Hansı nəfslərlə mübarizə aparmalıyıq, hansılarla aparmamalıyıq?


İnsan iki tərəfdən vəsvəsə olar: şeytan (lən) və nəfsi istəkləri tərəfindən.
Nəfsin növləri ilə tanış olaq:

1. Nəfsi-mulhəmə. Bu nəfs həyatda insana ilham verər ki, hansı yolla hərəkət etsə, onun üçün daha yaxşı olar. Quran bu nəfs haqqında buyurur: “Və and olsun (insanın) nəfs(in)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 7-8).

Bu ayə buyurur ki, həmin nəfsə yaxşı və pis işlərin ölçüsü ilham olunar və insan başa düşər ki, hansı yol onu səadətə aparar. Ona görə də mübarizə aparmalı olmadığımız nəfslərdən biri budur.

2. Nəfsi-əmmarə. “Əmmarə” sözünün lüğətdəki mənası çoxlu əmr edən deməkdir. Bu nəfs insanı davamlı olaraq pisliklərə tərəf əmr edər. Onunla mübarizə aparmaq lazımdır.

“(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53).



3. Ləvvamə nəfsi. İnsan adətən pis bir iş görən zaman, nəfsi onu danlayar və peşman olmasına səbəb olar. Bu nəfs – ləvvamə nəfsdir. Həmin nəfs insanı ən çox günahdan saxlayan nəfsdir. “And içirəm Qiyamət gününə. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 1-2). Mübarizə aparmalı olmadığımız nəfslərdən ən əhəmiyyətlisi – bu nəfsdir.



4. Mütməyinə nəfs. Nəfs bəzən etiqad və elmi maarifi sayəsində şəkk vadisindən xaric olar. Özünü əmin olan bir vadiyə çatdırar. Belə bir nəfsə mütməyinə nəfs deyirlər. “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol!”. (“Fəcr” 27-29). Bəli, mübarizə aparmalı olmadığımız nəfslərdən biri də bu nəfsdir.

5. Raziyə nəfs. Nəfs həqiqətləri dərk edərək və əhkami fəlsəfə sayəsində İlahi qəzaya razı olar. Heç bir xoşagəlməz hadisəyə görə narazılıq etməz. Bu nəfs, raziyə nəfsdir. Bu nəfs də bəyənilən nəfslərdəndir və onunla mübarizə aparmaq lazım deyildir. Beləliklə deyə bilərik ki, nəfsin beş növü arasında mübarizə aparmalı olduğumuz nəfs – əmmarə nəfsdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter