Həzrət Mehdİ (ə) evlənİbdİrmİ?
Həzrət Mehdinin (ə) evlənməsi haqda iki nəzəriyyə irəli sürülmüşdür. Əgər biz bir mənalı olaraq evlənmədiyini söyləsək, heç bir eybi yoxdur. Çünki, o Həzrət (ə) qeybdə olmasına əngəl olacaq heç bir iş görməmişdir. Necə ki, evlənmək qeybət sirrilə ziddiyyət təşkil edərək o Həzrətin ifşa olunmasına səbəb olardı.
Digər tərəfdən o Həzrətin həyat yoldaşı və övladı olmasına dair heç bir qəti dəlil mövcud deyil. Eyni zamanda qeybət məsələsi evlənməkdən daha əhəmiyyətli olduğundan ola bilsin ki, Həzrət evlənmək kimi əhəmiyyətli bir məsələni ondan daha artıq əhəmiyyətə malik olan bir məsləhətdən dolayı tərk etmiş olsun. Və ola da bilsin ki, Peyğəmbərin (s) sünnətlərindən biri olan evlənməyi zühurundan, qiyamından sonraya salsın. Bir nəzərə görə ehtimal olunur ki, İmam kiçik qeybət dövründə evlənmiş olsun, böyük qeybət dövründə isə onu mühüm məsləhətə görə tərk etmiş olsun.
Bəzi dəlillər o Həzrətin (ə) xanımı və övladı olduğundan xəbər verir:
A) Ümumi qayda olaraq
Peyğəmbər (s) şəriətinin ümumiliyi onu tələb edir ki, İmam Zaman (ə) da digər məsum İmamlar kimi ailə qurmaqla cəddinin yoluna əməl etmiş olsun.
B) Rəvayətlər şahidlik edir
«Əl-Qeybət» kitabında Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) nəql edir:
«لا يَطّلع على موضعه احَدٌ مِن وُلدِه و لا غيره» ؛
“Onun olduğu məkandan nə oğlunun xəbəri var nə də ki, başqalarının”.
Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, o Həzrət buyurdu: «Sanki bizim Qaimin öz ailəsi ilə Səhlə məscidində namaz qılmasını görürəm.
Əbu Bəsir deyir: dedim: Sənə fəda olum Qaim hər zaman o məsciddədir? Buyurdu: Bəli.»
Əlbəttə bu rəvayətlərin sənəd və dəlillərini araşdırarkən qəti surətdə o Həzrətin (ə) övladı olduğunu isbat etmək olmaz.
C) Dua sözləri təsdiq edir
İbn Tavus İmam Rzanın (ə) həzrət Mehdi (ə.f) barəsində olan duasında belə nəql edir:
«اللهم صلّ على ولاة عهده و الائمّة من ولده».
“Allahım, salam və bərəkət göndər onun hakimlərinə və övladları olan rəhbərlərə”
D) İmamın övladlarının adı
Yetərincə nəql olunan rəvayətlər o Həzrətin (ə) övladları olmasından xəbər verir:
1. Tahir (Zahirə adlı bir adanın rəhbəri);
2. Qasim (Raiqə adlı bir adanın rəhbəri);
3. İbrahim (Safiyə şəhərinin hakimi);
4. Əbdur-rəhman (Tulum şəhərinin hakimi);
5. Haşim (Ənatis şəhərinin hakimi);
Zikr olunan şəhərlər barədə bəzi mənbələrdə söz açılmışdır. Ancaq mənbələr etibarlı deyildir.
Bəzi rəvayətlərə əsasən: “Hər İmam övlad sahibi olmalıdır, bir tək həzrət Mehdidən (ə.f) başqa ki, onun övladı yoxdur”.
Belə halda o Həzrətin (ə) evlənməməsi Peyğəmbər (s) sünnəti ilə müxalifət etməkdən ötrü deyil. Çünki, Həzrət (ə) digər insanlar kimi adi həyat tərzi yaşamır. Onun gizlin və tanınmaz yaşayış tərzi ilahi məsləhət üzündəndir. Misal olaraq deyə bilərik ki, İsa peyğəmbər (ə) və həzrət Xızr (ə) da sağ olmalarına baxmayaraq ailə həyatı qurmayıblar.