Xristianların və müsəlmanların almalı olduqları dərs nə olmalıdır?!
Əgər Həzrət İsa (ə) bu gün bizim aramızda olsaydı, dünyada olan zülmlə mübarizə etməkdən əl çəkməzdi. Milyonlarla insanın aclıq və əziyyətinə dözə bilməzdi.
Həzrət İsa (ə) bəşəri nicata və nura çatdırmaq üçün məbus olmuşdur. Bir an belə öz risalətini unutmamışdır. Bu, həmin o dərsdir ki, gərək xristianlar və müsəlmanlar almağı bacarsınlar və ona əməl etsinlər.
“İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin”. (“Zuxruf” 63).
İsa ibni Məryəm (ə) insanlar üçün İlahi hidayət və rəhmət carçısı idi. O, şirk və zülm qaranlığında insanları nura tərəf aparan çıraq idi. Onun dünyaya gəlişi özü bir möcüzə idi və Allahın qüdrətinin nişanəsini bir daha insanlara göstərmiş və qəflətdə olanları ayıltmışdı.
“Və (İsanın məsələsi Bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki) əgər Biz istəsək siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik”. (“Zuxruf” 60).
O, Allahın seçilmiş peyğəmbəri idi və varlığı ətrafa ancaq müsbət enerji verirdi. Çox sayda tələbəsi və davamçıları olmuşdur. Həvarilər də onun səhabələrindən və tələbələrindən idilər. Hər bir dövrdə olduğu kimi, Həzrət İsanın (ə) da dövründə düşmənlər onun elm və mərifət bulağından sirab olan insanları görəndə həsəd aparmış və Peyğəmbəri (ə) öldürmək qəsdi etmişdilər. Onlar bu məqsədlərinə çata bilməmiş və yanılmışdılar.
Allah Təala bir daha öz möcüzəsini göstərərək, onu qeybə çəkmişdir və rəcət zamanı İmam Zaman ağa (ə.f) ilə birlikdə zühur edəcək və Yer üzündə ədaləti bərpa etmək üçün Həzrətə (ə.f) yardım edəcəkdir.
“Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsanın (ə) qətl planını cızanı onun, yəni Həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi)”. (“Ali-İmran” 54)./Deyerler.