İmam Zaman ağaya (ə.f) 39 gün məktub yazan Seyyid Həzrətə nədən şikayət edir və nə istəyirdi?!
Seyyid Muhəmməd Cəbəl, əslən Cəbəl kəndindən idi. Ozamankı hökumət bu seyyidi orduya cəlb etməyə və zülm etməkdə şərik olmağa vadar etmək istəyirdi. O da bu aqibətdən yayınmaq üçün gizli şəkildə şəhəri tərk edir və Nəcəfə gedir. İmam Əli (ə) hərəminin kənarında sadə bir həyata başlayır.
O dövrdə gündəlik xərclərin ödənməsi də belə, çox çətin idi və güzəran ağır keçirdi. Seyyid Muhəmməd də əliboş halda vətənini tərk etdiyi üçün onun da maddi vəziyyəti ağır idi. Həyası və izzəti icazə vermirdi ki, hər kimsə onun halından xəbərdar olsun.
Ona görə də bəzən olurdu ki, bir neçə günü dalbadal ac və susuz qalardı. Hətta ən kiçik yeyəcəyi belə, əldə edə bilmirdi. Seyyid bu vəziyyətdən çıxmaq üçün hər nə qədər düşünürsə, çıxış yolu tapa bilmir.
Birdən belə fikir zehninə gəlir ki, İmam Zaman ağaya (ə.f) məktub yazsın və o Həzrətdən (ə.f) yardım istəsin. Bu məktubdan sonra 40 gün əməllərinə diqqət edir və xəta etməkdən çəkinir. (Həvzəh)
Özü ilə əhd bağlayır ki, hər gün məktub yazsın və səhər hava qaranlıq olan zaman şəhərdən çıxıb çaya və ya quyuya atsın. Seyyid bu işi 38 gün yerinə yetirir. Ancaq günün sonunda bir nəticə görməyəndə, çox narahat olur. 39-cu günü məktubu aparan zaman görür ki, kimsə onun arxasınca gəlir. Arxaya baxıb görür ki, bir ərəb qiyafəli kişi gəlir və Seyyidə yaxınlaşıb salam verir. Seyyidin halını soruşur və deyir: “Seyyid Muhəmməd! Artıq 39 gündür ki, özünü bu məkana çatdırır və suya atıb, geri qayıdırsan? Belə hesab edirsən ki, İmamın (ə.f) sənin hacətindən xəbəri yoxdur?”.
Seyyid Muhəmməd deyir: “Mən o ərəbin sözlərindən o qədər təəccübləndim ki, öz-özümə dedim: “Bu ağa kimdir ki, məni adımla çağırır? Mən indiyə qədər onu heç yerdə görməmişdim. O, mənimlə Cəbəl ləhcəsi ilə danışırdı. Halbuki, Cəbəldə heç kəs belə qiyafə geyinmirdi. Ona görə dəqiq bilirdim ki, o, Cəbəldən deyildir.
Mən bu 39 səhərdə evdən ehtiyatla çıxırdım ki, heç kəs məni görməsin. Bəs bu ağa haradan bilirdi ki, mən 39 səhər bura gəlir və məktub atıram?”.
Mən elə bu fikirlərdə idim ki, anidən özümə dedim: “Yəni, mümkündürmü ki, mən bu tövfiqə çatım və İmamı (ə.f) ziyarət edim?”.
İmamın (ə.f) zahiri ilə bağlı bəzi məlumatlarım var idi və ona görə çalışdım ki, bu ərəbi daha yaxından müşahidə edəm. Ona görə qərara aldım ki, ona əl verəm. Mən əlimi ona tərəf uzatdım və o, iki əlini mənə tərəf uzadıb, mənə əl verdi. O zaman ki, bir-birimizə əl verdik, artıq əmin oldum ki, qarşımdakı – Həzrət İmam Zaman ağadır (ə.f). Mən onun əlindən öpüb, qarşısında əyilmək istədim, ancaq İmam (ə.f) anidən yoxa çıxdı. Baxmayaraq ki, mənim maddi vəziyyətim düzəldi, ancaq Həzrəti (ə.f) görmək hicranı ömrüm boyu heç bir zaman bitmədi”./Deyerler.