Nə edək ki, qəlbimizin mənəviyyatı ölməsin?
Allahı zikr etməyin insan ruhuna və qəlbinə qurucu təsirləri vardır ki, onların bəzisi ilə tanış olaq:
1. Allah insanı yada salar. O zaman ki, insan Allahı zikr edər, Allah bu bəndəsinə nəzər salar və onu yada salar.“Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).
2. Qəlbi aydınlandırar. İmam Əli (ə) oğluna belə nəsihət verir: “Oğlum! Sənə İlahi təqvanı, Allah əmrlərinə itaəti, qəlbini və ruhunu Onu zikr edərək və İlahi kəndirə çəng vururaq abad etməyi tövsiyə edirəm”. Qəlb ölümünün qarşısını almağın ən təsirli yolu – Allahı yada salıb zikr etməkdir.
İmam Əli (ə) buyurur: “Allah Təala Özünü yada salmağı qəlblərin cilası qərar vermişdir ki, onun təsirindən qulaqlar ağırlıqdan sonra eşidər, gözlər korluqdan sonra görər, bu yolla düşmənçilikdən sonra ram olar”. (Həvzəh)
3. Qəlb aramlığı. Allahı yada salmaq qəlblərə aramlıq verər. “Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
4. Allah qorxusu meydana gələr. Allahın zikri möminin qəlbində xof və qorxunun meydana gəlməsinə səbəb olar.“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar”. (“Ənfal” 2).
5. Günahlar bağışlanar. “Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”. (“Əhzab” 35).
6. Hikmət və elm. Zikrin səmərəsi – ağlın püxtələnməsi və kamala çatmasıdır. Zikr səbəb olar ki, insanın idrak qüvvəsi güclənsin və fikirləri coşub daşsın. İmam Əli (ə) bu haqda buyurur: “Həqiqətən Allah Təalanın peyğəmbərlərin olmadığı və dinin süst olduğu zamanlarında bəndələri olmuşdur ki, Allah düşüncələrində onlarla danışmış və ağlları ilə söhbət etmişdir. Onlar hidayət çırağını gözlərdə, qulaqlarda və qəlblərdə ayıqlıq nuru ilə alovlandırmışdılar”./Deyerler.