İddİa olunur kİ, “İmam Zaman (ə) qeybətdə olduğu məkan olan sərdabədən zühur edəcək” doğrudurmu?
Abbasi xəlifəsi Mötəzidin xilafətinin başlanğıcında, hicri 279-cu ildə İmam Həsən Əsgərinin (ə) evində iki dəfə axtarış aparıldı. Bir dəfə Mötəzid üç nəfəri məxfi olaraq Həzrətin (ə) evinə göndərdi və göstəriş verdi ki, evdə kimi görsələr, öldürsünlər və başını xəlifəyə gətirsinlər. Bu üç nəfər evə daxil oldular və evdə gözəl pərdəli bir məxfi otaq tapdılar. Pərdəni qaldırdıqları vaxt sanki coşub-daşan bir dərya gördülər. Bu dəryanın qurtaracağında bir şəxs ayaqlarının altında həsir, suyun üzərində dayanıb namaz qılırdı. Otağa daxil olmuş məmurlardan ikisi suya girib irəli getmək istədilər. Amma qərq olmaq təhlükəsi ilə üzləşib geri qayıtdılar. Nəhayət, bu üç nəfər arasındakı başçı namaz qılan şəxsdən üzr istədi. Amma namaz qılan şəxs onlara əhəmiyyət vermədən namazına davam etdi. Xəlifənin göndərdiyi adamlar geri qayıdıb gördüklərini ona danışdılar. Xəlifə dedi: «Gördüklərinizi kimsəyə danışmayın».
Başqa bir dəfə də Mötəzid bu evə basqın etdi. İmam Həsən Əsgərinin (ə) evinə soxulmuş dəstə sərdabədə Quran qiraəti səsi eşitdilər. Sərdabədən kiminsə çıxacağını gözləməyə başladılar. Sərdabədə olan şəxs isə onların diqqətsizliyindən istifadə edib sərdabədən çıxdı. Dəstənin rəisi ətrafdakılara göstəriş verdi ki, sərdabəyə daxil olub, Quran oxuyan şəxsi tutsunlar. Onlar dedilər: «Məgər onun çıxıb getdiyini görmədinmi?» Dedi: «Bəs nə üçün onu tutmadınız?» Dedilər: «Biz düşündük ki, sən onu görürsən. Ona görə də hərəkət etmədik».
Şiə rəvayətlərində həzrət Mehdi (ə) ilə bağlı yalnız bu iki rəvayətdə sərdabə sözü işlədilmişdir. Bu iki rəvayət isə kiçik qeybdən on doqquz il sonraya aiddir. Həm də rəvayətlərdə Həzrətin sərdabədən çıxdığı bildirilir. Bu əhvalatlarda deyilənlərlə müxaliflərin uydurduğu əhvalatlardakı iddialar heç vəchlə uyuşmur. Şiələrin hər sübh və axşam sərdabənin qarşısında dayanıb, İmamın zühurunu gözləmələri tamamilə əsassız bir böhtandır.