İmam Baqirin (ə) hədisində dünya hərisliyi nəyə bənzədilib?!
Kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır: Kafirlərin çox sərvətlə əzab-əziyyət çəkməsi
Hədis: İmam Baqir (ə): “Dünyada həris insan baramaqurdu kimidir. O, nə qədər çalışırsa, daha çox barama hörür və xilası daha da çətinləşir. Nəticədə hərisliyin və kədərin şiddətindən ölür”. (Kafi, c. 2, səh. 316, hədis: 7).
فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ
\"Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.\" (Tövbə, 55).
İzah: Quran, rifahı və firavan maddi imkanlara sahib olmağı kafirlər üçün başağrısı və çətinlik hesab etmiş və onlar üçün bir növ dünyəvi əzab kimi təqdim etmişdir. Bu mətləb bir çox ayələrdə - o cümlədən yuxarıdakı ayədə - bəyan olunmuşdur. Yuxarıdakı mətləbin izahı odur ki, kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır. Çünki bir tərəfdən onları ömürlərinin sonuna qədər hərisliyə və tamaha vadar edir, bir tərəfdən var-dövlətlərini qorumaq üçün iztiraba və təhlükəyə salır, digər tərəfdən isə ölüm zamanı bütün bu nemətlərdən vaz keçmək xoşagəlməz və acı olur. Bundan başqa, belə insanların həyatı bir çox hallarda paxıllıq, yersiz rəqabətlər və deprsessiya, ruh düşkünlüyü kimi psixi xəstəliklərlə keçir. Belə ki, həzz və şirinliklər onlar üçün zəhər-zəqquma çevrilir./nur-az