Sonuncu İmam (əc) harada məskunlaşıb?!


Hədislərdən belə məlum olur ki, o Həzrət (ə) camaat arasında yaşayır.
Südeyr Seyrufi, İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət buyurdu: “ Sahibul-əmrin (ə), həzrət Yusiflə (ə) oxşarlığı var. Ona görə ki, Yusifin (ə) qardaşları ağıllı və bilikli olduqları və öncə onunla ünsiyyətdə olsalar da, onun yanına daxil olanda o özünü tanıtdırmayınca onu tanımadılar. Onunla Yəqub (ə) arasında on yeddi günlük yol məsafəsi olsa da Yəqubun (ə) ondan xəbəri yox idi. Allah-taalanın Sahibül-əmrlə (ə) də belə rəftar edəcəyinə camaat nə üçün inanmasın? O Həzrət (ə) də camaat arasında olur, bazarlarına gedir, fərşlərinə qədəm qoyur, amma onu tanımırlar. Belə bir şəkildə yaşayacaq, Allah ona özünü tanıtdırmağa icazə verənədək.”
Bu hədisə əsasən, Əsrin İmamı (əc) Allahın xüsusi nəzəri altında bu dünyanın əqtar və əknafında gəzməkdədir. Hər il həcc mövsümündə Allahın evinə ziyarətə gedir, həcc mərasimində iştirak edir, camaat kütləsi isə onu görmür, yaxud da görüb tanımırlar. Ona görə də onun üzünü görmək şövqündə olanlar aləmə saçan o günəşin qeybət dövründə öz itirdiklərini həcc mövsümündə sorağını Məkkədə alır, həcc mərasimində o Həzrətin (ə) ayaq izini axtarırlar. Xoşbəxt insanlar onu görmək şərəfinə həcc mövsümündə nail olublar.
Rəvayətlərdən məlum olur ki, Qaib İmam (ə), böyük qeybət dövründə xüsusi, məkan və müəyyən şəhərdə həmişəlik məskunlaşmayıb oradan xaric olmağıyla digər şəhər və məkanları da şərəfləndiribdir. Bir yerdən digər yerə getməklə məkanı dəyişir.
İmamın (əc) harada məskunlaşdığına aid hədislərdə Mədinənin adına da rast gəlmək olar. İmam Sadiq (ə) böyük qeybət dövrü barədə söz açanda buyurub: “Pak ev üçün Mədinə necə də gözəl yerdir?!” İmam Həsən Əsgəridən (ə) soruşurlar ki, sizin üçün bir hadisə baş verərsə övladınızın sorağını haradan alaq?! Buyurdu: “Mədinədən”.
Bəzi rəvayətlərdə o Həzrətin (ə) Hicaz çölündə (Əvali qumluğunda) olduğu bildirilib. İbrahim ibn Məhziyarın rəvayətinə əsasən əsrin İmamının (əc) göndərdiyi şəxs o böyük şəxsin yanına geri çağırılan zaman o, Taifdən keçir, Əvali adlanan Hicaz çölünə yönəlib orada o Həzrətin (ə) xidmətinə çatır. Bu görüşdə İmam (əc) Məhziyara buyurub: “Atam mənimlə əhd bağlayıb ki, zəlalət əhlinin oxu mənə çatmasın deyə, ən gizli və ən uzaq yerlərdə məskunlaşım. Bu əhd, məni Əvali qumluğuna ( Nəcddən Təhamiyədək Hicaz çölünə) salıb.
Bəzi rəvayətlərdən də belə məlum olur ki, həzrət Vəliyyi-əsrin (əc) məskəni, uzaq yerlərdədir. Hicri təqvimi ilə 410-cu il, müqəddəs nahiyədən, Şeyx Müfid üçün sadir olan bir toqiyi şərifdə belə yazılır: “Biz ona görə əlçatmaz uzaq yerdə məskunlaşmışıq ki, nə qədər ki, dünya hökuməti pislərin əlindədir biz və bizim mömin şiələrimiz əlçatmaz-uzaq yerlərdə məskunlaşar. Amma sizdən xəbərimiz var və heç vaxt sizin xəbəriniz bizə naməlum qalmır. Bilirik ki, necə bəla, pərişanlıq sizə üz verir. O zamandan bəri ki, sizin çoxunuz elə işlərə əl atırlar ki, sizdən öncə olan salehlər onlardan uzaq olublar. Allahın onlardan aldığı əhddən sanki, xəbərsizcə üz çevirirlər. Biz sizi tərk etməmişik. Sizi unutmamışıq. Əks təqdirdə çətinliklər sizə üz tutar və düşmənlər sizin kökünüzü kəsər.”
Həmçinin əimməyə (ə) aid olan mötəbər mətnlərdə həzrət Məhdinin (əc) məkanı “Zi-Tuva” - dır. Həm kiçik, həm də böyük qeybət dövründə. Şeyx Tusi etibarlı sənədə əsasən nəql edib ki, Əbdül-Əla Ali-Sam dedi:
Həzrət Sadiq (ə) ilə çölə çıxıb Ruha nahiyəsinə tərəf getdik. Oradan aşağı enəndə Həzrət (ə) o nahiyə ilə şərəflənən bir dağa baxıb mənə buyurdu: “Bu dağı görürsən?! O dağa “Rəzəvi” deyirlər. O, fars dağları növündəndir. Allah bizi sevib ki, onu bizim tərəfə nəql edib. Bu dağda hər növ yeməli (məhsulu olan) ağaclar var. Qaib şəxsin yeridir ki, yenə də qaib olacaq. Təhlükəsiz və yaxşı yerdir. O iş Sahibi (əsrin İmamı) üçün o dağın bəzi yerlərində (Zi-Tuvaya tərəf işarə edərək buyurdu) qeybət dövrü var. O zamanadək ki, onun zühur dövrü çatsın. Ona xidmət edən dostlarından biri gəlib onun bəzi köməkçilərindən soruşar ki, “burada neçə nəfərsiniz”. Deyərlər : Qırx nəfərə yaxın.
Deyir: Sahibinizi görsəniz, nə edərsiniz?
Deyərlər: And olsun Allaha! O, bizi dağlara aparıb yerləşdirmək istəsə, əlbəttə ki, biz onun xidmətindəyik və ona itaət edəcəyik.”
Başqa bir yerdə Əbi Bəsirdən rəvayət edib: İmam Baqir (ə) buyurdu: “Həzrət Qaim, Bədr əhlinin (Bədr döyüşündə olan qoşunun) sayı qədər (313) kişi ilə Zi-Tuva dağının qoynundan çıxacaq. Həcərül-əsvədə söykənib bütün dünyaya qalib olacağı bayrağını dalğalandıracaq.
«Möcəmül-Bildan» kitabına əsasən Zi-Tuva (zəmmə ilə), Məkkədə bir yerin adıdır.
Deməli, bu son üç hədis və «Nüdbə» duasında ifadə olunan “Rəzəvi” və “Zi-Tuva” sözlərinə əsasən belə nəticə almaq olar ki, öncə o Həzrət Rəzəvi dağında, qeybətin sonu və zühura yaxın zamanlarda isə Zi-Tuvada olacaq. Bu söz, onun o iki dağdan birində daimi yerləşəcəyinə dəlalət etmir.
Eyni zamanda o Həzrətin hər bir yerdə hazır olduğu haqqında da xəbərlər var. Məsələn, Nomani, öz kitabında Südeyr Seyrufidən nəql edir ki, deyilən rəvayətlər ziddiyyət təşkil etmir. Çünki o Həzrət insandır. O, məskunlaşa və səyahət də edə bilər. Onların hər birinin öz yeri var. Çünki həmişə hər yerdə olan və məkansız təkcə Allah-taaladır.
İmam Sadiq (ə) buyurub: “Bu işin sahibinin (İmam Zamanın (əc)) bir evi var. O evə “Əl-həmd” deyirlər. O evdə bir çıraq var. O işin Sahibi (ə) üçündür. O çıraq yanır və İmam (əc) qılıncla qiyam edincəyədək yanacaq. «Nüdbə» duasında oxuyuruq:
“Kaş biləydik ki, sənin zühurunla ürəklər harada aramlıq tapacaq?! Hansı yerdə məskunlaşmısan?! Rəzəvi məntəqəsində, yoxsa Zi-Tuvada?
Başqa məlumatlardan anlaşılır ki, o Həzrət harda olsa onun məkanı da özü kimi qaibdir, gözə görünmür.
Rəvayətləri təhqiq edəndə məlum olur ki, əsrin İmamı (əc) öz məkanında tənha deyil. Bir qrup şəxs, bu təklik zamanında Həzrətin (ə) mübarək vücudundan qəriblik qübarını silirlər. İmam Sadiq (ə) onların sayının otuz nəfər olduğunu buyurub. Mərhum Mühəddis Nuri deyir ki, əgər bu otuz nəfər əsrin İmamı (əc) kimi uzunömürlü deyilsə, hər əsrdə onlar dəyişir və yeni şəxslər onlara qoşulur. Hər halda mömin və xoşbəxt insanlardan otuz nəfər o həzrətlədir və ona xidmət edirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter