İnsan niyə söyüş söyür? Necə xilas olmaq olar?!
Dilin bəlalarından biri də söyüş söymək və pis sözlər deməkdir. İnsan bu zaman qəbahətli sözləri dilinə gətirər və qarşı tərəfə nisbət verər. İnsanlıq şənindən uzaq sözlərin dilə gəlməsi onun məqamını alçaldar və Allah yanında xar edər.
Ona görə də mömin gərək dilini bu kimi sözlərə adət etdirməsin, əksinə onları söyləməkdən çəkinsin və dilinə nəzarət etsin. Hətta istisnavi hallarda belə, dilinə hakim olmağı bacarsın. Bəs söyüş söyməyə hansı amillər səbəb olur?
1. Qəzəb. O zaman ki, insan başqa bir insandan narazı olur və qəzəblənir, ona əziyyət vermək istəyir. Söyüş yolu ilə onu incitmək istəyir. Yəni, söyüş söyməklə bir növ öz ürəyini sakitləşdirmək, onu incidən adamı sarsıtmaq istəyir. Halbuki, özünü həmin zülm edən insanla bir səviyyəyə qoyur.
2. Adət. O zaman ki, insan alçaq və fasiq insanlarla dostluq edir, istər-istəməz onların pis sözləri dilinə hakim olur və adət halını alır. Bu zaman insan dediyi sözlərə diqqət etmir və nə qədər çirkin bir iş gördüyünü hiss etmir.
3. Dəb. Təəssüf olsun ki, dövrümüzdə bayağı KİV-lərin aşıladığı personajlar – adətən primitiv və kobud insanlar olur. Onlar da pis sözlər deməkdən çəkinmirlər. Və bunun nəticəsində, yeniyetmə və gənclərin bir hissəsi, ekrandan onlara sırınan standartlara uyğun olaraq, pis sözləri deməyi bir növ dəbə uyğun hesab edirlər. Bir halda ki, özləri də bilmədən, hansısa səviyyəsiz rejissorun və ya prodüserin fantaziyasının məhsulu olan personaja təqlid edirlər – yəni marionetka rolunu icra edirlər.
4. Mədəniyyətin aradan getməsində maraqlı olan qüvvələr. Onu da qeyd etməliyik ki, hegemon qüvvələrin dünyaya yaydıqları “Hollivud standartlarına” əsasən, film qəhrəmanları adətən mütərəqqi, ziyalı və mədəni insanlar deyil, Qərb standartlarına uyğun bisavad və sərt hərbçilər/polislər/xüsusi təyinatlılar olur.
Əksər hallarda bu “qəhrəmanlar” içki düşkünü, siqareti dalbadal çəkən, necə gəldi yaşayan, ailəsi dağılan bir ünsürlər olurlar. Bunların leksikonu da adətən söyüşlə xeyli surətdə yoğrulmuş olur.
Bu, təsadüfi bir proses deyildir, əslində sağlam həyatı və düşüncəni, milli mədəni irsləri aradan aparmağa, qlobal əxlaqsızlığı yeritməyə yönəli proqramların icrasıdır. Və dünyanın bir çox yerlərində olduğu kimi, müsəlman ölkələrində də gənclər bu əldəqayırma “qəhrəmanların” həmişə düşmənə qalib gəlməsini, hər zaman uğur qazanmasını sanki real bir fenomen kimi qəbul edərək, təhtəlşüur səviyyəsində sırınan bu anti-mədəniyyətin qurbanına çevrilir, qlobal deqradasiyanın tərkib hissəsi olurlar.
Bəs bu bəladan necə xilas olmaq olar?
1. İnsan gərək qəzəbi yaradan amillərdən uzaq olsun ki, qəzəblənməsin.
2. Qəzəbini yatızdırmağı təmrin etsin və dilinə hakim olsun.
3. Alçaq və fasiq insanlarla dost olmasın.
4. Proqramlara və filmlərə baxanda, özünü “qəhrəmanlarla” assosiasiya etməsin, əksinə - tənqidi yanaşma sərgiləsin. Düşünərək, tamaşa etsin. “Bu personaj bu məqamda necə hərəkət etməliydi?” sualını hər zaman özünə verərək, düşünən tamaşaçıya çevrilsin.
5. Söyüş söyməyin acı aqibəti barədə düşünsün. İmam Sadiq (ə) buyurur: “Söyüş söymək – zülmdür. Zalım isə cəhənnəm atəşində qərar tutar”.
Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Mömini söymək – ölümə yaxın olmaq kimidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah, həyası və abırı olmayan söyüş söyənə ki, dediklərindən və ona deyilənlərdən qorxusu olmaz, təsirlənməz və narahat olmaz – behişti haram etmişdir”. (İslami saytlara istinadən)
İmam Baqir (ə) buyurub: \"Allahın pis dillidən, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr\".
İmam Baqir (ə) buyurub: \"Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər\". İmam Baqir (ə) buyurub: \"Alçaqların hərbə-zorbası – çirkin sözlər danışmaqdır\"./Deyerler.