İntİzarda olmanın nə kİmİ özəllİk və fəzİlətİ vardır?
İntizar haqqında gedən cavabımızda intizarın dəyəri, mükafatı, mənası, şəraiti və s. kimi məsələlərə aydınlıq gətirəcəyik.
İntizarın dəyər və mükafatı
Həzrət Mehdinin (ə.f.) zühur intizarının dəyəri haqqında bu gün əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onların bir neçəsini nümunə üçün qeyd edirik:
Allahın rəsulu həzrət Məhəmməd (s) buyurmuşdur:
“İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (əc.) zühurunun intizarıdır\".
Bir şəxs həzrət Əlidən (ə) soruşdu:
“Allah yanında ən sevimli iş nədir?”
Həzrət onun cavabında buyurdu:
“Həzrət Mehdinin (əc.) zühurunun intizarı\".
İmam Sadiq (ə) buyurmuşdur:
“Həzrət Mehdinin (əc.) İmamətinə etiqad bəsləməklə bərabər, onun intizarında olan halda vəfat edən şəxs, döyüş halında o Həzrətin öz xeyməsində vəfat edən şəxs kimidir\".
Həmçinin o həzrət buyurmuşdur:
“On ikinci İmam həzrət Mehdinin (əc.) intizarında olan şəxs, Allah Rəsulunun (s) hüzurunda qılınc çəkib, onun düşmənləri ilə döyüşən və o Həzrəti müdafiə edən bir şəxs kimidir\".
İntizarın mənası və şəraiti
İntizar gələcəyə ümid və hazırlıq mənasında işləndikdə çoxmənalı olur. Misal üçün, bir şəxsin var-yoxu olan yeganə bir övladı xəstələnərkən, həmin şəxs övladının səhhətinin intizarıyla ömür sürür. Yəni, mövcud halın aradan getməsini və onun sağlamlıqla əvəz olunmasını arzulayır. Beləliklə, intizar iki hissəyə bölünür:
1. Mövcud halın aradan qaldırılması;
2. Üstün bir halın onun yerini tutması.
Həzrət Mehdinin (əc.) inqilabının cahanşümul olmasına diqqət yetirsək, aydın olar ki, zühurun intizarında olmaq, kamil hazırlıq və belə bir əzəmətli hərəkat üçün zəmin yaratmaq tələb edir.
Əlbəttə, belə bir intizar gərək tərəqqi və inkişafın bütün sahələrini əhatə etmiş olsun. Misal üçün siyasi, iqtisadi, mədəni, əxlaqi və digər sahələrdə olan hazırlıq kimi. Daha aydın ibarəylə desək, intizar iki növdür:
Məsuliyyətsiz intizar (yaxud dağıdıcı intizar);
Məsuliyyətli intizar (yaxud qurucu intizar).
Müvəqqəti və səthi surətdə olan intizara məsuliyyətsiz intizar deyilir.
Təhrikedici, məsuliyyətli və ardıcıl inqilabi çalışqanlığa səbəb olan intizara püxtələşmiş intizar deyilir. Belə bir intizarın bir sıra şərtləri vardır ki, onları yalnız əməli şəkildə həyata keçirməklə əldə etmək olar.
Rəvayətlərdə də oxudunuz ki, intizarda olan şəxs Peyğəmbərlə (s) birlikdə düşmənlə döyüşən və Əsrin İmamının (ə.f) xeyməsində şəhid olan şəxs kimidir. Belə məlum olur ki, intizar təkcə söz, dua, bayram, məclis və şeir oxumaqla hasil olmur. Mühit aludəliklərdən təmizlənməli və onu müxtəlif sahələrdə islah etmək üçün geniş hazırlıqlar görülməlidir. Misal üçün, məscidə tez getmək və namaz qılmaq üçün intizarla əyləşməyin çoxlu mükafatı vardır. Lakin təkcə dəstəmaza, bədən və paltarının paklığına və qibləyə tərəf namaz qılmağa qane olan, namazın başqa şərtlərinə, o cümlədən qəsbi yerdə qılmamaq, xümsü əda etmək və başqalarının haqqına riayət etmək kimi şərtlərə əməl etməyərək batil namaz qılan şəxsin bu cür intizarının nə dəyəri vardır?!
Bir sözlə, hər bir inqilab o vaxt nəticə verər ki, əvvəlcədən müxtəlif sahələrdə onun həyata keçməsi üçün geniş və dərin bir zəmin yaradılsın. Baş verən inqilabın müqəddiməsiz və şəraitsiz qələbəyə yetişməsi mümkün deyildir.
Dünya inqilablarının ən əhatəli və ən mühümü sayılan həzrət Mehdinin (əc.) zühuru da bu qanundan müstəsna deyildir. Əksinə, cahanşümul olduğu üçün onun şəraiti daha geniş səviyyədə olacaqdır. Buna görə də, İslam rəvayətlərində ən yaxşı əməl və Peyğəmbər (s) hüzurunda qılınc çalmaq kimi qiymətləndirilmiş olan intizar, cəmiyyətdə reallaşmayan, təsirləri aşkar olmayan yalnız quru və zehni ümid deyil, əksinə, Peyğəmbər (s) hüzurunda düşmənlə döyüşmək məfhumunu özündə əks etdirən, səhnədə mübarizcəsinə dayanmaq və müxtəlif sahələrdə əməli hazırlıq görməkdir. İmam Sadiq (ə) buyurmuşdur:
“Sizin hər biriniz gərək Mehdinin (ə.f.) qiyamına bir ədəd ox əldə etməklə olsa belə, hazırlıq görsün\".
Yaxud “Nüdbə” duasının bir neçə cümləsinə diqqət edək:
“Haradadır övliyalara izzət bəxş edən şəxs? Haradadır düşmənləri xar, zəlil edən şəxs? Haradadır Quranı və onun hökm-lərini yaşatmaq üçün arzu olunmuş şəxs? Elə bir kəs ki, yol kəsən quldurlar belə onun zühurunun arzusu ilə yaşayırlar. Haradadır din və onun davamçı-larının nişanələrini dirçəldən şəxs?”
Geniş hazırlıq və fədakar dostlar olmadığı halda, belə bir parlaq və mühüm qələbəni əldə etmək mümkündürmü?