insanlar ayıq olsalar, o amillərdən zalımların istifadə etməsinə imkan verməsələr – ədalətli cəmiyyət meydana gələr. Bunun özü də həmin o insanların əməllərinin nəticəsi olar. Ona görə də məqsəd, bu İlahi amillərdən hansı hədəf üçün istifadə olunmaqdan asılıdır.
Həqiqətdə bu ayə insanları qəflətdən ayıltmaq istəyir. Buyurur ki, qələbə amillərindən bəhrələnməyi öyrənsinlər. Əgər onlara zalım insanlar hakim olmaq istəsələr, buna imkan verməməyi bacarsınlar. Xülasə, Allahın iradəsi – həmin səbəblər və amillərdir. Ondan necə istifadə etməyimiz isə bizim özümüzdən asılıdır./Deyerler.