Həzrət Mehdİnİn (ə) qeyb dövründə olmasının faydaları nədİr?


İndi ki, həzrət Məhdi (ə) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz yerinə düşər. Sual budur ki, İmamın (ə) qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın (ə) qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?
Nəzərə almaq lazımdır ki, İmamın (ə) qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin (ə) vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət (ə) camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır. İmam Sadiq (ə) buyurardı: “Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər. (Üsuli-kafi, c.1, səh.339.)
Həzrətin (ə) həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) sözündəki xalqın onu görə bilməməsindəki məqsədi onu tanıya, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.

Gizli Günəş
Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta həzrət Məhdi (ə) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (s) istərsə də İmamlar həzrət Məhdi (ə) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:
1) İslam Peyğəmbəri həzrət Məhəmməd (s) “Şiələr həzrət Məhdinin (ə) qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: “Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki, günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.” (Biharül-ənvar, c.52, səh.93, c.36. səh.250.)
2) İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala həzrət Adəmi (ə) yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi höccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar höccət olsun, istərsə də qeybdə və gizlində olan höccət. Əgər yer üzündə İlahi bir höccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (ə) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.” (Biharül-ənvar, c.52, səh.92.)
3) Həzrət Məhdinin (ə) özü də bu məsələ üzərində çox təkid etmişdir. O Həzrət (ə) İshaq ibn Yəqubun yazdığı suala cavab verərək buyurmuşdur: “Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.” Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq verməsidir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.
Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi, güllərin açılması kimi işlərdə təsiri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mənəvi şüasının da bir sıra təsirləri vardır ki, təlim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin təsirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.

1. Dünyanın döyünən ürəyi
İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin O, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiqin (ə) dili ilə desək “Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər.”( Üsuli-kafi, c.1, səh.179.) İmam Zeynülabidin (ə) buyurmuşdur: “Bizə görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq Öz rəhmətini yayır və yerdə olan nemətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz sakinlərini kamına çəkər.”

2. Allah dinini qorumaq
Əmirəl-möminin həzrət Əli (ə) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: “İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və Allahın höccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar itib batmasın...” (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.18, səh.347.)
Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi təlimlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bəzi təhriflərə məruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi təlimləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir. Hafiz ibn Həcər Əsqəlani “Səhih-Buxari” kitabına yazdığı şərhdə həzrət Məhdinin (ə) zühuru zamanı həzrət İsanın (ə) göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: “Həzrət İsanın (ə) dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir höccətsiz olmamışdır.”

3. Ümid vermək
Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiy-yəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlamaqda öz təsirini göstərir. Fransanın Sorbona universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Henri Korbin deyir: “Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübuvvəti (peyğəmbərliyi) həzrət Musa (ə) ilə qırılmış hesab edərək ondan sonra gəlmiş həzrət İsa (ə) və həzrət Muhəmmədi (s) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni həzrət İsa (ə) ilə sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, həzrət Muhəmməddən (s) o tərəfə getməmiş və nübuvvətin Muhəmmədlə (s) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə qalmadığına inanmışlar. Lakin şiə məzhəbi həzrət Muhəmmədlə (s) nübuvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan “İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter