Söyüş söymək heç bir halda olmaz. Bəs lənət necə?


Qurani-Kərimdə lənət sözü təxminən 40 dəfə, söyüş sözü isə 2 dəfə işlənmişdir. Quranda buyurulur: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. (“Ənam” 108).

Bu ayədə Allah buyurur ki, bütpərəstlərin bütlərini söyməyin ki, onlar da sizin Allahınızı söyərlər. Allah Təala buyurur ki, əlbəttə, onların müqəddəs hesab etdikləri heç də bəyənilən deyildir. Ancaq buna baxmayaraq, əgər siz onların müqəddəs hesab etdiklərinə pis söz desəniz, onlar da əvəzində sizin Allahınıza pis söz deyəcəklər.

Qurani-Kərimdə bəzən söyüş söymək yerinə bənzətmələrdən istifadə edilir: “Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir)”. (“Əraf” 176).

“Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri)neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər”. (“Cümə” 5).

Quran söyüş söyməklə bağlı başqa bir ayədə buyurur: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148).

Mərhum Şeyx Ənsari buyurur: “Dinin əsli – möminə ehtiramdır. O mövzular ki, yəqin olaraq isbat olmamışdır, bu ehtiramdan heç kəsi istisna etmək olmaz. O kəsdən başqa ki, aşkar şəkildə qeybət edər, söyüş söyər və bidət edər”.

Bəs lənət nədir?

Quranın nəzərinə görə, lənət heç də söyüş kimi məzəmmət olmamışdır. Düzgün və yerində olarsa, insan lənət vasitəsilə haqqı batildən ayırar, lənət ibrətə səbəb olar və zalımla mübarizə etməyin yollarından biridir.



“Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!”. (“Məsəd” 1).



Qurani-Kərim Həzrət İbrahimin (ə) dilindən buyurur: “Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: “Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram””. (“Zuxruf” 26).

“Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!”. (“Buruc” 4).
“Odur ki, Allahın lənəti olsun kafirlərə!”. (“Bəqərə” 89).
“Həqiqətən (Həzrət Muhəmmədin (s) peyğəmbərliyi və Kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. (“Bəqərə” 159).



“Doğrudan da, kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).

Beləliklə deyə bilərik ki, dinimiz söyüş söyməyi və pis söz deməyi qadağan etmiş və onu rəzil sifət adlandırmışdır. Bu sifəti möminə yaraşdırmamış və buyurmuşdur ki, dilinə kontrol etməyi bacarsın və pis sözlərdən uzaq olsun.
Ancaq əgər lənət barəsində gələn ayələrinə nəzər salsaq, görərik ki, lənət bəzən məzəmmət olunmuş və bəzi hallarda isə əksinə - tövsiyə olunmuşdur.
Əgər insan lənəti yersiz edərsə - günaha yol vermiş olar və tövbə etməlidir.

Lakin əgər haqqı batildən ayırlmaq üçün və düşməni tanıtmaq üçün dilinə lənət gətirərsə, bu əməl heç də məzəmmət olunmamışdır. Əksinə, əgər tarixə nəzər salsaq, görərik ki, İlahi peyğəmbərlərin (ə) əksər hissəsi öz qövmlərindən bezar olduqları üçün onları lənətləmişdilər. Allahdan onlara əzab göndərməsini istəmişdilər. (Tebyan)



“Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən(höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Həzrət Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) – oğulları, Həzrət Fatiməni (s.ə) – xanım və Həzrət Əlini (ə) – canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61).

Ona görə də söyüş söymək başqa bir şeydir, lənət etmək tamamilə başqa bir şey./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter