Mömin sevincli olmalıdır, yoxsa kədərli?
Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) o peyğəmbərlərdəndirlər ki, zahidlik və Allah qorxusu sahəsində yüksək dərəcəyə çatmışdılar. Bir gün bu iki peyğəmbər bir-biri ilə rastlaşır.
Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”.
Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”.
Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər.
Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”. Bu mövzuda İmam Əlinin (ə) dəyərli bir kəlamı yada düşür: “Möminin şadlığı üzündə, qəmi isə qəlbindədir”. /Deyerler.