Həzrət Loğmanı bu cür hikmətli edən nə idi?


Bir nəfər Həzrət Loğmanın yanından keçir və görür ki, insanlar onu əhatəyə alıblar. Loğmana deyir: “Sən həmin qaradərili qul deyilsənmi ki, filan məkanda qoyunları otarırsan?”. Deyir: “Bəli”. Kişi deyir: “Səni bu məqama nə çatdırıbdır?”. Loğman deyir: “Düz danışmaq, əmanəti əda etmək, faydasız işləri tərk etmək”.

Loğman müdrik bir insan olmuşdur ki, onun adına Quranda surə mövcuddur. Allah Təala onun haqqında ancaq xoş sözlər deyir.

Təfsirçilərin nəzərinə görə o, Həbəşədən olmuşdur. İmam Əli (ə) bu haqda buyurur: “Loğman Həkim Həbəşədən olan qul idi”.

Loğman bir qul kimi Bəni-İsrayilə satılmışdı. Onun sahibinin adı Qeyn ibni Cəsər idi. Sahibi bu müdrik insanın ağıllı sözlərini və məntiqli fikirlərini görən zaman onu azad edir. Loğman bu yolla qul olmaqdan azad olur. O, Davud (ə) peyğəmbərin zamanında yaşamışdır və onunla yoldaş idi.

Loğman bir qul olmasına baxmayaraq, elə mənəvi məqama malik idi ki, Davud (ə) peyğəmbərlə eyni cərgədə qərar tuturdu.

İmam Sadiq (ə) Loğmanın şəxsiyyətini belə təsvir edir: “Loğmana verilən hikmət – nəsli və nəcabəti, malı, ailəsi, bədən qüdrəti, gözəlliyinə görə deyildi. O, Allah yolunda güclü insan, Allah haramlarına qarşı təqvalı, düzgün düşünən, fikir və nəzər sahibi idi. Qəlbini davamlı olaraq təfəkkürlə müalicə edərdi. Nəfsini ibrətlərlə tərbiyə edərdi. Dava edən iki nəfərin yanından keçib getməzdi. Məgər o halda ki, aralarında barışıq bərqərar edərdi. Heç bir zaman bir insandan yaxşı və bəyənilən söz eşitməzdi, məgər o halda ki, onu tərifləyərdi. Ondan soruşardı ki, bu sözü kimdən eşidibdir və təfsiri nədir? Müdriklərin və fəqihlərin məclislərində iştirak edərdi. Qazilər və padşahlarla ünsiyyət qurardı və onlara nəsihət verərdi ki, İlahi imtahana diqqət etsinlər və Allaha söykənsinlər. Davamlı olaraq elm axtarışında idi ki, onun vasitəsilə nəfsinə hakim olsun. Nəfsi istəkləri ilə mübarizə etsin. Heç bir zaman görmədiyi şey haqqında nəzər verməzdi”.

Quran bu müdrik insan haqqında buyurur: “Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir(nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)»”. (“Loğman” 12). İmam Musa (ə) həmin hikmətlə bağlı buyurur: “Bu hikmət – dərk və ağıldır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter